Torpağın yaddaşını oxuyan alim – Şərafəddin İlkin yazdı

Torpağın yaddaşını oxuyan alim – Şərafəddin İlkin yazdı

Torpaq danışmır, amma yaddaşı var. Bu yaddaşda sözlər deyil, insan əməyinin, zəhmətin və məsuliyyətin izləri qalır. Bəzən bu izlər bir ömürdə cəmlənir və həmin ömür torpaqla insan arasında səssiz bir anlaşmaya çevrilir.

Torpağa yalnız üzərində gəzilən səth kimi baxmayanlar var. Onu ölçülən obyekt deyil, canlı sistem kimi anlayanlar var. Torpağın dilini elmin dili ilə oxuyan, onun taleyini qorumağı öz peşə borcu yox, mənəvi məsuliyyət sayan insanlar. Belə insanlar üçün torpaq tədqiqat mövzusu deyil, etibar edilmiş əmanətdir.
Bu etimad elmi də vicdanla ölçülən məsuliyyətə çevirir. Alim obrazı məhz burada formalaşır: laboratoriya ilə həyatın, nəzəriyyə ilə gerçəkliyin, xəritə ilə taleyin kəsişdiyi nöqtədə. Zaman keçdikcə bu yol fərdi uğur çərçivəsindən çıxaraq bütöv bir elmi düşüncə məktəbinə çevrilir.
Azərbaycan torpaqşünaslıq elminin dərin qatlarına hopmuş səssiz, amma möhkəm; iddiasız, amma təsirli bir yol var. Bu yol torpağı qorumağı elmin əsas şərti, elmi isə vicdanın davamı kimi qəbul edən bir alim ömrünün ifadəsidir. Bu akademik Qərib Məmmədovun ömür yoldur..
1947-ci ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Yeniyol kəndində başlayan bu yol torpaqla bağlılıq üzərində formalaşıb. Kənd mühiti, təbiətlə iç-içə həyat, torpaqla insan əməyinin ayrılmazlığı onun dünyagörüşünün ilkin sütunlarını yaradıb. Bu bağlılıq sonradan peşə seçiminə, daha sonra isə elmi taleyə çevrilib.
1965-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya-biologiya fakültəsinə daxil olan Qərib Məmmədov 1970-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. Elmi fəaliyyətə laborant kimi başlaması onun yolunun xarakterini mərhələ-mərhələ, zəhmətlə, iddiasız göstərirdi. Ardınca AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya rəhbəri və nəhayət institutun direktoru vəzifələrində çalışması bu ardıcıllığın məntiqi nəticəsi oldu.
1979-cu ildə fəlsəfə doktoru, 1992-ci ildə biologiya üzrə elmlər doktoru elmi dərəcələrini alması, professor adına layiq görülməsi, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilməsi onun elmi yolunun formal mərhələləri idi. Əsl mahiyyət isə aparılan tədqiqatlarda, formalaşdırılan elmi yanaşmada özünü göstərirdi. Torpaqların aqroekologiyası, bonitirovkası, ekoloji münbitlik modelləri, torpaq örtüyünün strukturası və coğrafi yayılma qanunauyğunluqları ilə bağlı tədqiqatlar Azərbaycan torpaqşünaslıq elminin fundamental bazasını formalaşdırıb. Ekoloji atlasların hazırlanması və Azərbaycanın ilk ekoloji konsepsiyasının işlənməsi isə alimin elmi baxışlarının miqyasını açıq şəkildə nümayiş etdirir.
Qərib Məmmədov elmi yalnız nəzəri müstəvidə saxlamayıb. O, torpaq elmini dövlət idarəçiliyinin praktik mexanizminə çevirə bilən alimlərdəndir. I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyəti, daha sonra uzun illər Dövlət Torpaq Komitəsinin, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri kimi çalışması torpaq siyasətinin formalaşmasında onun rolunu aydın göstərir. Əkinə yararsız torpaqların dövriyyəyə qaytarılması, ərzaq təhlükəsizliyinə yönəlmiş proqramlar, qaçqın və məcburi köçkünlər üçün torpaq sahələrinin ayrılması, Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi strateji enerji layihələrinin torpaq-xəritə təminatı bu fəaliyyətin konkret nəticələridir.
Bir jurnalist kimi onunla bir neçə dəfə ünsiyyətdə olmaq imkanım olub. Hər görüşdə elmi sanbal qədər sadəlik, rəsmi mövqe qədər insanilik hiss olunurdu. Dinləməyi bacaran, qarşısındakı fikrə hörmətlə yanaşan, vəzifəni insan münasibətlərindən üstün tutmayan ziyalı obrazı təsdiqini tapırdı. Bu xüsusiyyətlər onu yalnız böyük alim deyil, həm də əsl ziyalı kimi fərqləndirir.
2004-cü ildən Bakı Dövlət Universitetinin Torpaqşünaslıq kafedrasına rəhbərlik edən akademik bu gün də pedaqoji fəaliyyətini davam etdirir. Onun yetişdirdiyi yüzlərlə mütəxəssis respublikanın müxtəlif elm, təhsil və istehsalat sahələrində çalışır. 700-ə yaxın elmi əsərin, onlarla monoqrafiya, dərslik, metodik vəsait və patentin müəllifi olan Qərib Məmmədov üçün ən böyük uğur elmi düşüncəli, vətəninə bağlı kadrların formalaşmasıdır.
Bu gün akademik Qərib Məmmədov Azərbaycan ziyalılığının canlı simalarındandır. O, torpağın elmini yazmaqla yanaşı, torpağa sahib çıxmağın mənəvi məsuliyyətini də öyrədən alimdir. Onun həyat yolu göstərir ki, torpaq yalnız qorunan zaman dəyər qazanır, elm isə vicdanla birləşəndə gələcək yaradır.
P. S. Yanvarın 6-da qeyd olunan ad günü münasibətilə akademik Qərib Məmmədovu dərin ehtiramla təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür, elmi-pedaqoji fəaliyyətində davamlı uğurlar arzulayırıq. Zəhmət və vicdan üzərində qurulmuş bu ömür yolunun Azərbaycan elminə hələ uzun illər işıq tutacağına inanırıq.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: