Azərbaycan bədii ədəbiyyatı keşən yüzilliyin sonlarından yeni sosial-siyasi hadisələrin zəminində formalaşan və özünün ayrıca açıqfikirliliyi, plüralizmi ilə yeni bir ədəbi mərhələyə qədəm qoyur. Yeni duyğu və düşüncələri ilə bölgələrdə də heyrət doğuran yaradıcı güclər görünməyə başlayır.
Son illər Azərbaycanın bölgələrində yaşayıb fəaliyyət göstərən, bədii yaradıcılıqla ciddi məşğul olan fədəkar müəllimlərimizə az da olsa rast gəlirik. Rəna Nəcəf qızı Abdullayeva belə müəllim-yazıçıdır. Sosial şəbəkələrdə də öz fərdi yaradıcılıq keyfiyyətləri ilə seçilən Rəna xanım bizdən çox da uzaqda olmayan gizli tarixi reallıqların nühüm bir parçasını bədiiləşdirə bilmişdir. Romanı oxuyursan və görürsən ki, O, bədii vicdan və əxlaqımızda, yüksək ziyalı ünsiyyətində bənzərsiz intellekti ilə o dəqiqə seçilir. Müəllif bu əsərini detektiv-kriminal romam adladırmaqda da haqlıdır. Bu kontekstdə onun psixoloji ustalığı, sövet rejiminə, həmin mühitə münasibəti çox aydın şəkildə üzə çıxır. Psixoloji ustalıq onun, necə deyərlər, tolerantlığı ilə birləşir. Tolerantlıq yazıçının təsvir etdiyi dövrə münasibətində, obraz və personajların hərəkət tərzində, əxlaqında, davranışında, ətraf aləmi duyma bacarığında, inam, fikir və ideyalarında özünü göstərir. Elə burada Rənanın xarakterində, istedadında, özünəməxsusluğunda müşahidə olunan identliklə tolerantlıq üzvü şəkildə birləşir, çulğalaşır, bu zaman etnik və professional stereotiplər eyniləşir, bu, məncə, tibbdə olan immun sistemini xatırladır.

Romanda 70 illik totalitar bir rejimin maymaq, səriştəsiz rəhbərliyinin günahı ucbatından üzdə olan insanlarının cinayətləri, özbaşınalığı, dəhşətli kriminal durum yaratmaları və s. təsvir olunur. Hadisələrlə yaxından tanış olanda o dövrün işlərinə, gizli qruplaşmalarına, mafioz dairələrinə də adamda nifrət hissi baş qaldırır.
Rəna xanımımın bu əsərdə yaratdığı surətlər tipik sovet adamlarıdır. Bütün hərəkətləri, ağrı-açıları, qisas almaq duyğuları, eləcə də qayğı və düşüncələri ilə birlikdə. Hiss olunur ki, o, romanı yazmazdan öncə belə bir kriminal durumu dərindən öyrənmişdir, bəlkə də bəzillərini hardansa eşitmişdir.

(Rəna Nəcəfqızı. Qara gözlü bilərzik. Detektiv-kriminal roman. “Mücrü” nəşriyyatı, 2025, 216 s.)
Cəbrayıl həyatda öz yerini tapa bilmir. Yazıçı bu adamın tipik xüsusiyyətlərini sadə ştrixlərlə, canlı lövhələrlə təqdim edir. R.Abdullayevanın qəhrəmanları daim səksəkə içərisindədir, onlar məhz bu dünyanın yetirdiyi tipik qadınlar və kişilərdir. Onlar dinamikaları ilə bu sayaq hisslərlə yaşayırlar. Bir anlıq tez-tez təkrar olunan qorxulu hisslərin təsirinə düşən qəhrəmana elə gəlir ki, onu hər yerdə izləyirlər, hər addımına nəzarət edirlər. Həmin dolaşıq həyat tərzinin, insan düşüncələrinin burulğanında boğulan insanın işində oturmuş qızıl, brilyant istəyi, varlanmaq etirası və bunu əldə etməyin qorxusu, gözə görünməz, ağla gəlməz hərəkətləri oxucunu əsəri oxuya-oxuya, necə deyərlər vahimləndirir. Hadisələrin belə gərginləşib kulminasiya nöqtəsinə çatdığı, oxucunun intizarda qaldığı bir məqamda yazışı gözlənilmədən düyünləri aşır. Oxucuda heyrət qarışıq bir təbəssüm də yaranır.
Kriminallıq o zamanın da gizli həqiqətlərindən biri idi. İçi-gücü olmayan Nuralar kəndinin adamları kriminal duruma rəhbərlik edən Bakıdan vurub Tiflisdən çıxan adamları cinyaət işlərinə cəlb edir, pulun müqabilində adamlar, bəlkə də günahsızlar öldürülür, onlar daha da azğınlaşır, fəallaşır, həyata daha dərindən nüfuz etməyə başlayırlar. Belələri ilə yanaşı, dövrün gedişinə, ictimai-siyasi proseslərinə münasibətdə ayıq-sayıq olan, düzgün mövqe tutanlar da vardır. Bu konturları yazıçı məharətlə xarakterizə edə bilmişdir.
Yeri gəlmişkən qeyd edək ki, Rəna romanın təkcə, məzmun-ideyasını deyil, dili üzərində ciddi işləmişdir. Yeni doğulanlar, soveti görməyənlər üçün Rəna Abdullayeva maraqlı təəssürat yaradır. Geniş təcrübə və yaradıcılıq uğuru olmasa, bu çətin mövzunun öhtəsindən Rəna xanım gələ bilməzdi. O, böyük zəhmət və istedadı sayəsində kriminal mühitə, cinayətkar hadisələrə də möhür vura bilib. Rənanı nədənsə istəməyənlər də var, olsun, amma o, başını aşağı salıb yazır, özü də vicdanla yazır, arxada qalan quruluşun, cəmiyyətin eybəcərliklərini, bəlalarını, kriminal vəziyyətini üzə çıxarır, yer üzünün əşrəfi olan insanın saflaşması üçün əlindən gələni etməyə səy göstərir, ancaq bu qədər işlərlə özünü təbliğ etmir. Kim olsa…
Rənanın yaradıcılığı elə də çox öyrənilməmişdir. Əslində onun yaradıcılığında bu günümüz, gələcəyimiz üçün öyrənməli şeylər çoxdur. Xalq yazıçımız Süleyman Rəhimovun bir fikri var: “qoy, axırda qələmi barmaqlar arasından (indi isə, kompüterdən) zorla dartıb çıxarsınlar”
Rənanın təhkiyəsi son dərəcə təmkinlidir. Təbii və dürüst məlumatlar müəllif tərəfindən inandırıcı boyalarla təsvirini tapır.
“Qara gözlü bilərzik” daha mükəmməl romandır. Sovet adamlarının əlaqələri zəmində sosial və kriminal həyatın geniş ictimai planda bəsii təsviri burada verilir. Mürəkkəb və bütün ziddiyyətləri ilə. Ədəbiyyatımızda elə mövzular vardır ki, onun bədii tablosunu yaratmaq olduqca çətindir. Müəllif təsvir etdiyi dövrün həm işıqlı, həm də qaranlıq tərəflərinə nəzər salır.
“Qara gözlü bilərzik”də söhbət nədən gedir, getsin, məsələlər necə qoyulur, qoyulsun, əsas qüvvə insandır, insan mənidir. Rəna xanım personajlarınının hər birini ziddiyyətləri, öz talelləri, öz düşüncə tərzi ilə verir. Onlar hardasa birləşir, hardasa ayrılırlar. Müəllif kriminal dünyanın müdhiş hadisələrini sovet dövrünün ictimai-siyasi həyatı fonunda verir. Bəzi qətl məqamları, qəddarlıq, vəhşilik insan psixologiyasında dəhşətli vahimələr yaradır. Vahilənmək ehtirası insanlara hakim kəsilir, onlar “pulun, qızılın, brilyantın, var-dövlətin əsiri olurlar”
İnsan inkişafı dövründə simasını, müsbət keyfiyyətlərini itirir, narkobiznes mühitinə tanınır. Bu, Elza adlı bir xanıma aid edilə bilər. Vaqif Yusiflinin yazdığı kimi, onun biləyindəki bahalı bilərzik mənəvi alıminə, madiyyata, rəzilliyə sürükləyir. Romanda milyonlar dəyərində brilyant qaşlı bilərzik simvola çevrilir. “Qara gözlü bilərzik” əldən-ələ keçir, sanki insanları sınağa çəkir” (s.4)
Cəbrayılın törətdiyi qətllər, cinayətlər nə qədər anaları gözü yaşlı qoyur. Rənanın ideyası: “İnsan anadan təmiz, saf doğulur, sonra isə mühit-şərait, aldığı tərbiyə və həyat onun kompasına çevrilir”
Briliyant və narkotik alveri cəmiyyətin müəyyən təbəqəsinin məşğuliyyətinə çüvrilir.
Mafiya başçısı Ayka saxta təbəssümləri ilə oxucu nifrətini qazanır.
Cəbrayılın düşüncəsində “qanına qəltan eləmək” hərəkəti hər an baş qaldırır.
Yaradılmış dəstələr insanları günahsız yerə məhv edilir.
Faciəli ölümlər tez-tez baş verir. Qisas hissi püskürür. Cəza üsulu fərqlidir; Tərlanı ölümcül döyərək, boğaza qədər torpağa basdırırlar. Tərlan: _Qardaşlar, o, Aykadı, Laykadı, nə zibildi, bilmirəm, onun başını kəsib Georginin qəbrinin üstünə gətirməsəm, şalvarımı çıxarıb tumanla gəzəcəyəm”-deyir.
Svan kriminalları cinayətkar qrupa ayrılır, planlı şəkildə işlərini görürdülər.
Kriminal vəziyyətin təsviri bəzən oxucuda təşviş, qorxu yaradır. Bununla belə, rəylərdən də görünür ki, roman həvəslə oxunur, bədii hadisələr yadda qalır, oxucunu mənən zənginləşdirir. Romanın dilinin sadə və aydınlığı, ifadə sərbəstliyi, mənalı və dinamik mükalimələr, dəhşətli, faciəli hadisələr barədə orijinal mühakimələr, oxucunu düşündürən və narahat edən bir sıra suallara ağlabatan cavablar və s. cəhətlər əsəri xarakterizə edir.
Romanın ayrı-ayrı hissələri kriminal vəziyyət üzərində köklənmiş, təsəvvürə gələ bilməyən hadisələri də görə bilirik. Müəllif Cəbrayılı cüsəlli, çox çevik, qorxu bilməyən bir surət kimi canlandırır. Amma, nə olsun ki, o, cinayətkardır. Etdiyi cinayətinin sayı-hesabı yoxdur. Atasının qatilindən qisas alır. Onun əlində adam öldürmək, qarışqa əzmək kimi bir şeydir. Anasının tapşırığı onun üçün qanundur. O etdiyi əməliyyatları növbə ilə edirdi. Anasının ona verdiyi tapşırığı yerinə yetirməli idi. Arvadı Sənubər ona xəyanət etmişdi. Sahə müvəkkili Təvəkküllə… Anası ona:-Ana-bala ikisini də aradan götür. Öldürüləcək adam haqqında qabaqcadan plan qurulur, cinayəti həyata keçirmək üçün yollar axtarılır. Cəbrayıl Talıbı ələ alır, pul, qonaqlıq verir və ona xəyanət edən arvadını bu yolla aradan götürmək istəyir. Amma Talıb zəhəri pomidor turşusunun içinə atmır. Cəbrayıl Tülk ləqəbini qazanmışdı. O, Talıbın badəsinə dərman atır, onun arvadı Məsuməni isə çəkic zərbələri ilə yerə sərir. Cəbrayılın anası Elza“Qaragöz” əməliyyatından sonra gəlini Sənubərlə sahə müvəkkili Qurbanovu aradan götürməyi planlaşdırır. Qızıllar iydə ağaçınım dibində basdırılmışdı. Saranı da zəhərləyib öldürmüşdülər. Sənubər xəyanətinin qurbanı olur, əri onu da, sahə müvəkkilini də bıçaq zərbələri ilə öldürür.
Göründüyü kimi, vəhşiliyin təsviri romanda qoyulur. İnsan, insanı nə kökə qoyarmış. Müstəntiq Ağalarov heyrətlə soruşanda:- Cəbrayıl, hər iki meyitin üzərində olmazın vəhşiliyini etmişdin, daha nələr edəcəkdin?
_Gərək diri-diri dərilərini soyaydım, dırnaqlarını çıxaraydım, gözlərini oyaydım. Onları öldürməyə çox tələsdim. O şərəfsizlərin mənə etdikləri xəyanətin ağrısını qəbir evində də çəkəcəyini bilirəm (s.206)
Cəbrayılın məlum olan və bəlli olmayan törətdiyi cinayətlərin sayı-hesabı yoxdur. Cəbrayıl hər an ölümünü gözünün önünə gətirir, heç nədən qorxmur. Cəbrayıl təcrübəli canidir. Cəbrayılın müstəntiqə: _Göbələklər hər mövsümdə çıxır, amma onu dərənlər kökündən qopardıqlarını sanırlar” (s.208)
Cinayətkar dəstə o yerə əl atırlar ki, müstəntiq Ağalarovun məktəbli oğlunu qaçırırlar, oğurlayırlar, beləliklə ondan bilərziyi peşəkarlıqla alırlar.Gürcüstandan gəlmiş quldur dəstə “Qaragöz” əməliyyatı Cəbrayılın anasının planı üzrə hərəkət edirlər. Cəbrayıl milisə könüllü təslim olur. Bilərzik heç kəsə səadət, bəxtəvərlik gətirmir.
Müasir oxucu və tənqidçi artıq əvvəlki səviyyəsində deyil, yüzilliyin əsəblərini, streslərini yaşayan, dövrün, zamanın məzmununu əks etdirən insani zənginliyi, dolğunluğu ilə ifadə edən sənətin təşnəsidir. Bəli, tanınmış yazıçı R.Abdullayevanın yaradıcılılğından ötrü isə həcm, tutum ölçüsü, məncə, yoxdur. Mənə elə gəlir ki, meyar onun yaradıcılığının bədii keyfiyyətində, bir yazar kimi onun axtarışlarında, ideyalarında, eləcə də bədii sözün təkrarsızlığındadır. Bax, bu kimi keyfiyyətlər Rənanın bədii əsərlərinin, o cümlədən, “Qara gözlü bilərzik” romanının doğurduğu heyrətdir.
Şübhəsiz, son dərəcə aktual olan bu mövzunun dili və üslubu da cəlbedici və vüsətlidir. Fikri, təsvir olunan zidiyyətli, mürəkkəb, qorxunc hadisələri, prosesləri təsirli ifadə edən üslubi-emosional və ekspresiya yaradan vasitələri tapmaq imkanları R.Abdullayeva tərəfindən, əlbəttə, asan başa gəlmir. R.Abdullayeva ana dilimizin ifadəlilik əlamətlərini estetik amillər təşkil etdiyi üçün onun qanunauyğunluqlarını, incəliklərini bir sənətkar duyumu ilə axtarıb tapa bilir. Əminik ki, ona görə də bölgədə yaza-yaza, pedaqoji işlə məşöul ola-ola Azərbaycan bədii fikrinin ən dəqiq, ən tutarlı, ən gözəl örnəklərini innən belə də yaradacaqdır. Onu da qeyd edə bilərik ki, təsvir olunan qorxunc hadisələrdəki təbiilik, təkmil süjet, yetkin obraz-xarakterlər silsiləsi R.Nəcəfqızının virtual dünyasının, tolerantlıq düşüncəsinin mükəmməlliyini bir daha göstərir. Beləliklə, oxucu “Qara gözlü bilərzik” romanından xoş təəssüratla ayrılır, yadında da çox şey qalır. Romanın davamı var, onu səbirsizliklə gözləyirik.
İsmayıl Kazımov
Professor.
AMEA Dilçilik İnstitutu
















