
Bütün mübarizələr insan həyatına əzab, zillət, narahatlıq gətirir, hətta müharibələrdən də çətindir. Əgər müharibədə bir anın içində ölmək təhlükəsi varsa, mübarizədə insan məşəqqət dolu günlər yaşamalı olur…
Düşünmürəm ki, yaşadığı ölkənin iqtidarına müxalif olmaqdan əzablı ikinci bir nəsə ola bilər. Dürüstlük insanı xalqına sevdirməyə qadir olsa da, amma xoşbəxt olmasında əhəmiyyətli rol oynaya bilməz…
Doğrudur, əqidəli olmaq şərəfdir, başucalığıdır, fəqət onun əzablarına dözmək çox çətindir. Əqidə elə bir yoldur ki, bu yola çıxan adamın geriyə dönməsi mümkün deyil, qarşıda isə onu bitib tükənməyən zülmət qaranlıq gözləyir…
Tofiq Yaqublu sözün əsl mənasında mübariz, dürüst və əqidəli siyasət adamıdır. Başına nə gəlirsə, bu xüsusiyyətlərinə görə gəlir. Bəlkə də Azərbaycan müxalifətində onun qədər əqidəsini bakirə saxlayan ikinci bir siyasət adamı yoxdur. Sual olunur, tutaq ki, ölkəyə rəhbərlik etmək ona həvalə olunsa, qarışıq dünyanın fitnə-fəsadından baş aça biləcəkmi?..
Bu ölkənin tərəqqisini istəyənlərdən çox, iflasını, məhvini arzulayanlar var. Boylanın şimala, cənuba, şərq və qərbə görün nə qədər məkirli düşmənlərimiz gecə-gendüz axtarışdadır. Mən hələ daxildəki vətənini, xalqını öz şəxsi maraqlarına satanları demirəm…
Bəli, Tofiq Yaqublu mübariz, dürüst, əqidəli siyasət adamıdır. Sinəsində döyünüb, ona rahatlıq verməyən isə, sözün əsl mənasında DƏLİ ÜRƏKdir. Belə adamları islah etmək çox çətindir…
Tofiq Yaqublunun ölkəmiz üçün heç bir təhlükəsi yoxdur. Bu gün hakimiyyət ondan qat-qat güclüdür. O, hətta hakimiyyətə qarşı nə etsə belə, zəif kütlənin məhəbbətindən başqa, heç nə əldə edə bilməyəcək. Ölkədə ağıllı adamlar çoxdur, onlar yaxşı başa düşürlər ki, bu gün yalançı qərbin, hiyləgər şərqin təzyiqlərinə qarşı duruş gətirə bilən yeganə rəhbər varsa, o da İlham Əliyevdir…
Amma bu ölkənin bir vətəndaşı, sıradan bir soydaşı kimi Tofiq Yaqubluya heyfim gəlir. Görürəm, sosial şəbəkələrdə onun azad olunmasını istəyən adamlar az deyil. Hərəsi də bu istəyi bir cür ifadə edir- kimisi qəzəblə, kimisi düşünmədən, kimisi də təmkinlə…
Bəli, Qarabağın FATEHİ, hiyləgər dünyanın təzyiqlərinə mərd-mərdanə sinə gərən, dövlətimizi fitnə-fəsaddan qoruyan, yenilməz Ali Baş Komandan, cənab İlham Əliyevdən bu ölkənin adi bir vətəndaşı kimi acizanə xahiş edirəm ki, bir BÖYÜK kimi mərhəmət göstərib Tofiq Yaqublunu cəsurluğuna bağışlasın, əhv etsin. Heyfdir…
Hörmət və ehtiramla, Elman Eldaroğlu