Tarixi… Zaman və Elm kimi Əxlaq Kodeksinə çevirən Ləyaqətli İnsan

Tarixi… Zaman və Elm kimi Əxlaq Kodeksinə çevirən Ləyaqətli İnsan
I

Azərbaycan Əhali Sayına görə dominantlıq, aborigenlik baxımından məhdud çevrəyə malik, Tarix Xronologiyası baxımından çox nəhəng və qədim ölkədir! Dünyanın “Tarixi Şəxsiyyətlər siyahısı”nda isə Yer kürəsinin bir çox üstün xalqları ilə döş-döşə gələ biləcək potensialda!

Eynən dədəm Məmmədə dediyim kimi, “Azərbaycanda nə qədər ləyaqətli adam var, salamımı alır, almayanlar da hələ tamaşa edir ki, haracan dik qalıram” tipində: Dünya(nın siyasi nəhəngləri, iqtisadi sindikatları, elm-fəlsəfə, ədəb(iyyat) və əxlaq (mədəniyyət, incəsənət) dühaları) Azərbaycanın salamını alır! Almayan bir-iki təkəbbür dağarcığı da zamanla pəs edəcək!
Siyasi etirafa iqtisadi-hərbi gücün dəstəyi ilə uzun zamanda nail olmaq olur, fəqət elm və əxlaq ildırımsürətli şansdır! İllah da ki, zərurət və ehtiyac bunu diqtə edirsə! Onda ünvan göstərməyə əlinin altında FÖVQƏLBƏŞƏR İMZAya malik olmalısan – hətta əsrlərin belə salamlayıb qarşıladığı və növbəti əsrə təhvil verdiyi!
Bu baxımdan ölkəmiz də, xalqımız da, dövlətimiz də tam qürurlu bir trio təmsilçisi! Hərçənd bəzən hakimiyyətlər xalqı biri digərindən ayırmağa təşviq edir – amma Tarix və Tanrı daşları-pazlları yerinə qoyur! Revtavrasiya və Reabilitasiya zatən də Tarixin Zamanla etdiyi loğmanlıqdır!
Bütün dəqiq – təbiət elmlərinin belə qarşısında hər zaman maneələr olub, bu maneələr və maneçilik humanitar bölümlərdən də yan keçməyib, ilk növbədə Tarixdən və Tarix elmindən!
Hər bilimin yönündən asılı olmayaraq, fəlsəfəsi var!
Tarixin fəlsəfəsində bir gözəllik də odur ki, ƏDƏBİYYATŞÜNASLIQ NƏZƏRİYYƏSİ onun ilham pərisi olur!
Daha çox Tarixin və Tarix Elminin bədii ifadə və təsvir vasitələrinə ehtiyacı var, yoxsa QURU STATİSTİKA VƏ XRONİKİ ARDICILLIQ yorucu edərdi bu qədər gözəl Tarixi və Tarix Elmini!
Əlbəttə ki, ədəbiyyatşünaslıq nəzəriyyəsinə və ədəbiyyat təmsilçilərinə ən yaxşı assisti-ötürməni Sərkərdələr və (tarix elmi ilə məşğul olan) Alimlər edir. Bircə qalır ki, bu Tarixi uğurlarıyla, qələbələri ilə gələcək nəsillərə (pafossuz, amma bəzəyərək, metafora ilə) çatdırmaq, Dövlətin Tarix Fondunu zənginləşdirmək!
Azərbaycanda yaşanan (nə keçmiş, nə də indiki) tarixi qələmə almaq, tədris səviyyəsinə qaldırmaq, Ali səviyyədə təqdim etmək hələ də qənaətbəxş deyil!
Bu qədər zəngin tarixə malik olduğumuz halda bu qədər kasıb baza ilə meydana çıxmağımız iradlarımın təsdiqidir! Halbuki…
Bir Anar Camal oğlu İsgəndərovumuz var: Milli Məclisdə deputatımız – millət vəkilimizdir. Bakı Dövlət Universitetində də kafedra müdiri, professor.
Adamın həyatı mübarizədə keçib! Həyatı mübarizədə keçdiyi kimi, yazdığı əsərlər də sovet dönəminin tarixçiləri tərəfindən ciddi müqavimətə rast gəlib. Son nəticədə qalib gələn elə Anar İsgəndərov olub. Onun qələbəsinə xeyrin şər üzərində qələbəsi də demək olar!
Anar müəllimin özünün də etiraf etdiyi kimi, tarixçilərdən üstünlüyü yox, bir fərqi var: yaşadığı həyatını qələmə ala bilib, bilir!
Mənim üçün Anar İsgəndərov Bakı Dövlət Universitetində tələbəlik dövrümdə (1985-1992) və ondan sonrakı 35 il ərzində “Tələbəni Hamiliyə Götürən Qəyyum – Pedaqoji Ata” statusunda olub!
Tələbə tanıyıram ki, atası şərlənərək həbs olunub, amma tam dörd il adı Anar müəllimin stolunun üstündə olub – bir an diqqətdən kənar qoymayıb! Bunu həmin dövrdə nə tələbə bilib, nə də şərlənərək həbs olunandan sonra Müzəffər ABK, cənab Prezident İlham Əliyevin əfv etdiyi Ata! Üstündən 15 il keçəndən sonra tam təsadüf nəticəsində Ata xəbər tutub!
Pedaqoji fakültələrdə ünlü pedaqoqların atalıq qayğısı ölkə ictimaiyyətinə tez çatır. Filologiyada, jurnalistikada, kitabxanaçılıq fakültəsində oxuyanlar bu və ya digər şəkildə Mir Cəlalın, Bəxtiyar Vahabzadənin, Bəxtiyar Əliyevin, Qulu Xəlillinin, Pənah Xəlilovun, Məmməd Xələfovun, Nəsir İmanquliyevin, Şirməmməd Hüseynovun, Tofiq Rüstəmovun, Akif Rüstəmovun, Nəriman Zeynalovun və başqalarının İNSDANLIQ VƏ PEDAQOQLUQ MANİFESTİNİ qələmə alıblar! Amma bəs axı orada mexmatdan Arif Babayev də olub, Şəfaət Mehdiyev də geofakdan, şərqşünaslıqdan Ələsgər Məmmədov da böyük kişilərdən və böyük pedaqoqlardan olublar!
Tarix fakültəsindən… Anar Camal oğlu İsgəndərovu tam-tamına o siyahıda şərəfli bir müəllim ömrü yaşamış pedaqoq kimi qeyd etməyi cəsarətlə təklif edirəm! Anar İsgəndərovda daha özəl bir fərqli keyfiyyət üstünlüyü var: Anar Camal oğlu YEGANƏ PEDAQOQdur ki, auditoriya onu hamılıqla və yekdilliklə salamlayır!
Anar Camal oğlu YEGANƏ MM millət vəkilidir ki, onu hamılıqla və yekdilliklə seçiciləri salamlayır!
Bir az irəli gedib deyim ki, Anar İsghəndərov həm Heydər Əliyevin, həm də İlham Əliyevin YEGANƏ təbliğatçılarındandır ki, onu dinləyən, onunla görüşə gələn heç bir azərbaycanlıda AQRESSİYA yaranmır təbliğat mühazirələrini oxuyanda – bilirsiniz niyə? Çünki digər vəkil edilmişlərdən fərqli olaraq, Anar İsgəndərov nə rüşvət alır, nə də korrupsiyaya bulaşıb, heç bir biznesə də sahib deyil!
Məhz Anar Camal oğlu İsgəndərov kimi vəkilə görə deyə bilirik: a bala, ay başbilən, İlham Əliyevi təbliğ etməyə göndərəndə Anar İsgəndərov kimi ləyaqətli alimləri, millət vəkillərini göndərin. Çünki seçici qarşısında harın, rüşvətxor məmur, millət vəkili, savadsız universitet müəllimi görəndə seçici fikirləşir ki, bu hələ məmurdur belədir, gör bunun prezidenti necə olar!? Yoxsa ki, seçici dəqiq bilir ki, bu dəyyus nəinki oğluna-qızına, qardaşına-bacısına, onların ələngələrinə, hətta gəlininin əmisi-bibisi-dayısı-xalası uşaqlarınacan rüşvətxorluğu, korrupsionerliyi, oliqarxlığı hesabına gün-güzəran qurub, elə əldə etdiyi sərvətə görə yalandan İlham Əliyevi tərifləyir, yaltaqlanır!
Hə-ə, Anar İsgəndərov kimi əli-ayağı təmiz, niyyəti saf, həyatı pak biri tribunaya qalxanda, insanlarda bir əminlik yaranır: rüşvət almadan da, korrupsiyaya bulaşmadan da, həm elmə, həm xalqa, həm də dövlətə xidmət etmək olar!
Və… həmin Anar İsgəndərovun 70 yaşı tamam oldu!
İkinci dəfə deputat seçilib – heç bircə nəfər seçici də, hətta ən qatı müxalifətçi-separatçı da demir ki, seçki saxtalaşdırıldı! Çünki Anar İsgəndərov namizədi olduğu dairədə İSTƏNİLƏN NAMİZƏDdən bütün parametrləri ilə ucada duran ŞƏXSİYYƏTdir – pedaqoq kimi də, ictimai-siyasi dövlət xadimi kimi də!
Nəyi vəd edirsə – bilirlər ki, vədinə əməl edəcək!
Kimi təbliğ edirsə – bilirlər ki, yaltaqlıqdan və öz iyrənc niyyətindən yana eləmir, ürəkdən inanaraq və ürəkləri inandıraraq edir!
Anar İsgəndərov heç deputat olmasa da, onun Tarix qarşısında Tarixçi Alim kimi borcudur Müzəffər ABK İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş sərkərdə obrazını dərslik olaraq yazsın! Milli Məclisi TAM TƏRKİBDƏ yeniləyən İlham Əliyevin uğurlarından danışmaq, yazmaq, təbliğ etmək onun həm vətəndaş, həm də millət vəkili kimi konstitusional mükəlləfiyyətidir! Zatən də adam Azərbaycan Tarixinin bütöv bir mərhələsinə böhtançı tarix müncər edilməsi ilə savaşa çıxan və bu savaşı udan nəhəng alimdir!
Mən kreativ və uğurlu bir bənzətmə tapanda, lakin onu təyinləməyə obraz görməyəndə, o tapıntı mənim ruhumda “bədxassəli şiş”ə çevrilir – bilmirəm, fiziklərdə, kimyaçılarda, riyaziyyatçılarda da belədir, ya yox, ancaq mən həddən artrıq pis ağrıyıram, sürəkli axtarış aparıram o ifadəni ehtiva edən obraz üçün!
Bilirsinizmi özümü nə qədər xoşbəxt saydım düşünəndə ki, Anar İsgəndərov həm pedaqoq, həm də millət vəkili kimi yeganə adamdır ki, onu həm auditoriyada, həm də tribunada YEKDİLLİKLƏ HAMI SALAMLAYIR qənaətinə gələndə?
Belə təyini Anar İsgəndərov əxlaqına, yaşam tərzinə, əməli fəaliyyətinə görə haqq edir!
Əziz oxucu, mənim xoşum gəlir dediyim sözün ekvivalenti “valyuta”ya – qızıla bərabər olsun. Sizin oxumağınız üçün yazdığım hər cümlə qızılla ekvivalentdir. Baxın, ikinci və üçüncü bölümə, görün 70 yaşa çatmış KİMSƏSİZ bir elm adamı bizim “yaşamaq olmur” dediyimiz dönəmdə – 70 ildə necə LƏYAQƏTLƏ yaşayıb və elmə, xalqa, dövlətə qənirsiz xidmət edir!
Elmi töhfələrinə, araşdırmalarına baxın, mükafatlarına baxın, görün nəyisə yanlış, nəyisə artıq hesab edə bilirsinizmi!?
Edəməzsiniz, əsla! Çünki… VAXTSIZ RƏHMƏTƏ GETMİŞ Anasının hüzurunda hesabat verərkən Dövlət, Ölkə, Xalq qarşısında təzim edirmiş kimi məruzə edir!
II
Bu yerdə mən bir LİRİK RİCƏT yapmaq istəyirəm:
“Anamdan sonra yaşadıqlarım:
Əziz anam, 1975-ci ilin sentyabrında bizi tərk etdin. 74-cü ilin yanvarında Bakıda ağır xəstəlikdən əməliyyat olunanda ikinci kursun tələbəsi idim. Sənin vəfat gününə qədər nə üzüm güldü, nə də tələbəliyin şirinliyini daddım.
ADU-nun (indiki BDU) tarix fakültəsinin üçüncü kursuna təzə başlamışdım. Sənin ölüm xəbərin gəldi. Səni dəfn edəndən sonra beşinci kursu bitirənə qədər ayağım kəndə dəymədi, daha doğrusu, kəndə gedə bilmədim. İlk qələmə aldığım xatirəm səninlə bağlı oldu. Həmin xatirəni indi də oxuyanda göz yaşlarımı saxlaya bilmirəm.
Universiteti bitirən ili təyinatımı başqa rayona götürmək istədim. Daşınıb-düşünüb qərarımı dəyişdim. Yetim qalan bacı-qardaşlarıma görə, rayona qayıtmağa qərar verdim. Amma sənin yoxluğunla barışa bilmədim. Həyatımın üç il yarımını ağrılı və məşəqqətli keçirdim. Balalarına hər vasitə ilə həyan oldum, sənə verəcəyim ürəyimi onlara verdim. Sonrasını məndən soruşma…
Kolatana gəlin gələndən bəri ən böyük arzun hər cür rahatlığı olan bir evdə yaşamaq idi. İllər boyu bu geniş həyətdə yaraşıqlı bir ev arzuladın, amma sənə qismət olmadı. Sənin arzunu vəsiyyətə çevirib o evi tikdim. Heyif ki, sən o evi görmədin. Doğrudur, bu işləri görmək çox çətin oldu, Allah öz mərhəmətini məndən əsirgəmədi. Bu yolda rayonun birincisi başda olmaqla çoxları ilə tutaşdım. Bu üç il ərzində anladığım bu oldu: “Ədaləti kənddə axtarma!” Əlində Quran gəzdirən də öz marağı üçün doğrunu yalan kimi qələmə verə bilir. Amma istədiyimə çatdım. Evin üstü örtülən günün səhərisi doğulduğum kəndi tərk etdim, ümidimi Bakıya bağladım.
25 yaşında Bakı yenidən məni öz qoynuna aldı. Daha tələbə deyildim. Harda iş tapa biləcəyim məlum deyildi. Ən çətini, şəhərə qeydiyyatım yox idi. Qeydiyyat olmadan Bakıda işə girmək mümkün deyildi. Qeydiyyat üçün ilk müraciət etdiyim yer Ceyranbatan oldu. Ata tərəfdən mənə əmioğlu hesab olunan və Ceyranbatanda yaşayan həmin xeyirxah insan qəsəbə sovetinin sədri ilə görüşdü. Ceyranbatanın qəsəbə sovetinin sədri Kolatandan idi. Heç mənimlə görüşmək istəmədi. Ruhdan düşmədim.
Beş il tələbəliyimdə iki kolatanlıdan xeyirxahlıq görmüşdüm. Biri Pasaj bazarında mənə yarım kilo noxud, birisi isə Ceyranbatandan Bakıya gedən avtobus pulumu vermişdi. Kolatana borcum bu qədər idi. Üçüncüyə borclu qalmadım, çünki Ceyranbatanda qeydiyyata düşə bilmədim. Ceyranbatanda vəzifə sahibi olan kolatanlı ilə Kolatandakı məmurlar arasında fərq yox, böyük oxşarlıq gördüm.
O zaman AZİ adlanan Azərbaycan Neft və Kimya İnstitutunda çətinliklə olsa da iş tapa bildim. Lökbatan qəsəbəsində qeydiyyata düşəndən sonra AZİ-də Fəlsəfə kafedrasında kabinet müdiri kimi işə başladım.
Kafedranın müdiri Abbasqulu Ağa Bakıxanovun tədqiqatçısı, böyük ziyalı, təmənnasız insan, ciddi xarakter sahibi, fəlsəfə elmləri doktoru, professor Ənvər Əhmədov idi. İki il onun rəhbərliyi altında işlədim. Allaha şükür ki, Ənvər Əhmədovun məktəbini mükəmməl keçə bildim. Bu məktəbin ilk tezisi: heç vaxt tələbənin cibinə girmə. Girmədim. İkincisi, qız uşağına qiymət yazanda xəsislik etmə, həm də bir az səbrli ol. Axı səni dünyaya gətirən anan da qız olub. Nə xəsislik etdim, nə də səbrsizlik. Üçüncüsü, ixtisasına mükəmməl sahib ol, amma qürrələnmə, elm sonsuzdur. Qürrələnmədim.
Həyatda ayaq üstə dura bildiyimə görə göydə Allaha, yerdə valideynlərimə və orta məktəb müəllimlərimə nə qədər borcluyamsa, Ənvər Əhmədova da o qədər borcluyam. Düz iki il yanında işlədim, savadına qibtə etdim, tərbiyəsinə vuruldum, insanlarla münasibət qurmaq və kafedranı ədalətlə idarə etməyi mənim sonrakı həyatımda böyük rol oynadı.
AZİ-də fəlsəfədən saathesabı dərs deyir, kabinet müdiri və azad komsomol təşkilatı katibi kimi çalışır və hər üçündən əmək haqqı alırdım. Amma təhsil aldığım Bakı Dövlət Universitetini unutmur, nəyin bahasına olursa-olsun, ora can atırdım. Vaxt tapan kimi Universitetə qaçır, aspirant dostlarımla bir yerdə olurdum.
Düz iki ildən sonra – 1984-cü ilin fevralında 1999-cu ildən rəhbərlik etdiyim kafedraya baş laborant əmrimi ala bildim. Bunu sözlə ifadə etmək mənim üçün çətindir. Desəm ki, AZİ-dən qurtuldum, səmimi qəbul edin.
Bu tədris ocağında qeyri-milli bir mühit var idi. Ali məktəbdə rus-erməni-yəhudi düşüncəsi hakim idi. Desəm ki, milli düşüncə bu ali məktəbə yad idi, mənə “şişirdirsən”,- deməyin. Əgər rayonlarından gənclər qəbul olunmasaydı, bura milli məktəb demək günah sayılardı”.
III
İndi də bu Tarixçi Alimi elə tarixi ardıcıllıqla təqdim etmək istəyirəm:
Anar Camal oğlu İsgəndərov 10 yanvar 1956-cı ildə Masallı rayonunun Kolatan kəndində anadan olub, 1963-1973-cü illərdə Kolatan orta məktəbində təhsil alıb, 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil oxuyub, təyinatla Masallı rayonuna göndərilib, 1978-1981-ci illərdə əvvəl Boradigah qəsəbə orta məktəbində direktor müavini, sonra isə Kolatan orta məktəbində tarix müəllimi işləyib. Ardınca A. İsgəndərov 1982-1984-cü illərdə Azərbaycan Neft və Kimya Unstitutunun fəlsəfə kafedrasında kabinet müdiri, neft-kimya fakültəsinin komsomol katibi seçilib və saathesabı qaydada dərs deyib. 1984-cü ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında baş laborant, 1985-1989-cu illərdə mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının ilk aspirantı olub. 1989-cu ildə Respublikada ilk dəfə Tarixşünaslıq və mənbəşünaslıq ixtisası üzrə dissertasiya müdafiə edib və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 1993-cü ildə dosent elmi adını alıb. 1999-cu ildə Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri seçilib, hazırda da həmin kafedraya rəhbərlik edir. Onun rəhbərliyi altında Respublikada Mənbəşünaslıq və tarixşünaslıq problemləri üzrə elmi məktəb yaradılıb və bu elmi məktəb uğurla fəaliyyət göstərir. 2004-cü ildə “Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Həmin il Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildə professor elmi adını alıb. Respublikada və ölkədən kənarda Azərbaycanın XX əsr tarixinin görkəmli mütəxəssislərindən biri kimi tanınır. Onun 1997-ci ildə nəşr olunan “1918-ci il Mart qırğınının tarixşünaslığı” adlı monoqrafiyası Azərbaycan tarixşünaslığının böyük uğuru kimi qəbul olunub. O, ilk dəfə 1918-ci il Mart soyqırımı ilə bağlı 90 il ərzində yazılmış əsərləri dövriyyəyə cəlb etmiş və tarixşünaslıq baxımından onların elmi cəhətdən tənqid və təhlilini verib. 70 illik sovet dönəmində İttifaq miqyasında Mart soyqırımı ilə bağlı yazılmış əsərləri böhtançı tarix kimi əsaslandırmağa nail olub. 2003-cü ildə geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Azərbaycan Xalq Cümhuriyyəti” adlı monoqrafiyası və “Azərbaycan Xalq Cümhuriyyəti” biblioqrafik əsəri işıq üzü görüb. Onun 2006-cı ildə “Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” adlı fundamental əsəri təhsilin magistr pilləsi üçün dərslik kimi nəşr olunub. 2011-ci ildə Azərbaycan, rus və ingilis dillərində “ Azərbaycan ərazisində erməni quldur və terrorçu birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar” adlı yaddaş kitabçası çap olunub. Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən işğal olunması, ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi, 1915-1920-ci illərdə Osmanlı və Azərbaycan ərazilərində türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlar və Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan tədqiqat əsəri 2011-ci ildə ABŞ-da “ Realites of Azerbaijan: 1917-1920” adı altında nəşr edilib. Əsərə görkəmli ABŞ tarixçisi Castin Makkarti ön söz yazıb. Bu əsər ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifin əsəridir. 2019-cu ildə Azərbaycan, ingilis, rus dillərində “Qafqaz İslam Ordusu və Azərbaycanın xilası” monoqrafiyası, “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı: Bakı Dövlət Universiteti”( üç dildə) və “Bakı Dövlət Universiteti: 100 ilin elm və təhsil məbədi” kitabları işıq üzü görüb.
Onun rəhbərliyi altında 25 nəfər namizədlik, 5 nəfər doktorluq dissertasiyası müdafiə edib. Hazırda onun rəhbərliyi altında 10 əyani doktorant, 8 nəfər dissertant dissertasiya üzərində tədqiqatlarını davam etdirir. Tarix elmləri doktoru proqramı üzrə 6 elmlər doktorunun elmi məsləhətçisidir. Ötən bu illər ərzində 20 monoqrafiyası, 10 dərs vəsaiti, 350-dən çox elmi məqaləsi çap olunub, 50-dən artıq kitabın elmi redaktoru, elmi məsləhətçisi və rəyçisi olub. “Azərbaycan tarixşünaslığı”, “Azərbaycan tarixinin mənbəşünaslığı”, “ Azərbaycanın tarixi coğrafiyası” dərslikləri Respublikada ilk dəfə Anar İsgəndərovun müəllifliyi və elmi redaktorluğu ilə nəşr olunub. Qeyd olunan dərsliklər Respublikanın bütün ixtisas ali məktəblərində tədris olunur.
Mütəmadi olaraq, Beynəlxalq və Respublika elmi konfranslarında Azərbaycan tarixinin aktual problemləri ilə bağlı maraqlı məruzələr edir. Gürcüstanın dövlət arxivlərindən və Əlyazmalar İnstitutundan 1823-1918-ci illərdə Tiflisdə fəaliyyət göstərmiş Qafqaz Müsəlmanları Ruhani İdarəsinin tarixinə dair 80 min, Türkiyə Cümhuriyyəti arxivlərindən isə 10 min səhifə sənədi Azərbaycana gətirmişdir.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2021-ci ilin martında partiyanın VII qurultayında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü seçilmişdir. O, 2003 və 2008-ci illərdə Prezident seçkiləri dövründə İlham Əliyevin seçki kampaniyasında təbliğat və təşviqat qrupunun üzvü olmuşdur.
2010-1018-ci illərdə Respublika Bilik Cəmiyyətinin xətti ilə respublikanın rayonlarında Ümummilli lider Heydər Əliyevin müstəqillik, azərbaycançılıq məfkurəsi və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə həsr olunmuş çoxsaylı mühazirələr oxumuş və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
44 günlük Vətən Müharibəsi dövründə mətbuatda və müxtəlif televiziya kanallarında Azərbaycanın haqq işinin dünyaya çatdırılması və gənclərin Vətənə məhəbbət ruhunda tərbiyə olunması üçün mütəmadi çıxışlar edib.
2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Tarix və Siyasi elmlər üzrə Ekspert Şurasının sədridir. O, BDU və tarix fakültəsi Elmi Şuralarının, Azərbaycan-Türkiyə Araşdırmalar Fondunun Himayəçilər Şurasının, “Tarix və onun problemləri”, “Dirçəliş”, “Kəlam”, “Yaşıl çay” jurnallarının redaksiya şurasının üzvüdür.
Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın üzvüdür. Onun 2009-cu ildə Azərbaycan, ingilis, rus və ərəb dillərində nəşr olunan “Təzəpirin tarixi” və 2016-cı ildə nəşr olunan “Şeyxülislamlığın tarixi” əsərləri elmi ictimaiyyət və ölkə dindarları tərəfindən yüksək qiymətləndirildi.
Bakı Dövlət Universitetinin yüz illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı: Bakı Dövlət Universiteti-100” (üç dildə) monoqrafiyası geniş oxucu kütləsinin marağını cəlb etmişdir.
A. İsgəndərov VI çağırış 71 saylı Masallı kənd seçki dairəsindən, VII cağırış 78 saylı Lənkəran kənd seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. VII çağırış Milli Məclisdə Elm və təhsil komitəsinin sədridir.
A.İsgəndərov 2020-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının üzvü təyin olunmuşdur.
A.İsgəndərovun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.
1. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “ Tərəqqi” medalı;
2. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “ Vətənə xidmətə görə” ordeni;
3. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”;
4. 2024-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi ( 1923- 2023)” yubiley medalı;
5. “ Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı;
6. “Bakı Dövlət Universitetinin 100 illiyi ( 1919- 2019)” yubiley medalı;
7. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 100 illiyi ( 1918- 2018)” yubiley medalı;
8. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi ( 1921- 2021)” yubiley medalı;
9. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi ( 1998- 2023)” yubiley medalı;
10. Türkiyə Cümhuriyyətinin “Altun” medalı;
11. Azərbaycan və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Qızıl döş nişanı.
A. İsgəndərov müqəddəs Həcc, Ümrə və Məşhəd ziyarətlərində olmuşdur.
Ailəlidir, iki övladı, üç nəvəsi vardır.
Share: