Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri çərçivəsində baş tutan yüksək səviyyəli görüşlər Azərbaycan–ABŞ münasibətlərinin yeni pilləyə yüksəldilməsində, eyni zamanda Cənubi Qafqazda sülhün bərqərar olunmasında tarixi dönüş nöqtəsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində əldə olunan razılaşmalar, həm ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması, həm də Azərbaycan–Ermənistan normallaşma prosesində mühüm irəliləyişlərin əldə olunması ilə yadda qaldı. Prezident İlham Əliyev səfərin əhəmiyyətini vurğulayaraq bildirib: “Bu iki önəmli hadisə bu gün baş verib. Ona görə də mən bu günü tarixi bir gün adlandırıram. Bunun da bizim üçün çox önəmli müsbət təsirləri olacaqdır. Təbii ki, bu gün burada Azərbaycan və Ermənistan arasında baş verən hadisələr, həmçinin bütün bölgə üçün, rifah və sülh istəyən hər kəs üçün önəmli olacaqdır”.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova bildirib.
Deputat qeyd edib ki, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın başlanması xüsusi əhəmiyyət daşıyır. Bu format qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər geniş sahələri əhatə edir. Dövlət başçısının da qeyd etdiyi kimi, “Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir.” Onun sözlərinə görə, Azərbaycan enerji resurslarının təminatında mühüm rol oynayır və ABŞ ilə birgə həyata keçirilən layihələr regionda təhlükəsizliyi artırmaqla yanaşı, iqtisadi inkişafın sürətlənməsinə də töhfə verir. Bu, həmçinin ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyini daha da möhkəmləndirməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu tərəfdaşlıq ölkəmiz üçün yeni iqtisadi imkanlar, investisiya mühitinin genişlənməsi, iqtisadiyyatın şaxələndirilməsi, işsizliyin daha da azalması və innovativ texnologiyaların tətbiqi baxımından mühüm perspektivlər açır. ABŞ ilə yüksək səviyyədə qurulan əlaqələr Azərbaycanın milli maraqlarının qorunmasına, beynəlxalq nüfuzunun möhkəmlənməsinə və regionda lider mövqeyinin daha da güclənməsinə xidmət edir.
Səfərin digər mühüm nəticəsi Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması istiqamətində atılan qəti addımlar oldu. Sülh sazişinin paraflanması, tərəflərin siyasi iradə nümayiş etdirməsi uzun illər davam edən münaqişənin tarixə qovuşması yolunda mühüm mərhələdir. Prezident İlham Əliyev: “Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Əminəm ki, Azərbaycan və Ermənistan cəsarətlə sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli gedəcəyik.” Sülhün bərqərar olunması təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisədir. “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizi layihəsi rabitə və əlaqələr baxımından divarları aradan qaldıracaq, iqtisadi və humanitar münasibətləri genişləndirəcək, bir sıra ölkələr üçün sərmayə, sabitlik və rifah imkanları yaradacaqdır. Bununla yanaşı, Prezident İlham Əliyev ABŞ Prezidenti ilə şəxsi münasibətlərini yüksək qiymətləndirərək bildirib ki, bu əlaqələr növbəti illərdə ölkələrimiz arasındakı dövlət münasibətlərinə də müsbət təsir göstərəcək. ABŞ tərəfindən ədalətsiz bir düzəlişin məhz Azərbaycan Prezidentinin iştirakı ilə ləğv edilməsi də səfərin rəmzi və tarixi əhəmiyyətini göstərir.
Müsahibədə həmçinin Prezident, Azərbaycanın enerji siyasətinə dair perspektivlərə toxunaraq, “Cənub Qaz Dəhlizi” kimi beynəlxalq əhəmiyyətli layihələrin uğurla davam etdiyini və ABŞ-ın bu layihələrdə mühüm tərəfdaş olduğunu xüsusi vurğuladı. O, Azərbaycanın enerji resurslarının təhlükəsiz və davamlı şəkildə Avropa bazarına çatdırılması sahəsindəki əhəmiyyətli rolunu qeyd etdi və bunun Avropanın enerji diversifikasiyası siyasətinə verdiyi töhfənin ölçüyəgəlməz olduğunu bildirdi.
Prezident İlham Əliyevin bu səfəri və mətbuat qarşısındakı açıqlamaları ölkəmizin beynəlxalq arenada öz mövqeyini gücləndirməsi, regional sabitliyin təmin olunması və dünya ölkələri ilə dostluq əlaqələrinin inkişafı üçün mühüm addım oldu. Prezident İlham Əliyevin sözləri, Azərbaycan dövlətinin milli maraqlarını qorumaqla yanaşı, qlobal əməkdaşlıq və qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalmasının göstəricisidir.
















