Tapdıq ƏLİBƏYLİNİN söz dünyazı – Rəsmiyyə Sabir yazdı.

Tapdıq ƏLİBƏYLİNİN söz dünyazı – Rəsmiyyə Sabir yazdı.

1 iyul 2026-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türk Ağsaqqalları Birliyinin (TAİB) İdarə Heyətinin üzvü, şair və jurnalist Tapdıq Əlibəylinin 65 illik yubileyidir. Bu münasibətlə onu əvvəlcədən təbrik edirəm. Tapdıq müəllimə can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Tapdıq Əlibəyli ilə biz eyni bölgədə – cənub zonasında dünyaya göz açmışıq. Lakin onunla tanışlığım təqribən 20 il əvvəl mərhum professor İsa Əliyev vasitəsilə olub. İsa müəllimlə Tapdıq Əlibəyli yaxın dost idilər. İsa müəllim iqtisadçı alim olsa da, sözə və sənətə ürəkdən bağlı idi. Aşıq musiqisini, muğamı gözəl bilirdi. Özü də şeirlər yazırdı. Onlar tez-tez görüşürdülər. Tapdıq Əlibəyli İsa müəllimi görmək üçün İqtisadiyyat İnstitutuna gəlirdi. İsa müəllim həmin vaxt İqtisadiyyat İnstitutunun direktoru, mən isə elmi katibi idim. O görüşlərin birində İsa müəllim məni Tapdıq Əlibəyli ilə tanış etdi:

– Rəsmiyyə, qızım, tanış ol, sənin yerlin – şair Tapdıq Əlibəyli.

Əslində, mən Tapdıq Əlibəylini qiyabi də olsa şair və jurnalist kimi tanıyırdım, imzasına bələd idim. Sadəcə, əyani tanışlığımız İsa müəllimin sayəsində oldu.

***

Tapdıq Əlibəylinin 65 illik ömür yolu zəngindir. O, gənc yaşlarından könlünü poeziyaya verib. “Ülü söz”ün alovu onu da yandırıb yaxıb:

Şairlər əzəldən söz pərvanəsi,

Atəşə tutulub, oda  yaxılıb.

Sözü açıbsa da zindan-qəfəsi,

Şair ürəyinə güllə çaxılıb…

Şairi tale sıxanda da,  həyat üzərinə yeriyəndə də bütün qələm əhli kimi söz köməyinə çatıb:

İçimdə büdrəyəndə,

Əlimdən yapışdı Söz.

Qəlbimə söz dəyəndə,

Ruhumda alışdı Söz.

Tapdıq Əlibəylinin yaradıcılığında “söz” anlayışı yalnız ifadə vasitəsi deyil, həm də insanın mahiyyətini açan əsas amildir. “Şeirlərim  bir  duadı” adlı şeirində şair yazır:

Şeir – bir ruh, könül işi,

Sözdə Tanrı nişanəsi.

Yanğı həzzi” şeirində şair sözün gücünü od, şimşək, yanğı kimi obrazlarla təqdim edir. Burada söz həm yaradan, həm də yandıran qüvvə kimi təsvir olunur. Şairin fikrincə, həqiqi söz ürəkdən gəlməlidir. “Şam təki şair ömrü də…” misrası ilə şair öz taleyini yanan, əridikcə işıq saçan bir varlığa bənzədir:

Yandırıb Sözü yaxanın

Sözü də yandırıb- yaxır.

Özünü özü yıxanı

Doğması, yadı da yıxır.

Bükmə ətəyinə abrını sözün” şeirində isə şair sözün məsuliyyətini vurğulayır. Saxta, duyğusuz yazanlara qarşı sərt mövqe nümayiş etdirir:

Qoy səni mindirim mən cin atına,

Enişli-yoxuşlu çap yorulunca.

Özün enmədikcə sözün qatına,

Beləcə çaparsan ömrün boyunca…

Ümumilikdə Tapdıq Əlibəylinin poeziyası ilə yaxından tanış olduqda onun yaradıcılığında üç əsas xətti görmək mümkündür: birincisi – sözün və sənətin müqəddəsliyi; ikincisi – cəmiyyətin mənəvi problemləri; üçüncüsü – doğma yurd və təbiət sevgisi.

Tapdıq Əlibəylinin poeziyasının dili sadə olsa da, lakin obrazlıdır. Xalq danışıq üslubuna yaxın ifadələr, atalar sözlərini xatırladan misralar şeirlərin təsir gücünü artırır, oxucunu düşündürməklə yanaşı, duyğulandırır.

Tapdıq Əlibəylinin şeirlərində xalqın mənəvi dəyərləri, tarixi yaddaşı, eləcə də müasir həyatın ritmi ahəngdar şəkildə birləşir. Onun incə lirizmi və vətənpərvərlik duyğusu yaradıcılığına xüsusi əhəmiyyət qazandırır. “Payız çöhrəsində yazdı 44 Gün” kitabı şairin vətənpərvərlik duyğularının tərənnümüdür.

Gördüyüm başqadı” şeirində isə daha çox ictimai-fəlsəfi motivlər ön plana çıxır. Dünya qeyri-sabit, ziddiyyətli bir məkan kimi təqdim olunur. Burada həqiqət və yalanın, düz və əyrinin qarşıdurması verilir. Şair cəmiyyətin mənəvi aşınmasından narahatlıq keçirir:

Gözlərin oynayır ala buludda,

Fələk saya salmaz sən saydığını.

Sən ki piyadasan, zamansa atda,

Qəfildən boyayar qara ağını…

yaxud:

Hər  atası  kordan  Koroğlu  olmaz,

Ağsaqqal  sayılmaz  hər  ahıl  kəs  də.

Olsa  da  nə  qədər  saç-saqqal  bəyaz,

Müdriklik  bir  şərtdir  ağsaqqal  kəsdə.

Tapdıq Əlibəylinin yaradıcılığında yurd sevgisi xüsusi yer tutur. Bürzünbül mövzusunda yazdığı şeirlərdə doğma kəndin təbiətini təsvir edir:

Tanrı yazan bir əzəli ünvanım:

Dağ  havası, yurd   sədası -Bürzünbül

Göz açdığım, söz açdığım – rəvanım,

Dağ  həvəsi, yurd  sevdası -Bürzünbül.

Bu şeirlərdə sadəlik, halallıq, qonaqpərvərlik kimi milli dəyərlər ön plana çəkilir. Şair doğma torpağı yalnız coğrafi məkan kimi deyil, həm də mənəvi kök, milli kimlik kimi təqdim edir:

Köküm torpağımın dərinliyində,

Gövdəm torpaq üstə şaxələnibdir.

Azərbaycanımın şirinliyində

Vətənə məhəbbət -torpaqdakı sirr…

“Çanaq bulaq”, “Dağlar vüqarını çeşməyə süzüb”, “Təbiət sağlığı qoruyub burda” kimi şeirlərdə təbiət canlı, poetik lövhələrlə təsvir olunur. Təbiət yalnız fon deyil, insanın daxili aləmi ilə vəhdət təşkil edən canlı bir varlıqdır. Bulaq, dağ, çəmən obrazları saflıq, paklıq və həyatın davamlılığını simvolizə edir.

Lakin zamanın təsiri ilə itən dəyərlər şairi düşündürür, kədərləndirir. “Bir ev vardı…” şeiri nostalji ruhda yazılmışdır. Şair uşaqlıq xatirələrini, ailə mühitini, ata-ana obrazlarını sevgi ilə yad edir. Təbiət elementləri (söyüd, tut ağacı və s.) insan taleyi ilə paralel təqdim olunur:

Məntək qəribsəyib tut ağacımız?

Budanıb yüz illik qolu-budağı.

Bəlkə elə birdi ağrı-acımız…

Hopub xəyallara uşaqlıq çağı.

Ümumilikdə Tapdıq Əlibəylinin poeziyası milli ruhu, mənəvi dəyərləri qoruyan və sözün gücünü ucaldan poetik nümunələrdir.

 Professor Rəsmiyyə Sabir

Share: