ÜMMANLAR ALƏMİ
Qəlbimin gözü ilə dənizin dərinliklərinə boylanıram,
Keçmişin və indinin sirlərini duymaq, onları dərk etmək istəyirəm.
Küləyin həzin səsi qulağımda pıçıldayır,
Dalğalar musiqi kimi ritmlə rəqs edir, ahənglə dolur.
Dalğalar döyünür, hər ritmində bir dünya gizlənir,
Səssiz pıçıltılar keçmişdən gəlir,
Yer və göy arasında fısıldayır,
Unudulmuş sirləri, gizli həqiqətləri çatdırır.
Və mən…
Öz içimdə bir aləm kəşf edirəm,
Ümmanlar aləmi.
Səssizliyin qanadında ucalıram,
Özümü azad bir quş kimi hiss edirəm,
Dənizin sonsuzluğunda süzülürəm,
Hər ritm, hər nəfəs bir sirr,
Hər dalğa bir şeir kimi…
Ruhumla bir olur,
Dünyanın sirlərini dərk edirəm,
Sətir- sətir ağ vərəqə köçürürəm…
31.10.2025
NƏVƏSİYƏM MƏN
Əzəldən dərk etdim ilahi eşqin,
Dünyanın ən saleh bəndəsiyəm mən.
Torpaqdan yaranan insan oğluyam,
Adəmlə Həvvanın nəvəsiyəm mən..
Haqqa səcdə edib çağıran səsəm,
Qəlblərdə çağlayıb coşan həvəsəm.
Sevginin nurundan yaranmış kəsəm,
Bir ülvi məhəbbət nəğməsiyəm mən.
Sənə şükr edirəm, uca Yaradan,
Seçməyi öyrətdin ağı qaradan.
Soyum müqəddəsdir, deyil sıradan,
Bir köklü ağacın bəhrəsyəm mən..
27.08.2022
Həyatın sirri
Həyatın anlamın anlaya bilsək,
Hər anın dəyərin bilib yaşarıq.
Zaman dəyişilib, mənasız həyat,
Zamanın oxunda hey fırlanırıq.
Bir sabah oyanıb baxırıq yenə,
Dünənki arzular qalıb kənarda.
Heç kim bilmir ki,hara tələsir,
Hər şey adiləşib, donub halında.
Gözlərdə yorğunluq, dildə susqunluq,
Ruhumuz kədərlə baxır dünyaya.
Sıxır ürəyimizi sanki tənhalıq,
Duyğular sükutla barışır haya.
Yaşanan hər anın qədrini bilsək,
Yenidən həyata təravət gələr.
Bəlkə də sadədir həyatın sirri,
Anlayan düşünüb həllini tapar.
27.10.2025
DƏNİZ VƏ SAHİL
Sahildə gəzirəm,
Dənizlə sahilin görüş yerində.
Dalğalar sahillə qucaqlaşır,
Sanki bir ömürlük ayrılmayacaqlar.
Heç bir görüş əbədi deyil,
Heç bir ayrılıq da sonsuz.
Onlar hər dalğada birləşir,
Hər sükunətdə yenidən ayrılırlar.
Bu, həyat kimidir,
Yaxınlıqla uzaqlığın, başlanğıcla sonun
nə qədər bir-birinə bənzədiyini göstərir.
Köpüklər unudulmuş sözlərə bənzəyir,
Külək onları səssizcə daşıyır uzaqlara.
Bəlkə də dəniz danışır,
Biz isə sadəcə dinləməyi unuduruq.
Dəniz və sahil,
İki varlıq, bir həqiqət.
Bir-birinə qovuşmaq üçün yaranıblar,
amma toxunduqları anda belə
ayrılığa məhkumdurlar…
Dünya Gözəldir
Həyat gözəl, dünya gözəl dünyadır,
Hər anından zövq almağa tələsin.
Havası xoş, suyu şirin dünyada,
Sevə-sevə yaşamağa tələsin.
Günəş çıxır dan yerindən sübh çağı,
Tez oyanın, ona salam söyləyin.
Xoş açılsın hər bir insan sabahı,
Bütün günü sevinc ilə yaşayın.
Dostla gülün, gülsün dostun çöhrəsi,
Sevinc olsun hər bir sevən ürəkdə.
Sönməsin heç ümidlərin məşəli,
Səadətin yeri olsun ürəkdə.
Göy üzündə ulduzlara baxaraq,
Arzulara qanad verin qoy uçsun.
Kəhkəşanın sir sehrinə dalaraq,
Qəlbə fərəh, təbəssümü qoy dolsun.
Dünyaya bax, nə möcüzə, nə röya,
Sevgi ilə,dolur hər bir duyğuya.
Şükür edin siz bu nemətli dünyaya,
Yaşamaqdır ən gözəl bir hədiyyə!
07.10.2025
QADIN
Dünyanın incisi, zəri, almazı,
Sevginin ən dərin sirridir qadın.
Gözəlliyin önündə səcdəyə gəlin,
Şehli çəmənlərin ətridir qadın.
Gözləri məlaldı, baxışı dərin,
Həyat qaynağıdır sevilən qəlbin.
Bilin qiymətini, İlahi zərrin,
Eşqin ən saf halı, şeirdir qadın.
Səsini eşidən unudar dərdi,
Ürəyə işıq tək səpər o fərdi.
Tanrısı insana hədiyyə verdi,
Sevdanın ilahi sehridir qadın.
Dünyanı fəth edər bircə baxışı,
Qəlblərə nəqş salar sevgi naxışı.
Onun xatirinə yaradıb ərşi,
Bütün kəhkəşanın qəlbidir qadın,
Bu ömrün nəfəsi, nurudur qadın.
Boz Qurd
Tanrı dağlarının zirvəsindən enən bir səs var,
Boz qurdun ulartısı.
O səsdir türkün nəfəsi,
O səsdir minillərin yaddaşı.
Gecələrin zil qaranlığında,
Soyuqların içində ümid tükənəndə,
Yol göstərən Boz Qurd oldu.
Dəmir dağları əridib,
Türkün yolunu açan,
Qanından, canından keçib
Azadlığı miras qoyan.
Oğuz Kağanın bayrağında,
Alpamışın igidliyində,
Dədə Qorqudun sözü-səsində
Həmişə Boz Qurd var idi.
Aslanı, şiri zəncirləyə bilərlər,
Onları sirk meydanına salıb
Qamçı ilə ram edə bilərlər.
Bəs Boz Qurdu gördünmü ipdə?
Bəs Boz Qurdu gördünmü oyun çıxararkən?
Heç vaxt!
Çünki Boz Qurd – əsirlik tanımayan türkün özüdür.
Onun gözlərində Tanrının nuru,
Onun nəfəsində çöllərin azadlığı var.
Qüruru qanından doğar,
Azadlığı sümüklərinə hopar.
Boz Qurd –
Türkün sancağıdır,
Yolu işıqlandıran çıraqdır,
Dünəndən bu günə,
Bu gündən sabaha
Əbədiyyətə uzanan izdir.
Uladıqca göylərə,
Türk yurdu oyanar.
Çünki Boz Qurd deyir:
Türk var olduqca, mən də varam,
Mən yaşadıqca Türk də əbədidir!
















