Təranə MƏMMƏDin yeni hekayəsi: Mələk gözlü qadın

Təranə MƏMMƏDin yeni hekayəsi: Mələk gözlü qadın

O, 40 ildən çox tanıdığı bir qadını sevmirdi. Dəfələrlə ona olan münasibətini təhlil edir, özünə suallar verir və hər dəfə əminliklə təsdiq edirdi ki, onun həmin qadına olan münasibəti sevgi deyil.

Bəs niyə onu unuda bilmir? Niyə hər dəfə onu görəndə sanki daxilində olan bir qüvvə onu həmin qadınla xoş davranmağa, ona xoş sözlər deməyə və mütləq gözlərinə diqqətlə baxmağa məcbur edir?!
Bu gözlərdə onu cəlb edən nəsnənin nə olduğunu bilməsə də, o, hər dəfə qadının gözlərinə elə diqqətlə baxırdı ki, qadın başını aşağı salıb gözlərini gizlətməli olurdu.
incəsənət ola bilər
Əvvəllər qadın da özünə dəfələrlə sual verərdi:
– Niyə belə baxır mənə?! Düz gözümün içinə niyə zilləyir baxışlarını?
Lakin sonralar münasibətləri o qədər təmiz, səmimi olmuşdu ki, qadın üçün bu baxışlar adiləşmişdi.
Onlar sadəcə dost idilər.
O, son bir il yuxusuzluqdan əziyyət çəkirdi. Gecənin bir yarısı oyanır, həyatında baş vermiş yaddaqalan hadisələri xatırlayır, bəzən gülür, bəzən ağlayırdı.
Özü bu halını yaşla əlaqələndirir, zarafatla “səksəndəndir”- deyirdi.
Həyatında baş vermiş bir hadisə isə zaman-zaman onun yaddaşında təzələnərək ürəyini sıxır, nəfəsini kəsirdi.İllər öncə övlad itkisi yaşamış, üç yaşı təzəcə tamam olmuş qızını itirmişdi.
İllər ötsə də bu dərd ürəyində həmişəlik məskən salıb çox tez-tez özünü biruzə verirdi. Körpəsinin son günü nə yaddaşından, nə gözünün önündən nə də qəlbindən silinirdi.
O axşam körpə qızcığaz kiçik əlləri ilə onun barmağından yapışıb iri, ala gözlərini atasına zilləmişdi. O baxışı bir gün belə unuda bilməyən ata körpəsini tez-tez yuxuda görürdü.
Qızı qanadlı mələk simasında dəfələrlə onun yuxusuna gəlir, son günündəki baxışı ilə ona baxıb yox olurdu.
Əvvəllər onu qorxudan və təlaşlandıran bu yuxu artıq adiləşmişdi. İndi o, mələk libaslı qızını yuxuda gördükdə əksinə sakitləşirdi. Ona elə gəlirdi ki, körpənin ruhu nəyəsə sevinir.
Bir gün O, qadının gözlərinə daha diqqətlə baxdı. Qadın gözlərini onun ox kimi sancılan baxışlarından gizlətmək istədikdə qadının qolundan tutub sakitcə dedi:
-İllərdir sənə olan münasibətimi özümə izah edə bilmirdim. Aramızda yaranmış doğmalığın, yaxınlığın səbəbini dəfələrlə izah etməyə çalışsam da, həmişə bu məsələnin həllində aciz qalırdım.
Dünən gördüyüm yuxu olmasaydı bu naməlum münasibət mənə sirr olaraq qalacaqdı.
Ancaq indi səni niyə bu qədər sevdiyimi dəqiq bilirəm !
Qadın Onun bu etirafından diksinərək təəccübləndi və nəsə demək istədi, lakin gözlərinə zillənmiş baxış onu susdurdu.
– Dünən gecə qızım yenə yuxuma gəlmişdi. Ağappaq geyimdə idi, kürəyindəki qanadlarının tərpənişindən yaranan həzin meh üzümü sığallayırdı. O, həmişəki kimi kiçik əlləri ilə barmaqlarımdan yapışıb bərk-bərk sıxanda onun gözlərinə baxdım və…
Körpə mələyim mənə sənin gözlərinlə baxırdı… Mən səhv etmirəm, o, mənə sənin bax bu qarşımdakı gözlərinlə baxırdı!
Qızım ölməyib demək. Onun ruhu səndə yaşayır!
Qadın qarşısında duran hündür boylu, enli kürəkli kişinin gözlərindən süzülüb üzünün qırışlarında quruyan göz yaşlarını görüb nəsə demək istəsə də, dili söz tutmadı…
Share: