Sənətə, elmə və insanlığa işıq saçan şəxsiyyət

Sənətə, elmə və insanlığa işıq saçan şəxsiyyət

Sənətin yolu hər zaman işıqlı səhnələrdən keçmir. Bəzən pərdə arxasında dayanaraq işığı başqalarına yönəldən, adını ön plana çəkmədən istedadlara yol açan insanlar olur.

Onlar görünməsələr də, hər uğurun arxasında səssiz bir imza kimi yaşayırlar. Azərbaycan musiqi mühitində belə şəxsiyyətlərdən biri də Vüqar Əhməddir. O, sənətə sədaqəti və yüksək insani keyfiyyətləri ilə yadda qalan nadir insanlardandır.
Vüqar Əhmədlə tanışlığım uzun illərdən keçir. Bu tanışlıq əziz dostum və qardaşım Baloğlan Əşrəfov vasitəsilə olub. Həmin dövrdə Vüqar Əhməd Azərbaycanın yeganə televiziya kanalında musiqi verilişləri redaksiyasında rəhbər vəzifədə çalışırdı. O illərdə televiziya sənət adamları üçün ən böyük tribuna idi və efirə çıxmaq hər bir ifaçının arzusu sayılırdı. Bir çox müğənnilər məhz onun senzurasından keçərək tamaşaçı qarşısına çıxırdılar. Bu isə onun sənətə baxışının və istedadı düzgün qiymətləndirmək bacarığının bariz göstəricisi idi.
Bu gün Azərbaycanın tanınmış müğənniləri arasında elələri var ki, ilk xeyir-duanı məhz Vüqar Əhməddən alıblar. Onun sözlərinə bəstələnmiş mahnılar bir çox ifaçıların repertuarında xüsusi yer tutur. Xalq artistləri Ağaxan Abdullayev, Brilyant Dadaşova, Mələkxanım Əyyubova, Aygün Kazımova, Alim Qasımov və başqaları onun sözlərinə bəstələnmiş mahnıları özünəməxsus ifa tərzləri ilə yeni çalarlara boyayıblar. Onların ifasında hər kəlmə daha da dərinləşib, hər nəğmə dinləyicinin ruhunu oxşayıb.
Xüsusilə Brilliant Dadaşovanın ifasında “Arzular”, “İzim qalacaq”, Baloğlan Əşrəfovun ifasında Rauf Məmmədovun bəstələdiyi “Anam mənim” və bu qəbildən başqa mahnılar böyük uğur qazandı. Bu əsərlər Vüqar Əhmədin yalnız təşkilati sahədə deyil, ədəbi-bədii yaradıcılıqda da güclü potensiala malik olduğunu təsdiqlədi. O, sözün ruhunu musiqi ilə vəhdətdə təqdim etməyi, sadə ifadələrdə dərin məna yaratmağı bacaran sənətkardır.
Vüqar Əhməd təkcə sənət adamı deyil, həm də elm sahəsində böyük nüfuza malikdir. O, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq “Söz” Akademiyasının, Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiki, Beynəlxalq Elm və İncəsənət Akademiyasının müxbir üzvü, Beynəlxalq “Türk Dünyasına Xidmət” Qızıl Medal laureatı, Turanın Xalq Şairi, Beynəlxalq Yazıçılar Birliyi, Beynəlxalq Turan Yazıçılar Təşkilatı, həmçinin Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin fəal üzvüdür. O, həmçinin Asiya EA və Beynəlxalq EA-nın akademikidir. Onun şəxsiyyətində elm və sənət ahəngdar şəkildə birləşməsi nadir keyfiyyətindən xəbər verir. Çünki həm yaradıcılıq, həm də akademik fəaliyyət ciddi zəhmət, intizam və geniş dünyagörüş tələb edir.
Onun çoxşaxəli fəaliyyəti dövlət və ictimai qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Vüqar Əhməd “Qızıl Qələm” mükafatına layiq görülmüş, AHİK tərəfindən iki dəfə, həmçinin AMEA tərəfindən “Fəxri Fərman”larla təltif olunmuşdur. O, “Araz” ali ədəbi mükafatının, “Abdulla Şaiq”, “Məmməd Araz”, “İlin nəğməkar şairi”, iki dəfə “Zirvə”, “İlin mahnısı”, “Simurq” və bir sıra digər nüfuzlu mükafatların laureatıdır.
2017-ci ildə isə onun elmi-tədqiqat fəaliyyəti xüsusi olaraq qiymətləndirilmiş, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə “İlin alimi” adına layiq görülmüşdür. Bu ad təsadüfi deyildi. Vüqar Əhməd həm publisistika, həm ədəbiyyat tarixi, həm də müasir ədəbi prosesin tədqiqi sahəsində mühüm araşdırmaların müəllifidir.
Onun insani keyfiyyətləri də xüsusi vurğulanmalıdır. Vüqar Əhməd dostluqda sədaqətli, çətin gündə yanında olmağı bacaran, mərhəmətli bir insandır. O, münasibətlərə rəsmi çərçivədən deyil, səmimiyyət prizmasından yanaşır. Sənət adamının böyüklüyü yalnız yaradıcılığı ilə deyil, insanlığı ilə ölçülür. Vüqar Əhməd də bu ölçünün ən layiqli daşıyıcılarındandır.
Vüqar Əhməd eyni zamanda gözəl ailə başçısıdır. Müəllim olan həyat yoldaşı ilə ailə dəyərlərinə bağlı, möhkəm bir ocaq qurublar. İki övlad atası olan Vüqar Əhməd ata kimi övladlarına sevgi, qayğı və düzgün tərbiyə aşılayır. Anasının adını daşıyan qızı Almaxanım bu gün Azərbaycanın istedadlı gənc müğənnilərindən biridir. Bu fakt ailədə sənətə olan sevginin nəsildən-nəslə ötürüldüyünü bir daha göstərir.
Beləliklə, Vüqar Əhməd Azərbaycan musiqi tarixində yalnız redaktor və söz müəllifi kimi deyil, həm də sənətə yol açan, istedadlara dəstək olan, elm və yaradıcılığı birləşdirən, dostluğa sədaqətli bir şəxsiyyət kimi qalacaq. Onun həyat yolu sübut edir ki, həqiqi nüfuz və hörmət vəzifə ilə deyil, zəhmət və insanlıqla qazanılır. Belə insanlar cəmiyyətin mənəvi dayağı, sənətin isə görünməyən qəhrəmanlarıdır.


Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: