Sənli olan arzularım körpədir, Uşaq kimi dil acanda gələcəm – Əlövsət TAHİRLİ

Sənli olan arzularım körpədir, Uşaq kimi dil acanda gələcəm – Əlövsət TAHİRLİ
A DÜNYA
Bilinmir ürəyin daşdır ya ətdir,
Duyan, qanan üçün əsil heyrətdir,
Bu nə qaşqabaqdir,bu nə sifətdir?
Əyilib, düzəlmir qaşın a dünya.
.
Qalıbdır bizimki təkcə gümana,
Qiymət verməyirsən yaxşı-yamana,
Gəlmirsən de nədən dinə, imana?
Yaman qarışıbdır başın a dünya.
.
Adam səbr etməkdən bezib, usanır,
Zülmünün zərbindən haqqı da danır,
Gormürsən hər yerdə od tutub yanır,
Qurunun yerinə yasın, a dünya.
.
Əlövsət dad eylər əlindən sənin,
Kimsə baş açmadı felindən sənin,
Kim tora düşmədi dilindən sənin?
Nə yaman ağırmış daşın a dünya
04.11.2025.
Almaniya. Norden.
GƏLƏCƏM
(Bu şeiri 1996 cı ildə Rusiyadan yoldaşıma yazmışdım).
Həsrət çəkmək kaş biləydin bir nədir,
Dərd üstündən dərd ələnir, dərd didir,
Sənli olan arzularım körpədir,
Uşaq kimi dil acanda gələcəm.
.
Bəbəkləri saralıbdır gözümün,
Yapışmisam ətəyindən dözümün,
Əvvəlisən, axırısan sözümün,
Yollarıma əl açanda gələcəm.
.
Sənsizliyin intizarı yaxanda,
Göz yaşlarım yanağımdan axanda,
Göy üzündə ildırımlar çaxanda,
Sağa, sola od saçanda gələcəm.
.
Sən güldürsən könlüm gözü ağlamaz
Eşq atəşi gen sinəmi dağlamaz,
Əlövsətin yadla ülfət bağlamaz,
Dağlar, düzlər gül acanda gələcəm.
Noyabr 1996. Tümen Vilayəti.
q.Neftyuqanski.
YARADANA MİN ŞÜKÜR
Mən vurğunam torpağıma, daşıma,
Həqiqəti dam eylədim başıma,
Bircə il də yaş gətirdim yaşıma,
Hələ varam, Yaradana min şükür.
Nədən edim axı deyin ahu-zar,
Ömür bağçam bar gətirib heyva, nar,
Üç övladım, səkkiz nəvəm varım var,
Yara yaram, Yaradana min şükür.
Tale verib ilin, günün ayından,
Çıxammaram hörmətindən, sayından,
Gözüm toxdur Tanrı verən payından,
Minnətdaram, Yaradana min şükür.
31.10.2025.
Almaniya. Norden

Share: