Tanınmış şair Esmira MƏHİQIZI gənc şairə Aydan Yelda Nağılın (Aydan Abdullayeva) şeirlərini Müstəqil.Az da yayınlanması üçün təqdim edib. Gənc şairənin şeirlərini sevə-sevə yayınlayırıq.
Aydan YELDA NAĞIL
Sən niyə o şeiri atdın bir küncə?
Yem oldu dumana – çənə o şeir.
Dünyada heç kimi yox idi, təkcə
Gəlib sığınmışdı sənə o şeir…
Sən niyə o şeiri atdın bir küncə?
Gözləri kor idi, dili lal idi…
O şeir bir qızın sənə verdiyi
Taleyim sənsənmi?… sualı idi…
Sən elə bilmə ki, gözü kordusa
Sənin ürəyini o tapmayacaq…
İndi nə olsun ki itib göy üzü?
Elə bilirsən ki, Tanrı nə vaxtsa
şeirdən bir günəş yaratmayacaq?..
Sən niyə o şeiri atdın bir küncə?
Gözündə saralır sənin üzün, bax…
Onun ürəyini didir bu sevgi…
Sənsə o şeiri qovursan ancaq…
Qovursan qapından bir axşam vaxtı…
Düşür özgələrin əlinə o da…
Oduna yananlar çox olacaq, çox…
Diz çöküb ağlayar külünə o da…
Sən niyə o şeiri atdın bir küncə?
Ağlayır, göz yaşı göyləri dəlir
Sən elə bilmə ki, bitdi bu sevgi…
Onun gözlərinin yaşı yollarda
Yenə kölgə kimi arxanca gəlir…
…Sən niyə o şeiri atdın bir küncə?
O şeir bir qızın əlləri idi…
O şeir bir qızın telləri idi…
O şeir bir qızın çəkdiyi ahdı…
O şeir… üzünə açılan sabah…
Nə olar bircə yol pəncərəni aç…
Nə olar, boylanıb o sabaha bax…
Günəş də- o qızın dodaqlarıdı…
Səndən bir söz umur, demirsən küsür…
Sən niyə o şeiri atdın bir küncə?
Axı hər sətrində, hər misrasında
Hələ də bir qızın ürəyi əsir…
Hələ də bir qızın ürəyi gəzir…
Hər küncdə, bucaqda səni axtarır…
Sənin pəncərəndən bir axşam baxır…
O axşam tutduğum arzu da puçdu…
Sən niyə o şeiri atdın bir küncə
***
Salam qoca baş daşı
Nə tez gecə düşdü hə?
Bu nə köhnə salamdı?
Nə köhnə görüşdü hə?
Bu kimin göz yaşının
Ayağının izidi?
Deyəsən bu qəbiri
Addım-addım gəzirdi
Gəzib nə deyib görən?
Bu qəbir laldı axı
Kiminsə gözlərində
Yatan sualdı axı
Eşidər, cavab verməz
Göz yaşının səsinə
Bu qəbir çox oxşayır
Atamın kölgəsinə
***
Mən elə yaşayırdım
Elə bil kəpənəkdim
Bilsən necə gözəldim
Bilsən necə göyçəkdim
Əynimdə yaşıl dondu
Göy üzündən almışdım
Döş cibində məktubtək
Yuxulayıb qalmışdım
Elə hey dindirirdim
Quşları, ağacları
Əsən külək nə deyir? –
Eşidirdi saçlarım
Eşidib, ağarırdı…
Mən elə hey həmişə
Özümü çağırırdım…
Deyirdim ehhhh… nolar
Yarpaqlar saralmasın…
Yarpaqlar saralanda
Əllərim saralırdı
Gözlərim saralırdı
Deyirdim ehhh… nolar
Dən düşməsin evlərin
Tellərinə vədəsiz…
Qapımızı döyürdüm
Gah ağaclar açırdı
Gah çiçəklər açırdı
Vaqif Bayatlı kimi
“Ağaclar qardaşımdı,
Çiçəklər də bacımdı”
















