Sən də tez aldanırsan nəğməyə, sözə… heyif.. gözlərində neçə söz tək-tənha gecələyib…

Sən də tez aldanırsan nəğməyə, sözə… heyif.. gözlərində neçə söz tək-tənha gecələyib…

Aydan AY

Bura yer kürəsi! Burda bir qız var
Əlləri, gözləri qar dənəsidi.
Qəfil üzünə sarı bir külək əssə,
O əsən küləkdən inciyəsidi.

Bura yer kürəsi! Burda bir qız var
O qar dənəsinə niyə oxşadı?
Kim tutsa əlindən, əli üşüdü…
Kim baxsa üzünə, gözü yaşardı.

Çünki bilirdilər əriyəcək tez…
Bu yer kürəsində ürəklər daşdan!
Bu yer kürəsində sevgi də qorxur …
Darıxır, əlləri əsir təlaşdan…

Allah, qar dənəsi olanda nə olar?
Mənə də bir insan vurula bilər…
Amma… soyuğumdan gen qaçar, bezər
Amma… ağlığımdan yorula bilər

İnsandı, axtarar göy qurşağını!
Gündə bir rənginə könül verər o.
Çəkər sinəsinə öz uşağını
Pəncərəsindən əriyən qara
Baxıb qəhqəhəylə gülümsəyər o

Amma qar dənəsini sevmişdi o vaxt…
Nə göydə günəşin xəbəri oldu,
Nə ev-eşiyi bildi, nə də yoldaşı…
Qızıyla qartopu oynayanda o
Qızının əlləri gülürdü bircə
Gözləri dolurdu o vaxtkı qışın…

******

Pəncərənin o üzündə
Darıxan üz – kimindi?
Hər şeirinin içində
Yaşaran göz – kimindi?

Gözlərində yurd salan
Göy üzü indi necədi?
Ürəyin…
Öz-özünə deyinən
Ovucları duasız
bir küçədi…

O ağac sənə oxşamaz,
nə ulduzlar, nə də ay.
hər axşam yuxuna gəlir
nəğmə deyir torağay

sən də tez aldanırsan
nəğməyə, sözə… heyif..
gözlərində neçə söz
tək-tənha gecələyib…

deməmisən heç kəsə!
nə yağışa, nə qara…
nə ola bir qatar gələ
gözlərini … apara …

****

Vərəqdə bir bulud səni çağırır
Ayılırsan yuxudan bulud səsinə.
Vərəqdə bir ağac səni çağırır
Gedib sığınırsan tez kölgəsinə.

Vərəqdə bir damın altda qocalır
Anan da, atan da, eviniz gülür.
Yaxşı ki hərflər saralıb-solmur
Gözləmir kimisə boynu bükülü.

Vərəqdə hər ulduz bir ad çağırır
Gah səni qırılan qanad çağırır
Vərəqdə can verir kimsə indicə
Səni isə.. hələ də həyat çağırır

Amma sən qaçmırsan həyata tərəf
Sən vərəqləri atmırsan küncə.
Vərəqdə şeirlərin yuva quranda,
Barmaqların yuva gəzir küçə-küçə..

Və sən öyrəşirsən yazmağa belə..
Və sən öyrəşirsən xatirə olub
Yağmağa – çətirsiz küçələrə də.
Və sən öyrəşirsən gözündən qaçıb
Vərəqdə uyuyan gecələrə də.

Beləcə yazırsan şeirlərini..
Kimin göz yaşısan? – şeirlər bilir..
Sən şeir yazdıqca bilmirsən nədən?!
Xəttin ayrılığın xoşuna gəlir…
Adın ayrılıqla qoşa çəkilir!

Share: