Sən bir ağbəxtlisən, mən qaragünlü, Ta ağı qaradan seçə bilirsən… Unutmaq səninçün asan olacaq

Sən bir ağbəxtlisən, mən qaragünlü, Ta ağı qaradan seçə bilirsən… Unutmaq səninçün asan olacaq

Kəmaləddin QƏDİM

ŞANSINI BİR DƏ SINA
Bir gün aşiq olasan
Nur üzlü bir qadına.
Üç-beş aya bir kitab
bağlayasan adına.
.
Necə gözəl sevirsən,
sevilirsən sanalar.
Ona hər gün yazdığın
şeiri qısqanalar.
.
Asılasan özündən,
özünə dar olasan.
Dilə-dişə düşəsən,
aləmə car olasan.
.
Yaşına irad tuta,
saçda dəni sevməyə.
Üzünə xoş baxmaya,
bir gün səni sevməyə.
.
Nə vaxt dinsən, hədd qoya,
araya sərhəd çəkə.
Sənə çəkdirsə nə var,
özü də həsrət çəkə.
.
Ölümünə gün qala,
el gəlməmiş yasına
Ondan bir mesaj gələ:
“Şansını bir də sına…”
UNUTMAQ SƏNİNÇÜN ASAN OLACAQ…
Gözlərim yoluna dikili qalıb,
Çox da yol üstədi yolun, tələsmir…
Zəng etdim səsimi yadına salım,
Gördüm ki, səsimçün ürəyin əsmir
Unutmaq səninçün asan olacaq…
.
Əsil sevgilərin dili lal olur,
Gəlmir nə söhbətə, sözə, bilirsən.
Gecədən sübhədək yuxun bal olur,
Səhərdən axşama dözə bilirsən…
Unutmaq səninçün asan olacaq…
.
Dildə ad bu qədər, soyad bu qədər,
Küncdə mənim adım boynubükülü.
Hələ də şirinsə həyat bu qədər,
Yaşamaq bu qədər asansa, gülüm,
Unutmaq səninçün asan olacaq…
.
İstəyin dolaşıq, fikrin düyünlü,
Söz verib, sözündən keçə bilirsən.
Sən bir ağbəxtlisən, mən qaragünlü,
Ta ağı qaradan seçə bilirsən…
Unutmaq səninçün asan olacaq…
.
Gedirəm, nə dil tök, nə də ki, yalvar,
Dil töküb, yalvarmaq qadına düşməz.
Deyirəm, içində bu hikkə ki, var,
Heç atan-anan da yadına düşməz…
Unutmaq səninçün asan olacaq…
.
Çəkərsən başına, bir içim sudu,
Udarsan, bir udum hava – ayrılıq.
Hamı unudulur, hamı unudur,
Ölüm-itim deyil toba, ayrılıq…
Unutmaq səninçün asan olacaq…
NƏ YAXŞI…
Dedim bəlkə heç yazmağın yeri yox,
Arada bir yeri qalır nə yaxşı…
Elə, yenə biri varsa, biri yox,
Biri gedir, biri qalır nə yaxşı…
.
Öz evini qızdırmır öz sobası,
Öz başında çatlayır öz davası.
Dörd yanını sel aparır, su basır,
Bir tərəfi quru qalır nə yaxşı…
.
Bilinmir kim yadı, kimdi doğması,
Kimə haram, kimə halal loxması.
Baş soxmağa bir qaranlıq daxması,
Bir qaranlıq goru qalır nə yaxşı…
.
Ətrafında nə matahlar dolanır,
Tamahları, nəfsləri sulanır.
Çeşmələri, bulaqları bulanır,
Göz yaşları duru qalır nə yaxşı…
.
Elnən gələn toyu, yası bitibdi,
Nə barışı, nə savaşı bitibdi.
Oynalınıb çox havası, bitibdi,
Çalınmamış suru qalır nə yaxşı…
.
Bu dünyanın əşrəfi sən, yeri di,
Mələk səndən, huri səndən geridi.
Adam ölür ayaq üstdə, diridi,
Adam ölür, diri qalır nə yaxşı…
AKİF SƏMƏDİN
Akif Səmədin ad gününə)
Sözü, dərvişliyi şahanəsinə,
Başqaydı nəfəsi Akif Səmədin.
Nə vardı getməyə bəhanəsi, nə
qalmağa həvəsi Akif Səmədin.
.
Kasıb komasının dirəyi çatdı,
Özünü biləndən ürəyi çatdı.
Yeməyə bir tikə çörəyi çatdı,
çatmadı havası Akif Səmədin.
.
Özünə sultandı, paşaydı dərdi,
Nə özü sındı, nə baş əydi dərdi.
Şuşaydı qədəri, Şuşaydı dərdi,
dərmanı, davası Akif Səmədin.
.
Bir O-na üz tutdu, bir dinə baxdı,
Bir də yaşamağın şərtinə baxdı…
Azaddı nə vaxtdı, hürrdü nə vaxtdı,
Dünyaymış qəfəsi Akif Səmədin…
YOLU ÜRƏYİMİN ÜSTDƏ GEDİRƏM
Odur ən güclüsü dayaqlarımın,
Yolu ürəyimin üstdə gedirəm.
Xəbəri varmıdır ayaqlarımın
yolu ürəyimin üstdə gedirəm?
.
Göylərə şöhrətin başı tez dəyir,
Yanağa gözlərin yaşı tez dəyir.
Tikanı tez batır, daşı tez dəyir,
Yolu ürəyimin üstdə gedirəm.
.
Bu adam bir ömür barışda deyin,
Haqq üçün savaşda, yarışda, deyin.
Qorxub eləməsin qarışqa, deyin
yolu ürəyimin üstdə gedirəm.
.
Yerin qulağı var, eşidə bilir,
Beş gözəl sevmişəm, beşi də bilir.
Meşədə qurdu da, quşu da bilir
yolu ürəyimin üstdə gedirəm.
.
Ömür bitəbitdə, gün batabatda,
Can hansı qatdadı, ruh hansı qatda…
Başqa yol qalmayıb Allahın altda,
Yolu ürəyimin üstdə gedirəm…

Share: