“Facebook” göstərir ki, bu gün- fevralın 13-ü həyatda görüşmədiyim, şəxsən tanımadığım bir virtual dostumun yubileyidir, 55 yaşı tamam olur.
Göndərdiyi və ya göndərdiyim dostluq təklifinin nə vaxt qəbul edildiyindən də xəbərsizəm. Düşünürəm ki, bir halda dost olmuşuqsa, deməli mənə dəyər verib yazılarımı, statuslarımı izləyən adamdır. Bunun özü bəs edir ki, bu diqqətini dəyərləndirim, onun xoş gününə sevinc qatmağa tələsim. Qoy məndən bir sürpriz olsun…
Adı Şəhladır, soyadı Quliyeva. Amma “Facebook”da özünü Şəhla Tahirqızı kimi təqdim edib.
Əvvəlcə adının mənasını izah etməyə səy göstərəcəm. “Şəhla” kəlməsi ərəb mənşəlidir. Qadınlara ad kimi verilir. Mənası “göy gözlü”, “ala gözlü” və ya “mavi, yaşıl-boz gözlü” deməkdir. Adətən, bu kəlmədən həm də gözəl, mənalı və cazibədar gözlərə sahib olan qadınları təsvir etmək üçün istifadə olunur. Məsələn, şəhla gözlü xanım…
Bəli, Şəhla xanım 13 fevral 1971-ci ildə Gədəbəy rayonunda dünyaya gəlib. 1977-1988-ci illərdə Gədəbəy rayonu Rüstəm Əliyev adına 1 saylı məktəbdə orta təhsilə yiyələnib. 1989–1990-cı illərdə Cəfər Babayev adına Texniki Peşə Məktəbini bitirərək, mətbəədə əmək fəaliyyətinə başlayıb. 1992–1998-ci illərdə BDU-nun Kitabxanaçılıq fakültəsində ali təhsil alaraq oranı fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildən Bakı Universiteti nəşriyyatının “Təbiət və dəqiq elmlər” redaksiyasında əvvəlcə korrektor, sonra redaktor vəzifələrində çalışıb, 1999–2019-cu illərdə “Bakı Universitetinin Xəbərləri” elmi jurnalının məsul katibi olub. 2000-ci ildən BDU-nu Kitabxanaçılıq-informasiya fakültəsində çalışır. 2006-cı ildə “Məzahir Daşqının poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yüksəlib. 2011-ci ildən Ali Attestasiya Komissiyası tərəfindən Kitabşünaslıq və nəşriyyat işi ixtisası üzrə dosent elmi adına layiq görülüb…
…“Facebook” səhifəsindəki yazılarını, “YouTube” sosial platformasındakı çıxışlarını diqqətlə izləyib, onu yaxından tanımağa, bir insan kimi mahiyyətini və xüsusiyyətlərini öyrənməyə çalışdım. Axı, insanı həyatda görməyə elə də ehtiyac yoxdur, çünki hər bir adam dilinin, əməlinin və niyyətinin arxasında gizlənir. Onun barəsində qənaətim isə belədir. Güclü intellektə malikdir. Səmimi, dürüst, eyni zamanda çox emosionaldır. Xoşbəxt olduğu zaman məntiqli, həssas, emosional və mehriban olur. O, həmçinin fədakar, istedadlı, bilikli, xeyriyyəçi və əyləncəli bir şəxsdir. Başqalarının xoşbəxtliyi üçün əlindən gələn yaxşılığı etməyə hazırdır…
O, 2016-cı ilin əvvəlindən həm də Bakı Xoreoqrafiya Akademiysının “Sənət Akademiyası” jurnalının redaktoru kimi fəaliyyət göstərir. 2020-ci ildən AMEA Mərkəzi Elmi Kitabxanasında əvvəlcə Biblioqrafiya şöbəsinin müdiri, hazırda isə direktorun kitabxana xidməti üzrə müavini vəzifəsində çalışır. 2015–2020-ci illərdə Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə elmlər doktoru proqramında qiyabi doktoranturada təhsil alıb. Hazırda “Azərbaycanda elmi jurnalların yaranması, müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda doktorluq işi üzərində işləyir…
…Bir xanm kimi çox mülayim və qayğıkeşdir, həmişə başqalarının rahatlığını özününkündən üstün tutur və öz xoşbəxtliyini başqalarına sərf etməyi bacarır. O, kifayət qədər ağıllıdır və hər hadisəyə mühakimə yürütməyi sevmir. Mübahisələrə nifrət edir və sakit bir həyat tərzini üstün tutur. Dostlarına qarşı çox mehribandır. Hisslərindəki ani dəyişikliklər ətrafındakılara güvənsizlik hissi yarada bilər. Onun çox mülayim və yaxşı dinləyici olması, amma “yox” deməkdə çətinlik çəkməsi, bəzən özünü qəzəbləndirməsinə səbəb olur. Utancaq olduğu üçün cəmiyyətdə fərqlənmək istəmir və əksər hallarda geri planda qalmağa üstünlük verir…
Məhəmməd Əmin Rəsulzadədən tutmuş, müxtəlif mövzularda qələmə aldığı kitabları işıq üzü görüb. Onun tədqiqat maraqları ədəbiyyatın ictimai rolu, kitabxana kadrlarının hazırlanması, nadir kitabların mühafizəsi və Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş biblioqrafik göstəricilərin tədqiqi kimi mövzuları əhatə edir. Elmi fəaliyyəti kitabxana işinin inkişafına və mədəni irsin qorunmasına yönəlib. 30 kitabın- 23 müxtəlif mövzulu kitabın tərtibatçısı, 2 dərs vəsaitinin, 5 monoqrafiyanın, 6 fənn proqramının, 1 metodik göstərişin, 140-dan artıq elmi, elmi-publisistik məqalənin müəllifidir…
…Yarımçıq işlərlə maraqlanmır və gördüyü hər işi ən yaxşı şəkildə tamamlamağı xoşlayır. O, məqsədinə nail olmaq üçün hər bir əziyyətə qatlaşmağa hazırdır. Səbirli və inadkardır. Altıncı hissi çox güclüdür və həyatında qarşılaşdığı hər çətinlikdən intuisiyası ilə çıxış yolu tapmağı bacarır. Bir sözlə, haqqında söhbət açdığım Şəhla Tahirqız dürüstlüyü və səxavəti ilə seçilir. Təmiz qəlbli, aldatmağa meyilli olmayan insandır. Pis rəftara, yalan danışanlara qarşı dözümsüzdür…
İndi də 55 rəqəminin mələklərin numerologiya sistemində mənası barəsində. 55 rəqəmi böyük dəyişikliklər, azadlıq, macəra və həyatda dönüş nöqtələrinin başlanğıcı kimi şərh olunur. Bu rəqəm, keçmişi buraxıb yeni imkanlara yol açmaq, transformasiya və şəxsi inkişaf üçün güclü bir mesaj hesab edilir. İkiqat 5 rəqəminin enerjisi, həyatın müsbət istiqamətdə sürətlə dəyişəcəyinə işarədir…
…Bəli, bu gündən etibarən 55 rəqəmi Şəhla xanımın ömrünə sirayət etməyə başlayacaq. Ona möhkəm can sağlığı, xoşbəxtlik, elmi nailiyyətlər arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu





.jpg)















