Səhiyəyə inamsızlıq və xurafatın yüksəlişi – Şərafəddin İlkin yazdə

Səhiyəyə inamsızlıq və xurafatın yüksəlişi – Şərafəddin İlkin yazdə

Texnologiyanın başgicəlləndirici sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Süni intellektdən tutmuş gen mühəndisliyinə qədər insanlıq elmin ən mürəkkəb sahələrində irəliləyir.

Xəstəliklərin diaqnostikası üçün yüksək texnologiyalı avadanlıqlar, robot cərrahiyyəsi, genetik analizlər artıq gündəlik tibbi praktikanın bir hissəsinə çevrilib. Amma bütün bunların fonunda cəmiyyətin bir hissəsinin hələ də “möcüzəvi enerji”, “mistik müalicə”, “əl ilə şəfa” kimi iddialara inanması düşündürücü və eyni zamanda təəssüf doğuran mənzərə yaradır.


Son günlər paytaxt Bakıda özünü “əl enerjisi ilə müalicə edən” şəxs kimi təqdim edən özbəkəsilli İqbol Soliyevin fəaliyyəti geniş müzakirələrə səbəb olub. “Bionurun sahibi” kimi tanınan Soliyevin bir estetik klinikada qəbul keçirməsi və orada yaranan izdiham sosial şəbəkələrdə böyük rezonans doğurub. Daha sonra hüquq-mühafizə orqanları tərəfindən onun saxlanılması məsələnin ciddiliyini bir daha gündəmə gətirdi.
Hadisə cəmiyyət üçün yalnız hüquqi məsələ deyil, həm də sosial və psixoloji bir problemin göstəricisidir. Çünki texnologiyanın sürətlə inkişaf etdiyi, tibbin ən mürəkkəb əməliyyatları həyata keçirdiyi bir dövrdə insanların hələ də “enerji ilə müalicə”, “bioenergetika”, “mistik şəfa” kimi elmi əsası olmayan üsullara inanması ciddi suallar doğurur.
Mütəxəssislər bildirirlər ki, “əl enerjisi ilə müalicə” kimi təqdim olunan üsullar müasir tibb elminə məlum deyil. İnsan orqanizmində müəyyən bioelektrik proseslərin mövcudluğu elmi faktdır. Hər bir hüceyrə müəyyən elektrik potensialına malikdir və bu, bədənin normal fizioloji fəaliyyətinin bir hissəsidir. Lakin bu enerji bütün insanlarda mövcuddur və xüsusi “şəfa gücü” kimi istifadə edilə bilən bir fenomen hesab edilmir. Bu səbəbdən də həkimlər belə iddiaların elmi əsasdan uzaq olduğunu bildirirlər.
Bununla belə, məsələ təkcə bir nəfərin özünü “şəfa verən” kimi təqdim etməsi ilə bitmir. Əsl suallar hadisənin ətrafında yaranan vəziyyətlə bağlıdır. Çünki belə bir şəxsin paytaxtın mərkəzində yerləşən klinikalardan birində qəbul keçirməsi, insanların ora axın etməsi və günlərlə bu fəaliyyətin davam etməsi təsadüfi görünmür.
Klinika rəhbərliyinin “biz sadəcə yeri icarəyə vermişik” açıqlaması isə vəziyyəti izah etmək əvəzinə daha çox sual doğurur. Bu cür izah səviyyəsiz və məsuliyyətdən yayınmağa hesablanmış bir cavab təsiri bağışlayır. Axı tibb müəssisəsi kimi fəaliyyət göstərən bir məkanda kimin, hansı fəaliyyətlə məşğul olduğunu bilməmək necə mümkün ola bilər? Belə çıxır ki, sən məkanı icarəyə verirsən və icarədar orada istədiyini edə bilər? Bu yanaşma qəbul edilərsə, o zaman istənilən tibb müəssisəsi sabah istənilən şəxsə məkan verə və baş verənlərə görə məsuliyyət daşımadığını iddia edə bilər. Bu isə səhiyyə sahəsində nəzarət və məsuliyyət anlayışını tamamilə şübhə altına alır.
Digər tərəfdən, ortaya daha ciddi suallar çıxır. Əgər bu hadisə sosial şəbəkələrdə rezonans doğurmasaydı, böyük ehtimalla həmin şəxs “fəaliyyətini” sakit şəkildə davam etdirəcəkdi. Yəni problem ictimaiyyətin diqqətinə çıxmasaydı, bəlkə də heç kim bu məsələyə müdaxilə etməyəcəkdi.
Bununla bağlı başqa bir məqam da diqqətdən qaçmır. Belə bir “qəbul”un təşkil olunması, insanların ora axın etməsi və böyük növbələrin yaranması bir günün işi deyil. Deməli, bu barədə əvvəlcədən məlumat yayılıb, reklam olunub və müəyyən auditoriya formalaşdırılıb. Bəs bu qədər insan onun ora gəlməsindən necə xəbər tutmuşdu? Kimlər bu məlumatı yaymışdı? Bu sualların cavabı hələ də açıq qalır.
Hətta bir çoxları haqlı olaraq belə bir sual da verir: paytaxtın mərkəzində, insanların kütləvi şəkildə toplaşdığı bir məkanda günlərlə davam edən bu fəaliyyət doğrudanmı heç kimin diqqətini çəkməmişdi? Həmin ərazidə xidmət aparan hüquq-mühafizə orqanlarının bundan xəbərsiz olması nə dərəcədə inandırıcıdır? Azərbaycanda, xüsusilə də Bakıda belə bir hadisənin heç kimin xəbəri olmadan baş verməsi real görünmür.
Bütün bunlar göstərir ki, məsələ göründüyündən daha mürəkkəb ola bilər. Çünki belə bir “şəfaçı”nın ölkəyə gəlməsi, klinikada qəbul keçirməsi, insanların ora cəlb olunması və günlərlə fəaliyyət göstərməsi sadəcə təsadüf kimi görünmür.
Digər tərəfdən, problemin kökündə cəmiyyətin bir hissəsində mövcud olan inamsızlıq da dayanır. Səhiyyə sistemində dərmanların keyfiyyəti ilə bağlı narazılıqlar, bəzi özəl tibb müəssisələrində pasiyentlərə lazımsız analiz və müayinələrin təyin olunması, müalicə prosesinin məqsədli şəkildə uzadılması barədə səslənən iddialar və yüksək qiymətlər insanların bir qismini alternativ yollar axtarmağa vadar edir. Bu isə müxtəlif fırıldaqçılar üçün münbit zəmin yaradır.
Tez-tez Avropa ölkələrində olan insanlar isə fərqli mənzərənin şahidi olduqlarını deyirlər. Orada pasiyentlər həkimdən mütləq sağalma ilə bağlı qarant tələb etmir. Çünki tibb elminin də müəyyən sərhədləri olduğu qəbul edilir. Eyni zamanda apteklərdən həkim təyinatı olmadan dərman almaq demək olar ki, mümkün deyil. Bu isə həm dərman istifadəsinə ciddi nəzarət yaradır, həm də insanların özbaşına “müalicə” üsullarına əl atmasının qarşısını alır.
Bu hadisə bir daha göstərdi ki, texnologiyanın inkişafı avtomatik olaraq cəmiyyətin elmi düşüncəsinin inkişafı demək deyil. Süni intellektin, robot texnologiyalarının və gen mühəndisliyinin inkişaf etdiyi bir dövrdə belə xurafat və möcüzəvi müalicə iddiaları hələ də özünə yer tapa bilir.
Üstəlik, bir reallıq da var ki, çoxları bunu etiraf etməsə də hiss edir: belə qalmaqallar bəzən marağı azaltmır, əksinə artırır. Mən inanıram ki, bir müddət keçdikdən sonra həmin şəxs yenidən Bakıya gəlsə, onun qəbuluna gələn insanların sayı bəlkə də daha çox olacaq. Çünki sensasiya, qadağa və müzakirə bəzi hallarda reklamdan daha güclü təsir göstərir.
Amma burada əsas sual yenə də dəyişmir: niyə belə olur? Niyə insanlar həkimə deyil, belə şəxslərə üz tutur? Niyə belə şəxslərin ətrafında bu qədər maraq yaranır?
Bu sualların cavabı tapılmadan belə hadisələr təəccüblü görünməyə davam edəcək. Çünki problem təkcə bir nəfərin özünü “şəfaçı” kimi təqdim etməsində deyil. Problem belə şəxslərin ortaya çıxmasına və fəaliyyət göstərməsinə imkan verən mühitdədir. Deməli, məsələ bizim düşündüyümüz qədər sadə deyil.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: