Susmaq etiraf etmək deməkdir – Şərafəddin İlkin

Susmaq etiraf etmək deməkdir – Şərafəddin İlkin

 

(Üçüncü yazı)

Bəzən sükut sözün özündən daha gur danışır. Son günlər dərc olunan yazılarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındakı (AHİK) bürokratik xaos, gizli qurultaylar, fantastik maaşlar və üzvlərin pullarının hesabat vermədən xərclənməsi faktlarla ortaya qoyuldu. Yazılar yayımlandıqdan sonra yüzlərlə üzv narazılığını mənimlə bölüşdü. Amma nə AHİK rəhbərliyi, nə də ona nəzarət etməli olan dövlət qurumları bu ittihamlara cavab verdi.
Əslində bu susqunluğun özü artıq cavabdır. Əgər deyilənlər yalan və ya şişirtmə olsaydı, qurum dərhal bəyanat yayar, rəqəmlər və faktlarla ittihamları təkzib edərdi. Amma hələ də səssizlik hökm sürür. Bu isə ictimaiyyətin gözündə iki nəticə doğurur: ya deyilənlərin hamısı doğrudur, ya da rəhbərlik öz fəaliyyətini müdafiə edəcək arqument tapa bilmir.
Üzvlərin pulundan maaş alan, xidməti maşınlarda gəzən rəhbərlik sadə bir hesabat təqdim etməyə belə cəsarət etmir. Halbuki bu, hər demokratik həmkarlar təşkilatında normal qaydadır. Qapalı otaqlarda keçirilən “qurultaylar”, 70 yaşını keçmiş məmurların kreslodan qalxmaması, milyonlarla manatlıq gəlirlərin gizlədilməsi ortada böyük bir qanunsuzluğun olduğundan xəbər verir.
Məsuliyyət yalnız AHİK rəhbərliyinin deyil. Əmək münasibətlərinə nəzarət edən dövlət qurumları da susqunluğa qərq olub. Halbuki üzvlərin haqlı narazılığı artıq ictimai müzakirəyə çevrilib. Dövlətin müdaxilə etməməsi isə sualları artırır: bu susqunluq qurumu qorumaqmı, yoxsa problemləri görməzdən gəlməkmi deməkdir? Axı necə ola bilər ki, bir tum satan vergidən yayınanda ona cinayət işi açılır, amma milyonlarla zəhmətkeşin haqqı bir qurum tərəfindən mənimsəniləndə onlardan heç kim hesabat istəmir?
Əvvəlki yazılardan sonra mənə müraciət edən yüzlərlə insan artıq AHİK-dən çıxmaq istədiyini bildirib. Çünki heç kim öz cibindən maaş alan, amma onun haqqını qorumaq əvəzinə kreslosunu qoruyan bir qurumda qalmaq istəmir. Üzvlərin tək bir tələbi var: hesabat verin! Pulumuzu hara xərcləmisiniz, qurultayı necə keçirmisiniz, rəhbərliyi kim və necə seçib?
Əgər bu suallar yenə cavabsız qalacaqsa, AHİK-in adı Azərbaycanda həmkarlar hərəkatının simvolu yox, susqunluğun, məsuliyyətsizliyin və etimadsızlığın sinoniminə çevriləcək. Mən isə bir jurnalist olaraq susmayacağam. İctimaiyyətin haqqı olan sualları səsləndirməyə davam edəcəyəm. Çünki susmaq – artıq etiraf etmək deməkdir.

Şərafəddin İlkin,,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Rəsul Rza” mükafatı laureatı.

Share: