“Şuşa Qobal Media Forumuna xarici medianın göstərdiyi diqqət Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki aktiv rolunun nəticəsidir”

“Şuşa Qobal Media Forumuna xarici medianın göstərdiyi diqqət Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki aktiv rolunun nəticəsidir”

Azərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində keçirilən III Şuşa Qlobal Media Forumu, həm keçirildiyi məkan, həm məzmun, həm də verdiyi mesajlar baxımından mühüm əhəmiyyət kəsb edir. 19 iyul 2025-ci il tarixində Xankəndidə keçirilmiş III Şuşa Qlobal Media Forumu, Azərbaycanın beynəlxalq informasiya məkanında artan nüfuzunun və qlobal siyasi gündəmə verdiyi töhfənin bariz nümunəsi oldu.

 

Qeyd edək ki, bu il keçirilən Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirib. Foruma göstərilən diqqət Azərbaycanın beynəlxalq siyasi arenada artan nüfuzunun bariz təzahürüdür.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunan tədbir, Azərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində keçirilməsi ilə əlavə simvolik çalar qazandı. Forum sübut etdi ki, Azərbaycan artıq informasiya texnologiyaları və media siyasəti sahəsində də regional və qlobal liderlik iddiasını açıq şəkildə ortaya qoyur. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakçıların suallarını cavablandırması tədbirin strateji dəyərini daha da artırdı. Dövlət başçısının COP29, rəqəmsallaşma, beynəlxalq media əməkdaşlığı, “Böyük Qayıdış” proqramının icrası, enerji siyasəti, Zəngəzur dəhlizi, Azərbaycan-Ermənistan münasibətləri, regional sabitlik və eləcə də dünya siyasətini maraqlandıran bir çox vacib məsələlərə toxunması Azərbaycanın artan qlobal çəkisinin açıq nümayişi idi. Prezident İlham Əliyevin forumda çıxışı zamanı toxunduğu strateji məqamlar – xüsusilə Zəngəzur dəhlizi ilə bağlı verdiyi mesajlar və Azərbaycanın enerji təchizatı sahəsindəki rolu – ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətini bir daha ortaya qoydu.
Prezident İlham Əliyev forumda çıxışı zamanı bildirdi ki, “Bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır”. Bu bəyanat, Azərbaycanın suveren hüquqlarının və ərazi bütövlüyünün bərpasından sonra yeni geosiyasi düzənin qurulmasında qətiyyətli mövqeyini əks etdirir. Zəngəzur dəhlizi ilə bağlı məsələ təkcə regional infrastruktur layihəsi deyil, eyni zamanda Cənubi Qafqazın gələcək inteqrasiya modelidir. Dəhlizin açılması ilə Azərbaycan öz əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurmaqla yanaşı, həm də türk dünyasının ortaq nəqliyyat arteriyasını formalaşdıracaq. Zəngəzur dəhlizi həm də Ermənistan üçün yeni əməkdaşlıq imkanları yarada bilər. Əgər rəsmi İrəvan bu fürsətdən düzgün istifadə edərsə, blokadadan çıxış, iqtisadi dirçəliş və regional inteqrasiyadan faydalana bilər. Əks halda, regiondakı proseslər Ermənistanın iştirak etmədiyi yeni reallıqlarla davam edəcək.
Bununla yanaşı cənab Prezidentin çıxışında qeyd etdiyi “Azərbaycan Avropanı təbii qazla təmin etməyə hazırdır” fikri, qlobal enerji gündəminin ən mühüm məsələlərindən biri olan enerji təhlükəsizliyində Azərbaycanın artan rolunu göstərir. Avropa İttifaqı ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə yönəlmiş siyasəti çərçivəsində Azərbaycan etibarlı və dayanıqlı tərəfdaş kimi ön plana çıxır.

Hazırda Azərbaycan öz təbii qaz ehtiyatlarını “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya ixrac edir. Bu layihənin əsas komponentləri olan TANAP və TAP boru kəmərləri uğurla fəaliyyət göstərir. Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində 2021-ci ildə ölkəmiz energetika sahəsində strateji tərəfdaşlıq haqqında sənəd imzaladı və o zaman Azərbaycan ixrac həcmini 8 milyarddan 13 milyard kubmetrə qaldırdı. Bu gün biz 12 ölkəyə qaz ixrac edirik. Onların 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür. Gələcək mərhələdə bu marşrutun genişləndirilməsi və əlavə ixrac imkanlarının yaradılması aktual məsələlərdəndir. Eyni zamanda, yaşıl enerji sahəsində də Azərbaycan özünü perspektivli tərəfdaş kimi təqdim edir. Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisi potensialı, Xəzər dənizində külək elektrik stansiyalarının yaradılması planları yaxın gələcəkdə Azərbaycanın enerji ixracını daha da artıracaq.
Millət vəkili Tamam Cəfərova xüsusilə vurğulayıb ki, bütün bunların fonunda Şuşa Qlobal Media Forumuna xarici medianın göstərdiyi diqqət Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki aktiv rolunun nəticəsidir. Bu baxımdan da Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra regionda yaranmış yeni geosiyasi reallıqda ölkəmiz sülh, əməkdaşlıq və inkişaf modelini təşviq edir. Eyni zamanda, dövlət başçısı sərt və yumşaq güc amillərini uzlaşdıraraq, həm diplomatik masada, həm də informasiya platformalarında Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə edir.
III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan təkcə regionda deyil, Avrasiyada enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və informasiya siyasəti sahələrində mühüm oyunçudur. Zəngəzur dəhlizi ilə bağlı irəli sürülən mövqe və Avropaya qaz ixracı istiqamətində atılan addımlar Azərbaycanın milli maraqlarının təmininə yönəlmiş strateji vizyonunun bir hissəsidir. Onu da qeyd etmək lazımdır ki, müasir dövrdə informasiya savaşı, enerji böhranı və geosiyasi qarşıdurmalar fonunda Azərbaycanın sabit, çevik və milli maraqlarından irəli gələn balanslaşdırılmış siyasəti ölkəni daha da gücləndirəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu yeni reallıq regionun gələcəyini müəyyənləşdirəcək əsas faktorlardan biri kimi çıxış edir. Millət vəkili Tamam Cəfərova belə deyib.

Share: