Sükan arxasında məsuliyyət: Xəzərdə etibarlı kapitanın peşə yolu

Sükan arxasında məsuliyyət: Xəzərdə etibarlı kapitanın peşə yolu

Dəniz, uzaqdan baxanda sakit və sonsuz görünə bilər. Amma sükan arxasında dayanan kapitan üçün hər mil məsuliyyət, hər dalğa hesablamadır.

Xəzər dənizində onilliklər boyu fasiləsiz xidmət göstərmək, müxtəlif təyinatlı gəmilərdə kapitan kimi çalışmaq və bu müddətdə heç bir qəza faktına yol verməmək yalnız yüksək peşəkarlıq, intizam və dərin naviqasiya bilikləri ilə mümkündür.
Uzun müddət AXDG QSC XDND- də çalışan Həsənov Nasif Kərim oğlu məhz bu xüsusiyyətləri ilə seçilən kapitanlardandır. 1967-ci ildə Masallı rayonunda anadan olan Nasif Həsənov 1984-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Balıq Sənaye Texnikumuna daxil olub və həyatını dənizçilik sahəsinə bağlayıb.

1989-cu ildən etibarən Xəzər Dəniz Neft Donanmasında (XDND) əmək fəaliyyətinə başlayan kapitan əvvəlcə növbə köməkçisi, daha sonra baş köməkçi kimi çalışaraq peşəkar təcrübəsini mərhələli şəkildə formalaşdırıb.
1997-ci ildən etibarən isə XDND-nin “Alatau”, “S. Vəzirov”, “İ. Qayıbov”, “Om”, “Nerça”, “G. Ə. Şıxlinski” k/gəmisi, “G. Abasov” və “Azərbaycan” gəmilərində kapitan vəzifəsində fəaliyyət göstərib. Onun rəhbərliyi altında həyata keçirilən səfərlər təhlükəsizlik baxımından nümunəvi hesab olunur.Xarakteri, peşəkarlığı, təcrübəsi ilə tanınan kapitanla həmsöhbət olduq:
– Kapitan olaraq gəmi idarə edərkən verdiyiniz ən kritik qərarlar hansı şəraitlərdə yaranır?
– Ən kritik qərarlar hidrometeoroloji şəraitin kəskin dəyişdiyi anlarda verilir. Güclü külək, hündür və amansız  dalğa, məhdud görünmə və axınlar kursun operativ şəkildə korrektə edilməsini tələb edir. Fırtına zamanı marşrutdan çıxaraq daha təhlükəsiz kurs seçmək bəzən qaçılmaz olur. Burada gəminin draftı, trim və list bucağı, yüklənmə sxemi, mühərrik bölməsinin vəziyyəti və manevr qabiliyyəti əsas rol oynayır. “Helm order” və “engine telegraph” koordinasiyası bu anlarda həyati əhəmiyyət kəsb edir.


Təcrübənizi gənclərlə bölüşək, deyin,Naviqasiya planlaşdırılarkən hansı beynəlxalq qaydalar əsas götürülür?
– Bildiyimiz kimi, SOLAS (Safety of Life at Sea), COLREG (Collision Regulations) və STCW (Standards of Training, Certification and Watchkeeping) konvensiyaları naviqasiyanın hüquqi və texniki bazasını təşkil edir. Bundan əlavə, yerli naviqasiya xəbərdarlıqları, hidroqrafik məlumatlar və meteo-proqnozlar diqqətlə nəzərə alınır. ECDIS elektron xəritə sistemi real vaxtda mövqeni göstərir, AIS isə ətrafdakı gəmilərin hərəkətini izləməyə kömək edir. Amma yekun qərar, texnoloji vəsitələrin verdiyi imkanlar nəzərə alınmaqla  vizual müşahidə, radar və təcrübə ilə təsdiqlənir.
Gəmiçiliklə az anlayıçı olanlar bilir ki, bu sahənin spesifik qaydaları, çətinliklıri var, bəzilərino bu çox asan görünə bilər. Mümkünsə deyin, gəminin stabilliyi və yüklənməsi zamanı qarşılaşdığınız çətinliklər nələr olub?
– Dediyiniz kimi, həqiqətən də ani diqqətsizlik, yaxud nələri isə diqqətdən kənarda saxlamağın gec düzələsi, yaxud heç düzəlməyəsi fəsadlara gətirib çıxara bilər. Təcrübəmə və təhsilimə əsaslanaraq deyim ki, yanlış yüklənmə və ya yükün yerdəyişməsi gəmidə və icra olunacaq dəniz əməliyyatlarında stabilliyi ciddi şəkildə poza bilər. Bir səfər zamanı  konteyner yükünün bərabər paylanmaması nəticəsində list yaranmışdı. Dərhal ballast sistemləri işə salındı, trim və meyl bərpa olundu. “GM” (metacentric height) və “lashing” düzgün yoxlanmadan gəminin stabilliyini təmin etmək mümkün deyil. Bu, nəzəriyyənin praktika ilə uyğunlaşdırılmasının vacibliyini göstərir.
Uzun illərdir gəmi sükanı arxasındasınız. Müxtəlif hava şəraitində manevrlər etmisiniz, Sizcə limana yanaşma və lövbər əməliyyatları zamanı risk faktorları hansılardır?
– Risklərdən uzaq olmaq olmur. Başlıcası düzgün qərar vermək, çevik ağıl və təcrübə, nəzəri biliyə güvənməkdir. Dar akvatoriya, yan küləklər, axın və yaxınlıqdakı digər gəmilərin hərəkəti əsas risklərdir. Lövbər salarkən dibin quruluşu, su dərinliyi və lövbər zəncirinin uzunluğu dəqiq hesablanmalıdır. “Scope” nisbəti, bollard gücü, mooring plan və stern/bow thruster imkanları bu mərhələdə həyati əhəmiyyət daşıyır.
– Müasir dənizçilikdə gəmilərin idarə olunmasında texnoloji yeniliklırin rolu müstəsnadır. Çağdaş dənizçilikdə bunlarsız mümkün deyil. Deyin,  Radar, kompas və GPS arasında uyğunsuzluq yaranarsa, hansı addımlar atılır?
– Yeniliklər çoxdur, əlbəttə. Amma, heç vaxt tək sensorla hərəkət etmirik. Vizual müşahidə gücləndirilir, kağız xəritə üzərində mövqe yoxlanılır və ehtiyat naviqasiya vasitələrindən istifadə olunur. Zərurət yaranarsa, sürət azaldılır və “safe speed” saxlanılır.
– Bəzən gözləmədiyin hallarla qarşılaşırsan. Sizin, texniki nasazlıq baş verdikdə prioritetiniz nə olur?
– Sözssüz ki, təhlükəsizlik birinci yerdədir. Mühəndis heyəti ilə dərhal koordinasiya qurulur, ehtiyat generatorlar və sistemlər işə salınır. “Main engine failure” zamanı steerage və propulsion-un saxlanması əsas prioritetdir. VHF vasitəsilə yaxın sahil xidmətlərinə məlumat verilir.
– Komandir, deyin, bəs Fövqəladə hallarda heyətin idarə olunması necə təşkil edilir?
– Hər kəs öz funksiyasını bilməlidir. “Muster station, fire station və damage control” prosedurları əvvəlcədən təlimlərlə öyrədilir. Kapitanın əsas vəzifəsi panikanın qarşısını almaq və düzgün əmrlər verməkdir.
Dəniz quldurları riski olan bölgələrdə hansı tədbirlər görülür?
– BDT prosedurları tətbiq olunur: watchkeeping gücləndirilir, citadel plan aktivləşdirilir, sürət artırılır və zəruri hallarda silahlı mühafizə təmin edilir.
– Bəs uzun səfərlərin heyətə təsiri necə qiymətləndirilir?
– Uzun səfərlər həm fiziki, həm də psixoloji sınaqdır. Watch system, rest hour-lar, crew welfare və ünsiyyət xüsusi əhəmiyyət daşıyır. Stress və yuxusuzluq təhlükəsizlik riskini artırır.
  Uzun illərin təcrübəsinə istinad edib gənc dənizçilərə tövsiyəniz nədir?
– Qaydalara ciddi əməl etsinlər, gəmi qanunlarını, dənizçiliyin sirlərini bilsinlər, daima oxuyub  öyrənsinlər və dənizə hörmətlə yanaşsınlar. Təcrübə zamanla qazanılır. “Celestial navigation və dead reckoning” bilikləri hələ də aktuallığını saxlayır.
Dənizçilik həm də həyat tərzidir, deyirlər, öyrənirsən, öyrədirsən və sair.  Dəniz  Sizə ən vacib hansı dərsi öyrədib?
– Səbr və məsuliyyət. Sükan arxasında təkcə gəmini deyil, insanların həyatını da idarə etdiyini, qoruduğunu heç vaxt unutmaq olmaz.

Tural Balabəyli

Share: