SSRİ-nin nostaljisinə ciddi baxış – Şərafəddin İlkin yazdı

SSRİ-nin nostaljisinə ciddi baxış – Şərafəddin İlkin yazdı

Son illər cəmiyyətdə tez-tez rast gəlinən bir yanaşma var: Sovet İttifaqı dövrü ilə bugünkü Azərbaycan reallıqları müqayisə edilir və bu müqayisə, demək olar ki, həmişə SSRİ-nin xeyrinə aparılır.

Əksər hallarda bu müqayisə emosional xatirələr, şəxsi nostalji və seçmə faktlar üzərində qurulur. İnsanlar Sovet dövründə məktəbin pulsuz olmasını, işsizliyin formal olaraq olmamasını, bəzi sosial təminatları qabardaraq, bugünkü problemlərlə üz-üzə qoyur və nəticədə “o vaxt hər şey yaxşı idi” qənaətinə gəlirlər. Lakin obyektiv müqayisə yalnız verilənləri yox, alınanların əvəzində itirilənləri də nəzərə almalıdır.
Şair dostum Faiq Balabəylinin Feysbuk sosial səhifəsində ironik yazısı da məhz bu nostalji dalğanın üzərində qurulub. Yazıda Sovet hakimiyyəti zahirən “pis” kimi təqdim edilsə də, sətiraltı həmin sistemə açıq simpatiya və indiki dövrə yönəlmiş narazılıq hiss olunur. Amma məsələ ondadır ki, SSRİ-ni bu günlə müqayisə edərkən çox vacib məhdudiyyətlər ya unudulur, ya da bilərəkdən kənara qoyulur.
Məsələn, Sovet dövründə minik avtomobili adi vətəndaş üçün əlçatan deyildi. Avtomobil almaq təkcə pul məsələsi deyildi – növbə, icazə, təşkilatın razılığı tələb olunurdu. İnsan illərlə “Jiquli” növbəsində gözləyir, çoxu isə ömrü boyu öz adına maşın ala bilmirdi. Bu gün isə avtomobil almaq hüququ deyil, seçim məsələsidir. İstəməyən almır, istədiyi qiymətə, istədiyi markanı alır. Azad bazarın verdiyi imkanları Sovet dövründə “sabitlik” adı ilə boğmuşdular.
Tikinti və məişət sahəsində vəziyyət daha acınacaqlı idi. SSRİ-də bir dənə də olsun müstəqil tikinti materialları satan mağaza yox idi. Adam evinin təmirinə bir kvadratmetr taxta, bir neçə mismar, sement almaq üçün tanış axtarırdı. “Obyekt” anlayışı yox idi, bazar yox idi, seçim yox idi. İnsan öz evində belə sərbəst deyildi. Bu gün isə istənilən material açıq bazarda var. Problem varsa, bu, sistemin yox, alıcılıq qabiliyyətinin və sosial siyasətin müzakirə mövzusudur.
Ən absurd məqamlardan biri isə hərəkət azadlığı ilə bağlı idi. SSRİ-də insan öz ölkəsində sərbəst gəzə bilmirdi. Bakıdan Masallıya, İmişliyə, Naxçıvana getmək üçün qeydiyyat, sənəd, icazə tələb olunurdu. Bu, sadəcə inzibati məsələ yox, vətəndaşa güvənsizlik siyasəti idi. Dövlət öz vətəndaşından qorxurdu. Bu gün isə ölkə daxilində sərbəst hərəkət ən adi və fundamental hüquqdur və bu, heç bir sosial təminatla əvəz edilə bilməz.
Təhsil və iş məsələsinə gəlincə, yazıda deyilənlər birtərəflidir. Məktəblər pulsuz idi, amma bu məktəblər azad düşünən yox, eyni cür düşünən insanlar yetişdirirdi. Tarix saxtalaşdırılırdı, milli kimlik arxa plana atılırdı, ana dilində təhsilin imkanları məhdud idi. Ali məktəblərə qəbulda “tanış yox idi” iddiası da həqiqəti tam əks etdirmir. Partiya mənsubiyyəti, sosial mənşə, siyasi etibarlılıq əsas meyar idi. Minlərlə istedadlı gəncin yolu bu səbəblərlə bağlanmışdı.
İşsizlik məsələsi isə formal idi. İnsan işləməyə məcbur idi, işləməsə “parazit” adlandırılırdı. Zavodların çoxu zərər edirdi, məhsul keyfiyyətsiz idi, amma statistika naminə hamı işdə göstərilirdi. Bu, rifah yox, süni məşğulluq idi və məhz bu səmərəsizlik Sovet iqtisadiyyatını çökdürdü.
Uşaq tərbiyəsi və müəllim nüfuzu məsələsində də idealizasiya var. Müəllimə hörmət qorxu üzərində qurulmuşdu. Uşaq müəllimi tənqid edə bilməzdi, sual verə bilməzdi. Bu gün problemlər varsa, səbəb azadlıq deyil, təhsil sisteminin yenilənməməsi, müəllimin sosial və hüquqi statusunun lazımi səviyyədə qorunmamasıdır.
Ən əsası isə Sovet dövrü Azərbaycan üçün müstəqil qərarvermə hüququnun olmaması idi. Dilimiz, tariximiz, sərvətlərimiz mərkəzin nəzarətində idi. Qarabağ probleminin toxumları da məhz həmin dövrdə səpildi. Biz “sosial təminat” qarşılığında dövlət olmaq haqqımızdan məhrum edilmişdik.
Müstəqillik çətindir, problemlidir, bəzən ağrılıdır. Amma bu problemləri özümüz həll etmək imkanı müstəqilliyin əsas üstünlüyüdür. Keçmişin bəzi elementlərini ideallaşdırmaq olar, amma bütöv bir sistemi “qızıl dövr” kimi təqdim etmək tarixə və gələcəyə qarşı ədalətsizlikdir.
Sovet İttifaqı sosial rahatlıq görüntüsü yaratsa da, azadlığı, seçimi və ləyaqəti əlindən almışdı. Bugünkü problemlərin həlli Sovetə qayıdışda deyil, müstəqil dövlətin daha ədalətli, şəffaf və insan mərkəzli qurulmasındadır.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı

Share: