SÖZÜN VƏ VƏFANIN ADAMI – Şərafəddin İLKİN yazdı

SÖZÜN VƏ VƏFANIN ADAMI – Şərafəddin İLKİN yazdı

İnsan ömrü tutduğu vəzifə ilə deyil, qoyduğu izlə ölçülür. Vəzifələr dəyişir, adlar unudulur, ünvanlar silinir, amma bəzi insanlar yaddaşlarda qalmağı bacarır.

 

Onlar bunu səs-küylə, nümayişlə yox, davranışları, münasibətləri və daxili mədəniyyətləri ilə edirlər. Cəmiyyətin müxtəlif qatlarında çalışan belə adamlar zaman keçdikcə rəsmi statuslarından ayrılır, xatirələrdə isə insan kimi qalırlar.
Bu gün Mahir Muradovun anım günüdür. Onun adı çəkiləndə ilk növbədə hansı vəzifəni tutduğu deyil, necə bir insan olduğu xatırlanır. Çünki Mahir Muradov üçün vəzifə məqsəd yox, məsuliyyət idi. O, hüququ yalnız qanun maddələri ilə deyil, vicdan ölçüsü ilə dəyərləndirənlərdən idi. Elə buna görə də onu tanıyanların yaddaşında Mahir Muradov bir prokuror kimi yox, daha çox mədəniyyəti, ədəbiyyata bağlılığı və sözə sədaqəti ilə seçilən bir şəxsiyyət kimi qalıb.
Cəmiyyətin adətən sərt və soyuq gördüyü prokurorluq sistemində çalışan bir insanın incə ruhlu, sözə və ədəbiyyata bağlı olması ilk baxışda ziddiyyət kimi görünə bilər. Amma Mahir Muradov bu ziddiyyəti öz şəxsiyyəti ilə aradan qaldırmışdı. Onun üçün ədəbiyyat istirahət yox, düşüncə tərzi idi. İnsanları anlamaq, onları dinləmək, qərar verərkən tələsməmək onun xarakterinin ayrılmaz cizgiləri idi.
Mahir Muradov Nizami rayon prokuroru işlədiyi illərdə biz onunla tez-tez görüşərdik. Bu görüşlər sırf xidməti xarakter daşımırdı. Bizi bir-birimizə yaxınlaşdıran əsas məqam ədəbiyyata olan maraq idi. Söhbətlərimizdə hüquqi məsələlərdən çox kitablar, müəlliflər, oxunan və oxunmalı əsərlər müzakirə olunurdu. Açığını desəm, o, prokuror işçisindən çox ədəbiyyat adamına bənzəyirdi. Sözün çəkisini bilən, cümlənin məsuliyyətini anlayan insan idi.
Mahir müəllim üçün söz sadəcə ünsiyyət vasitəsi deyildi. Söz onun üçün öhdəlik idi. Bəlkə də elə buna görə verdiyi sözə münasibəti də fərqli idi. Bir dəfə zəng edib onunla görüşmək istədiyimi bildirdim. Qısa və qəti cavab verdi – “Sabah gəl”.
Sabah gününün şənbə olduğunu xatırlayanda tərəddüd etdim. “Ola bilsin, səhv salıb”, – deyə düşündüm. Amma hər ehtimala qarşı prokurorluğa getdim. Mühafizədə dedilər ki, bu gün iş günü deyil, prokuror olmayacaq.
Artıq geri qayıtmaq istəyirdim ki, bir də gördüm Mahir müəllim gəldi. Maşından əl ilə işarə etdi ki, qayıdım. Qayıtdım. Sakit və təmkinli şəkildə dedi: -Sumqayıta gedirdim. Xırdalana çatanda yadıma düşdü ki, sənə söz vermişəm.
Bu sözlərdə nə rəsmi ton vardı, nə də süni nəzakət. Sadə, səmimi və bir o qədər də məsuliyyətli etiraf idi. Mən bu davranışdan xəcalət çəkib, ona əziyyət verdiyim üçün üzr istədim. Cavabı isə sadəcə bir təsəlli yox, həyat dərsi oldu: -Söz verdinsə, mütləq əməl etməlisən.
Bu bir cümlə Mahir Muradovun portretini tamamlamağa kifayətdir. Çünki o, vəzifəni yox, vəfanı; statusu yox, sözü önə çəkən insanlardan idi. Onun üçün prokuror olmaq məsuliyyət idi, amma insan olmaq daha böyük məsuliyyət idi.
İnsanlar çox vaxt vəzifədə olduqları dövrdə tanınır və xatırlanır. Mahir Muradov isə vəzifədən asılı olmayaraq xatırlananlardandır. Çünki o, kreslonun deyil, xarakterin ağırlığını daşıyırdı. Ədəbiyyata olan sevgisi də məhz insan ruhunu duymaq, anlamaq ehtiyacından qaynaqlanırdı.
Bu gün onu hörmətlə xatırlayırıq. Amma əslində Mahir Muradov yoxluqdan çox iz qoyub gedənlərdəndir. Onun davranışları, münasibətləri, verdiyi sözə sədaqəti hələ də onu tanıyanların yaddaşında yaşayır. O, bir məmur kimi yox, bir ölçü kimi xatırlanır – İNSANLIQ ÖLÇÜSÜ kimi.
Anım günləri bəzən kədər üçün bəhanə olur. Amma Mahir Muradovun anım günü daha çox düşünmək üçündür. Verdiyimiz sözlərə nə qədər sadiqik, tutduğumuz vəzifəni nə qədər insanlığımızla doldura bilirik?
Ruhu şad olsun. Onu tanıyanlar üçün Mahir Muradov hələ də sözünün üstündə duran adam olaraq yaşayır.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: