Sözün insan ruhuna təsiri – Sevil Azadqızı yazdı

Sözün insan ruhuna təsiri – Sevil Azadqızı yazdı

Söz insan ruhuna toxunan ilk görünməz əl, ilk eşidilməz səs, ilk titrək işıqdır. İnsan hələ özünü dərk etməmişdən əvvəl söz onu formalaşdırmağa başlayır, ana bətnində eşidilən səsdən tutmuş qəbir üstünə deyilən son kəlməyə qədər insan ruhu sözlə yoğrulur.

Söz insanın yalnız danışıq aləti deyil, varlıq mexanizmidir. Çünki ruh susanda belə söz içəridə danışmağa davam edir, insanın öz-özü ilə dialoqu da sözdür, qorxusu da sözdür, ümidə çevrilən dua da sözdür. İnsanın içində səssizcə böyüyən ağrı da, sevinc də, vicdan da söz şəklində yaşayır, buna görə söz ruhun yaddaşıdır. Ruhun arxivi, ruhun yarası və məlhəmidir. Eyni zamanda, deyilən bir söz ruhu ucalda bilər, deyilməyən bir söz isə onu illərlə çökdürə bilər. Çünki söz təkcə səs deyil, niyyətdir, enerji yüküdür, mənəvi izdir və bu iz ruhun dərin qatlarına həkk olunur. İnsan bəzən niyə incindiyini xatırlamır, amma incinmənin səbəbi olan söz ruhun bir küncündə yaşayır. Zaman keçdikcə xatirə silinir, təsir qalır, bu da göstərir ki, söz maddi yaddaşdan daha dərin bir sahədə, ruh yaddaşında yerləşir. Söz ruhu oyada da bilər, yuxuya da verə bilər. İnsanın özünə olan inamını bir cümlə dağıda, başqa bir cümlə isə onu ayağa qaldıra bilər. Buna görə söz tərbiyədir, söz məsuliyyətdir, söz əmanətdir. Çünki hər deyilən kəlmə qarşı tərəfin ruhuna toxunur və toxunduğu yeri ya sağaldır, ya da yaralayır. İnsan bəzən yumruqla deyil, sözlə sındırılır. Çünki söz ruhun sümüyünə dəyir, görünməz qırıq yaradır və bu qırıq zahirdə görünmədiyi üçün daha gec sağalır. Sözün insan ruhuna təsiri onun daşıdığı niyyətlə ölçülür, eyni kəlmə mərhəmətlə deyildikdə dua olur, kinlə deyildikdə lənətə çevrilir, eyni cümlə sevgi ilə deyildikdə ümid yaradır. Laqeydliklə deyildikdə boşluq yaradır. Deməli sözün gücü səsdə deyil, qəlbdədir, qəlbdən çıxan söz qəlbə gedir, dildən çıxan söz isə yalnız qulağa toxunur və itib gedir. Söz ruhun aynasıdır. İnsan nədirsə sözündə görünür, nə gizlədirsə sözünün arasında sızır, buna görə susqunluq belə bəzən söz qədər danışandır. Çünki susqunluğun içində də deyilməmiş kəlmələr var, deyilməmiş sözlər isə ruhda ağırlıq yaradır, insan bəzən danışmadığı üçün yorulur. Demədiyi sözlər onu içindən yeyir. Bu nöqtədə söz ruhi boşalmanın, ruhi təmizlənmənin yoluna çevrilir. Etiraf sözlə olur, bağışlama sözlə olur, dua sözlə olur, tövbə sözlə olur və bunların hamısı ruhun sağalma mərhələləridir. Söz təkcə fərdi ruhu deyil, kollektiv ruhu da formalaşdırır. Cəmiyyətlər sözlə qurulur, ideologiyalar sözlə yayılır, müharibələr sözlə başlayır, barışlar sözlə möhürlənir, bir xalqın ruhu onun dilində yaşayar. Dil korlandıqda ruh da korlanar, söz ucuzlaşdıqda dəyər anlayışı aşınar. Yalan söz ruhu zəhərləyər, doğru söz isə ağır olsa da təmizləyər. buna görə sözün əxlaqı var, sözün vicdanı var, sözün hesabı var, hər deyilən kəlmə ruhda bir iz buraxır və insan bu izlərlə yaşlanır. Yaş aldıqca sözlərin yükü ağırlaşır, çünki hər söz ya nur, ya kölgə kimi ruhda qalır. Söz Allahla insan arasında da körpüdür, dua sözlə yüksəlir, vəhy sözlə enir, müqəddəs mətnlər sözün ilahi formasını daşıyır, bu da göstərir ki, söz təkcə psixoloji deyil, metafizik gücə malikdir. İnsan söz vasitəsilə həm yerə bağlanır, həm göyə, buna görə söz məsuliyyətsiz deyilə bilməz. Çünki ruh eşidir, ruh yadda saxlayır, ruh cavab verir. Demək olar ki, insan ruhunun taleyi eşitdiyi, dediyi və içində böyütdüyü sözlərlə yazılır. Kim sözün qədrini bilirsə ruhunu qoruyur, kim sözü ucuzlaşdırırsa ruhunu zədələyir. Çünki söz insanın iç dünyasında yazılan görünməz kitabdır və o kitabın səhifələri bir dəfə yazıldımı, silinməsi çox çətin olur.
Söz insan varlığının başlanğıc nöqtəsidir. Çünki insan özünü dərk etməyə sözlə başlayır, “mən” anlayışı sözlə formalaşır və ruh ilk dəfə söz vasitəsilə özünə güzgü tutur. Söz olmasaydı düşüncə dağınıq impulslar halında qalardı. Söz düşüncəni formaya salır, forma isə varlığı mümkün edir. Buna görə söz ruhun memarıdır, ruh öz evini sözlə tikir, bu ev ya işıqlı, ya qaranlıq olur. İnsanın daxili aləmi eşitdiyi ilk sözlərdən etibarən qurulur. Sevgi ilə deyilən söz ruhu genişləndirir, qorxu ilə deyilən söz ruhu daraldır. İnsan bəzən özünün niyə belə olduğunu anlamır, halbuki cavab onun uşaqlıqda eşitdiyi, gənclikdə qəbul etdiyi, böyüklükdə təkrarladığı sözlərdə gizlidir. Söz ontoloji olaraq sadəcə ifadə deyil, varlıq aktıdır. Deyilən söz bir reallıq yaradır, “sən bacarırsan” deyildikdə ruh imkan qazanır, “sən heç nəsən” deyildikdə ruh özünü inkar etməyə başlayır. Bu da göstərir ki, söz varlığı ya təsdiqləyir, ya da silir. Buna görə sözün məsuliyyəti ontoloji məsuliyyətdir. İnsan ruhu sözlə zədələnir və sözlə sağalır, psixoloji travmaların böyük əksəriyyəti fiziki hadisələrdən deyil, sözlə yaranır. Təhqir, laqeydlik, aşağılanma, susaraq deyilmiş sözlər belə ruhda iz qoyur. İnsan illər sonra bir cümləni xatırlayanda ürəyinin niyə sıxıldığını anlamır. Çünki ruh sözün emosional yükünü saxlayır, söz bir toxum kimidir, ya qorxu bitirir, ya güvən, psixoloji möhkəmlik eşidilən sözlərin keyfiyyəti ilə formalaşır. Özünə inam təriflə deyil, doğru və ədalətli sözlə böyüyür. Yalan tərif ruhu şişirdir, sərt həqiqət isə ruhu möhkəmləndirir. Buna görə sözün tonu qədər niyyəti də psixoloji təsir yaradır. Susdurulan insanın ruhu danışa bilmədiyi üçün içindən dağılır, danışa bilən insan isə söz vasitəsilə özünü tənzimləyir. Psixoloji terapiyanın özü də sözə əsaslanır, çünki insan öz ağrısını adlandıranda onu idarə edə bilir. Adlandırılmayan ağrı isə ruhu içindən yeyir. Cəmiyyətlərin ruhu fərdlərin söz yaddaşından ibarətdir. Bir xalqın dili onun kollektiv ruh xəritəsidir. Dildə yalan çoxaldıqca güvən azalır, təhqir normallaşdıqca zorakılıq adi hala çevrilir. Söz mədəniyyəti zəiflədikdə cəmiyyətin əxlaq sütunları laxlayır, çünki qanun sözdür, ədalət sözdür, vəd sözdür, əhd sözdür, sözün dəyəri itəndə müqavilələr kağıza, vicdan isə sükuta çevrilir. Liderlərin dediyi sözlər toplumun emosional iqlimini müəyyən edir, nifrət dili qorxu yaradır, mərhəmət dili ümid yaradır. Tarix boyu inqilablar da, dirçəlişlər də sözlə başlamışdır. Bir şüar kütlələri ayağa qaldırmış, bir cümlə xalqları sındırmışdır, bu da göstərir ki, söz təkcə fərdi ruhu deyil, tarixi istiqaməti də dəyişən gücdür. Söz maddi aləmi aşan bir mahiyyət daşıyır. Dua sözlə edilir, tövbə sözlə edilir, ilahi müraciət sözlə formalaşır, insan Tanrı ilə münasibətini söz üzərindən qurur. Bu sözlər səmimiyyət daşıyırsa yüksəlir, riyakarlıq daşıyırsa boşluqda itir. Müqəddəs mətnlər sözün ilahi çəkisini göstərir, “ol” deyildi və oldu prinsipi sözün yaradıcı gücünü simvolizə edir. İnsan da öz kiçik aləmində “ol” deyən varlığa çevrilir, dediyi sözlə taleyini formalaşdırır. Bəzən insan özünə lənət oxuyur, bunu fərq etmədən edir, “mən bacarmaram” dedikcə ruh bu hökmü qəbul edir. Dua yalnız Allaha deyil, insanın öz ruhuna da deyilən sözdür, buna görə sözə diqqət ibadətdir. Sükut isə sözün yetişmə mərhələsidir Nəticə olaraq, söz insan ruhunun yazıldığı görünməz kitabdır. Hər kəlmə bir sətirdir, hər niyyət mürəkkəbdir. İnsan bu kitabı özü yazır, amma oxumaq cəsarəti hər kəsdə olmur. Sözə sahib çıxan ruhuna sahib çıxar. Sözünü qoruyan insan öz iç aləmini qoruyar. Çünki söz insanın həm aynası, həm taleyidir.

Sevil Azadqızı
08.02.2026

Share: