Sözün Əmanətçisi -Zemfira Məhərrəmlinin 70 illik yubileyindən reportaj

Sözün Əmanətçisi -Zemfira Məhərrəmlinin 70 illik yubileyindən reportaj

Zemfira Məhərrəmli jurnalistikanın təəssübünü çəkən istedadlı və prinsipial qələm sahibi, eyni zamanda, insan mənəviyyatını dərinliyi ilə əks etdirən söz adamıdır. Onun istər məqalələri, istərsə də bədii nümunələri insana hörmət və dərin məhəbbət daşıyır. Oxucularının qəlbinə yol tapan yazıçı- publisistin yaradıcılığı gənc nəsillərə ilham mənbəyidir. Bu mənada Azərbaycan jurnalistikasının ən çətin, həm də ən yaddaqalan illərini yaşamış Zemfira Məhərrəmlinin yubileyi təkcə bir tədbir deyil, bütöv bir epoxanın xatırlanması oldu.
Tədbir yazıçının həyat yolunun müxtəlif məqamlarını əks etdirən qısa videoçarxın nümayiş olunması ilə başlandı.
Mətbuat Şurasının sədri Rəşad Məcid tədbiri giriş sözü ilə açaraq bu görüşün önəmini qeyd etdi: “Bu gün burada yalnız bir yubileyi deyil, sözə sədaqətlə keçən ömrü yad edirik.”
Rəşad Məcid çıxışında Z. Məhərrəmlinin jurnalistikaya gəldiyi illərdən söz açaraq bildirdi ki, 1978-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirdikdən sonra ustad Nəsir İmanquliyevin dəvəti ilə “Bakı” və “Baku” qəzetlərində müxbir kimi fəaliyyətə başlaması, daha sonra uzun illər həmin nəşrdə “Elm, Təhsil və Mədəniyyət” şöbəsinə rəhbərlik etməsi onun peşəkarlığının ilk mərhələlərini təşkil edib.
Şura sədri həmçinin Z.Məhərrəmlinin 2003-2015-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr sektoruna rəhbərlik etdiyi dövrdə göstərdiyi operativlik və dəqiqliyi xüsusi vurğuladı.

Zemfira Məhərrəmlinin yaradıcılığında həm də hərbi reportaj yazıları önəmli yer tuturdu.
Qarabağ müharibəsinin ən ağır illərində cəbhə bölgələrinə səfərləri, orda apardığı müşahidələr və əsgərlərin döyüş yolunu əks etdirən yazıları onun savaş publisistikasının məğzini təşkil edirdi.  Məhz həmin illər “Döyüşə qızlar gedir”, “Qarabağda savaş var”, “Ötür durna qatarı” və “Qırx qız dastanı” kimi kitabların yaranmasına səbəb oldu. Zemfira Məhərrəmlinin layiq görüldüyü mükafatlar, o cümlədən dövlət tərəfindən təltif edildiyi “Tərəqqi” medalı və “Əməkdar jurnalist” fəxri adı da tədbirdə xüsusi qeyd edildi.
Zemfira Məhərrəmlinin çoxşaxəli yaradıcılığı da diqqət mərkəzində idi: “Bir ömürdə üç həyat”, “Ömür bitər, yol bitməz…”, “Oyuncaq”, “Payız ilğımları”, “Analıq haqqı”, “Qarabağ müharibəsi: zərif talelər”, “Bədii düşüncədə Qarabağ” və İstanbulda çap olunan “Zəfər yolçuları” kitabları onun həm publisistikada, həm də bədii nəsrdə özünəməxsus iz qoyduğunu göstərir.
Tədbirdə Zemfira xanımın televiziya və kino sahəsindəki fəaliyyəti də yada salındı: 1990–1992-ci illərdə efirdə yayımlanan “Ana sözü” proqramının müəllifi və aparıcısı, “Döyüşə qızlar gedir” filminin ideya və ssenari müəllifi olması, eləcə də son illər çap olunan “Çox kiçikdir bu dünya” və “Arabadakı adam” kitabları, “Ümid işığı” pyesinin Şuşa Dövlət Musiqili Dram Teatrında səhnələşdirilməsi xüsusi vurğulandı.
“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov çıxışında “Bakı qəzeti”ndə birgə çalışdıqları dövrləri xatırladaraq bildirdi ki, həm Zemfira xanım, həm də həyat yoldaşı Qulu müəllim bütün yaradıcılıqları boyunca haqq-ədalətin müdafiəçisi olublar.
Tədbirdə diqqət çəkən məqamlardan biri də Qulu müəllimin mükafata layiq görülməsi xəbəri idi. Bu barədə səbəbkarın özü belə məlumatlı deyildi. Xəbəri ona qələm dostu və həmkarı Rəşad Məcid çatdırdı. Belə ki, Qulu müəllim Modern.az media qrupunun təşəbbüsü ilə “Şirməmməd Hüseynov mükafatı”na layiq görülmüşdü.
Tədbir iştirakçılarını səmimiyyətlə salamlayan Qulu Məhərrəmli çıxışında həyat yoldaşını tərifləmək kimi qəribə bir “kompleksi” olduğunu zarafatla qeyd etdi: “Amma yubiley tamam başqa aləmdir, burada insan istər-istəməz daha səmimi olur və sözünü gizlətmir.”
Videoçarxdakı görüntülər xatirələri yenidən oyatdığını deyən Qulu Məhərrəmli Zemfira xanımın fəaliyyətini yüksək qiymətləndirdi:
“Zemfira xanım yaxşı jurnalistdir. Bunu mən deməliyəm. Qulu müəllim dedi ki, Zemfira xanım hələ tələbəlik illərində bir çox qəzetlərdə yazılar dərc etdirirdi. O, məhsuldarlığı ilə bizdən irəlidə idi. Xüsusilə “Bakı” qəzetinə müntəzəm yazırdı. Həmin qəzetdə isə onlar bizdən xeyli əvvəl yazmağa başlamışdılar.
Zemfira xanım haqqında hazırlanan toplunun redaktoru, “Yada düşdü” jurnalının rəhbəri, Tərəqqi medallı Nəzakət Məmmədli çıxışında bildirdi ki, yazıçının həyatında dostluq və ailə sevgisi hər zaman ön plandadır. Onun dostlarına sədaqəti və övladlarına göstərdiyi diqqət insani keyfiyyətlərinin ən gözəl nümunələrindəndir.
Tədbirdə Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin eksperti Əkbər Qoşalı komitə sədri Fazil Mustafanın təbrik məktubunu yubilyara təqdim etdi. Ardınca “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, şair-publisist Vaqif Bəhmənli, araşdırmaçı jurnalist Ülkər Hüseynova, Bakı qəzetində uzun illər çalışmış veteran jurnalist Ənvər Məşədiyev, MŞ İdarə Heyətinin üzvü Yadigar Məmmədli, əməkdar jurnalist Əminə Yusifqızı, yazıçı-publisist Şərəf Cəlilli, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi, şair-yazıçı Şövkət Zərrin Horovlu, şair-publisist Mahcamal Babayeva, BDU-nun kafedra müdiri Əsmər Əliyeva, əməkdar jurnalistlər İttifaq Mirzəbəyli, Şəmsiyyə Kərimova və Əntiqə Qonaq,  “Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, şair-publisist Giya Paçxataşvili, yazıçı-jurnalist,  Azerbaycan.media   saytının rəhbəri Fuad Biləsuvarlı, yazıçı Arzu Nehrəmli, yazıçı Xanım Aydın, pedaqogika üzrə fəlsəfə doktoru Əminə Qədimova çıxış edərək Zemfira Məhərrəmlinin çoxşaxəli yaradıcılığı haqqında fikirlərini bölüşdülər.
Tədbirin sonunda söz yubileyin qəhrəmanı Zemfira Məhərrəmliyə verildi. O, Mətbuat Şurasının sədri Rəşad Məcidə, həmçinin tədbirdə iştirak edən qələm dostlarına təşəkkür etdi.
Tədbir çərçivəsində yubilyarın yeni çapdan çıxmış “Arabadakı adam” roman və pyeslər toplusu, eləcə də 70 illiyi münasibətilə hazırlanan “Qələm sirdaşım oldu” kitabı təqdim olundu.
Sonda Zemfira Məhərrəmliyə Mətbuat Şurasının diplomu təqdim edildi.
Bu yubiley təkcə 70 illik bir hesabat deyil, həm də yazıçı- publisistin gələcək işlərinə, yaradıcılığının davamına bir baxış kimi yadda qaldı. Zemfira Məhərrəmlinin peşəkarlığı və özünəməxsus qələmi isə cəmiyyətə hələ söylənəcək çox sözün, paylaşılacaq çox həqiqətin olduğunu xatırladır.

 

Share: