SÖZÜN BÖYÜK OĞLU – MUSA ƏLƏKBƏRLİ

Sabah Azərbaycanın gözəl şairi, sözün böyük oğlu Musa Ələkbərlinin 70 illik yubileyidir. Otuz beş illik dostumu canı-dildən təbrik edir, dillər əzbəri olan şeirlərindən bir neçəsini Müstəqil.Az-ın vasitəsi ilə sevgili dostlarla paylaşıram.

Vasif SÜLEYMAN

Musa ƏLƏKBƏRLİ

SƏNİ SEVƏNLƏR
İnam da, qorxu da döyür fikrimi,
Üzümə şəfqətlə baxıb gedirsən.
Qəlbimdən süzülən bir duyğu kimi,
Gözümdən hər yana axıb gedirsən.

Gedirsən, ürəyim üstündə qalır,
Adını səsləsəm, alışar səsim.
Səni istəyənlər artır, çoxalır,
Mən hansı birinin yolunu kəsim…

Görən arasında varmı utuncaq,
Sənli hisslərimi bölüşür onlar.
Çoxu bir-birini tanımır ancaq,
Mənim ürəyimdə görüşür onlar.

Gedirsən, arxanca neçə göz baxır.
Gör neçə arzuda, neçə addayam.
Sevənlər çay kimi kükrəyir, axır,
Gərək bu çayları keçəm, adlayam.

Qarşına ümidlə çıxıram hər gün,
Bircə söz dilimdən asılı qalır.
Susuram, bəlkə də susduğum üçün,
Səni istəyənlər artır, çoxalır.

Onsuz da od oğlu odsuz yanandır,
Fərqinə varsan da yaxşının, pisin,
Neçə eloğlumu oduna yandır,
Təkcə birisinin eşqinə isin.

Səni sevənlərin əsl mərdini,
Göstər, qardaş kimi sıxım köksümə.
Razıyam mən onun bütün dərdini,
Bütün əzabını yığım köksümə.

Şam yanar, pərvanə axışar, gələr,
Birinci yanmasam, bil ki, yanmaram.
Səni məndən artıq sevə bilsələr,
Heç kimi özümə rəqib sanmaram.

SİZİN KÜÇƏNİZ
Burda baxışlarım əriyib gün tək,
İşıqlar yananda yanıb hər axşam.
Binalar şəfəqdən açıb gül-çiçək,
Gözümlə öpmüşəm, sığallamışam.

Bəzən də durmuşam fikri dolaşıq,
Səndən çox gileyim, çox küsüm olub.
Sizin pəncərədən süzülən işıq
Üzümdə-gözümdə təbəssüm olub.

Dindirib məhəbbət diliylə məni,
Nəğməyə çevrilib hər ləpir, hər iz.
Şirin arzuların seliylə məni
Ümmana axıdıb sizin küçəniz.

Deyin, sarmaşığı kənara əysin,
Yenə pəncərəyə qonub ağ əllər.
Qoy kimin xətrinə dəyirsə, dəysin
Sizin küçəlidir bütün gözəllər.

Xəyalım küçə tək uzanar, gedər,
Sevdalı bir yolu keçəsi olar.
Küçəniz uzanar ekvator qədər,
Dünyanın məhəbbət küçəsi olar.

Sevən ürəyimi alıb ovcuna,
Ömrümə-günümə sıxıb küçəniz.
Bəlkə də həsrətim yetəcək sona,
Muştuluğa qaçan bir uşaq kimi,
Gedib kəndimizə çıxıb küçəniz.

GƏLƏCƏK
Həmişə belədir, ulu dünyanın,
Ağrısı-acısı mərdə gələcək.
Bu söz illər boyu çıxıb sınaqdan,
Xeyir gələn yerə şər də gələcək.

Qarşıma min çəpər, min hədd qoymasa,
Canımı verərdim minnət qoymasa.
Kim bu gözəlliyə qiymət qoymasa,
Gözünə görümsüz pərdə gələcək.

Ala gözlərinə yer-göy küsənir,
Özündən xəbərsiz məndən küsənin.
Səadət bəlkə də ömrünə sənin,
Məni səslədiyin yerdə gələcək.

Təmiz ürəyim var, bir eşqin əli,
Bir az ağlamalı, bir az gülməli.
Qəfil bir sevincdən olacaq dəli,
Qapına əzaba, dərdə gələcək.

İstəyin odur ki, dinməyəm, susam,
Bu sevda çatmasın elə-ulusa.
Elə arxayınsan, elə bil Musa,
Sən olan dünyaya bir də gələcək.

GƏLİB
Bəxt oyanıb, tale sənə baxanda,
Baxışına duman gəlib, çən gəlib.
Qızılgüllər gül açsa da yaxanda,
Tikanlara calaq oldun sən gəlib.

Ay sevgisiz yuva quran, ev tikən,
İndi ağır günahından pisikən.
Ürəyinə yeridikcə o tikən,
Saçlarına birər-birər dən gəlib.

Bu iltimas xeyirdimi, şərdimi…
Aradınmı kişilərin mərdini.
Bir halda ki, böləcəkdim dərdini,
Niyə sənə tuş olmurdum mən gəlib.

Maralsansa, elə baxma ovçuna,
Bu nəri sən tezcə gətir ovsuna.
O ki, alıb ürəyini ovcuna,
Öz eşqiylə qarşı gəlib, tən gəlib.

Ürəyində ümman olar o damla,
Boğularsan öz evinlə, odanla.
Ömrün keçər sevmədiyin adamla,
Görərsən ki, dünya sənə dan gəlib,

Cana doyub bu haraydan, qıyyadan,
Axır biz də ayılmışıq röyadan.
Ver əlini, çıxıb gedək dünyadan,
İllər boyu gözlədiyim an gəlib.

Dərdi boldu, bu mənimdi, bu sənin,
Dodağında yeri yanan busənin.
Yollarına boylanmaqdan Musanın,
Ay insafsız, gözlərinə qan gəlib.

VARMIŞ
Gözümdən od yağsa, daha inanma,
Könlümün nə dərdi, nə yası varmış.
Ürəyim dönübmüş ilan dilinə,
Hərənin bir özgə dünyası varmış.

Görsən sədam gəldi, kimsə alışdı,
Deyərsən adicə dostdu, tanışdı.
Haqqımda çoxları haqsız danışdı,
Bəlkə də onların əsası varmış.

Ürəyim yerində dinib-susandı,
Yersiz şübhələrdən bezdi, usandı.
Bu sevgi, bu söhbət nahaq uzandı,
Hər sözün, mətləbin qısası varmış.

Baxdım arxasınca bu fürsətin də,
Yoxmuş taleyimin əli çətində.
Üzü dönməliymiş məhəbbətin də,
Mənimlə köhnədən qisası varmış.

Pərvanə könlümün kövrək qanadı,
Od gəzdi, daşlara dəydi, qanadı.
Nəğməyə dönəcək o qızın adı,
Bir vaxt biləcək ki, Musası vamış.

GƏLMİSƏN
Üstündən nə qədər küləklər əsdi,
Şan-şöhrət həvəsi yolunu kəsdi.
Elə bu görüş də ömrümə bəsdi,
Dolan gözlərində bulud gəlmisən.

Yeri görünəndə yarın, yoldaşın,
Fikirlər içində çatılıb qaşın.
Qara tikanları hər addımbaşı,
Yolundan-izindən yolub gəlmisən.

Dözsəm də nə qədər qar-qışlarına,
İndi dözəmmirəm qarğışlarına.
Qoy düşüm şıdırğı yağışlarına,
Bilirəm, yanıma dolub gəlmisən.

Gərək yarpaq-yarpaq yanım, tökülüm,
Təzə pöhrələrə boy versin külüm.
Sənə yaz nəfəsi dəyməyib gülüm,
Özün-öz şaxında solub gəlmisən.

Duyğular köhnədir, arzular boyat,
Bu yatan eşqimi harayla, oyat.
Heyf ki, könlünü aldadıb həyat,
Heyf ki, peşiman olub gəlmisən.

OLA
Qaşıyla, gözüylə bənzəyə bilər,
Gözəl öz eşqiylə bənzərsiz ola.
Onun vüsalına çatmaqdan ötrü,
Çəkdiyin ağrılar qədərsiz ola.

Yaz gülü umasan ömrün qışından,
Ürək cavan qala aldanışından.
Elə güc alasan dost-tanışından,
Aldığın zərbələr xətərsiz ola.

Bu söz çox incədir, bu söz çox dərin,
Xəbərçi çalmaya zəngini şərin.
İntim dünyasından iki nəfərin,
Üçüncü həmişə xəbərsiz ola.

Bu yerdə şairi hal əhli anlar,
Qəlbindən axmaya bu qara qanlar.
Deşməyə köksünü iti tikanlar,
Bülbülün gül eşqi çəpərsiz ola.

Əcəb gözəllikdi, əcəb nəzakət,
Qəzəb-ədəb-ərkan, əsəb-nəzakət.
Vay onda gözləyə ədəb, nəzakət,
Aşiqin Musa tək təpərsiz ola.

BU GÖZƏL
Bahar eşqi, yaz nəfəsi canında,
Bənqövşəylə bir doğulub bu gözəl.
Mələklərin nə işi var yanında?
Tək doğulub, bir doğulub bu gözəl.

Möcüzədi bu gözəllik, yaraşıq,
Gözlərində dava-dalaş, barışıq.
Təbəssümü göz yaşıyla qarışıq,
Özü boyda sirr doğulub bu gözəl.

Bəxtəvərsən səni yoldan saxlasa,
Bir telinə min tel ilə bağlasa.
Haqqı vardır çaylar kimi çağlasa,
Bulaq kimi gur doğulub bu gözəl.

Baxışında çiçəkləyib murazım,
Yetim ürək yenə oldu güdazım.
İlk yağışdan bar gətirib bu yazım,
Ümmanımda dür doğulub bu gözəl.

Can odum var, qaralmağa qorxuram,
Can verirəm, can almağa qorxuram.
Sahilinə yan almağa qorxuram,
Doğulandan Kür doğulub bu gözəl.

Qarşı gəlib, boynumu çox burmuşam,
Çox öymüşəm, tərifimlə yormuşam.
Nə zamandı səcdəsinə durmuşam,
Musa üçün pir doğulub bu gözəl.

ŞAİRLƏR QOVUŞMUR İLK SEVGİSİNƏ
Şairlər qovuşmur ilk sevgisinə,
Yollar haçalanır, yolar uzanır.
Ay da bu həsrətdən pərişan gəzir,
Günəş də hirsindən od tutub yanır.

Buludlar kövrəlib gəlir baş-başa,
Göyləri bir odlu maraq götürür.
Qağayı fəryadlı dəniz çırpınır,
Dalğalar o qızdan soraq gətirir.

Fəsillər başqa cür gəlir elə bil,
Gör bahar dəyişib nə halda olur.
Payız doluxsunur qəriblər kimi,
Həmişə fikirdə, xəyalda olur.

Od saçır yayın da nazı-qəmzəsi,
Gözəllik yandırır torpağı, daşı.
Qışda da o soyuq, sirli baxışlar
Üzünə dikilir hər addımbaşı.

Özləri sığışmır vaxta-vədəyə,
Təkcə şeirləri vaxtına düşür.
Nədənsə qızların ən insafsızı
Elə şairlərin baxtına düşür.

Bir təmiz baxışa, xoş təbəssümə,
Körpə uşaq kimi aldanır onlar.
Nə hiylə işlədir, nə sirr gizlədir
Açıqdan-açığa odlanır onlar.

Şairlər – gözəllik cəfakeşləri,
Sevda yollarında büdrəyir, sapır.
Həsrətə bürünmüş bir qız itirib,
Nəğməyə bürünmüş bir ömür tapır.

Share: