Soruşuram, bəs buna nə ad verək? – Faiq BALABƏYLİ yazdı

Soruşuram, bəs buna nə ad verək? – Faiq  BALABƏYLİ yazdı

Uzun müddət komada qalan və sonradan dünyasını dəyişən xəstənin yiyəsinə evlərini, maşınlarını satdıran həkimə klinikanın sahibi töhmət verib ki, niyə qalan yeganə bağ evini də satdırmamısan…

Adamlar həmişə xəstələnib, xəstələnir və xəstələnəcək, robort deyillik ki…

Təkcə adamlarmı? Əlbəttə yox, bütün canlılar… Lap cansızlar da. Məsələn, görürsən ki, əsrlər boyu məğrur dayanan qaya parçası, torpaq yaylası, təpə birdən-birə sürüşdü və yerlə yeksan oldu, erroziyaya uğradı və sair, demək xəstələndi. Elə heyvanlar da, bitkilər də belədir. Azmı görmüşük ağacların, çiçəklərin, güllərin dərmanlanmasını, ağacların gövdəsinin əhənglənməsini, pambığın , tərəvəz şitillərinin azotlanmasını və sairəni… Demək xəstəliyin qarşısını alırıq, alırlar və alacaqlar.

İnsanlar da xəstələnir. Üzümü tuturam insanlarımıza, Sizi and verirəm Əbülfəzl Abbasın ala gözlərinə (yüz faiz o rəhmətlik türk olub, yoxsa ərəbdə hardandır gözlərin ala, yaşıl olması), onun meydanda qələm olun, qılınc tutan qollarına, Həzrət Əlinin Dül-Dülünün (at adı) nallarına xəstələnməyin. Yeri gəlmişkən, elə bu dəmdə yadıma düşdü ki, hərbi xidmətdə olanda Şamaxının, səhv etmirəmsə, XilMilli kəndindən Məmmədov Dül-Dül adlı əsgər yoldaşım vardı. Arada məzələnirdim onunla. Bir də görürdün taxta parçasını götürüb guya gitara çalırmış kimi səs çıxarırdım: dyul-dyul, dül-dül-dül… Narazılıq edib irad bildirəndə deyirdim gitara çalıram də, sənin adını demirəm ki… Nə isə,,, Harada qaldım? Hə, deyirdim ki. Çalışın xəstələnməyin. Niyə? Ona görə ki, Vallah sağalmağ mümkün deyil. Dərmanlar baha, təsir gücü zəif, türkaçarə üçün əldə olunacaq məhsullar da  baha. Lap deyək bunlar da cəhənnəm, yenə də birtəhər tapmaq olar.

Məsələ ondadır ki, mənim 35 il bundan öncə yaşadığım ölkədə adamı xəstələnməyə qoymurdular. Həkimlər ayda 1-2 dəfə xəstəxanalardan çıxıb, kənd-kənd, küçə-küçə, ev-ev gəzər, işdən gücdən vaxtı olmayan sakinləri yoxlayardılar, gərəkənə yerindəcə dava-dərman verərdilər. Uşaqlara peyvənd iynəsi vurar, səhv etmirəmsə “kinə” deyilən dərman atdırardılar və bununla da gələ biləcək xəstəliyin qarşısını alırdılar. Məktəblərdə olurdular, siniflərdə uşaqların boğazına, ciyərinə, ürəyinə diqqət kəsilirdilər. Yəni uşaqları və sənətlərini sevirdilər. Əyinlərində ağ xalat, üzlərində təbüssüm, dillərində şirinlik, baxışlarında çox-çox uzaqlardan xəbər verən dərinlik. Düzdür, bəzən valideyinlər dəcəl uşaqlarını xoxanlala, cin-şaəitinlə yanaşı, həkimlərlə də qoxudurdular: doxdura deyəcəm, gəlib dötüə iynə vuracaq, sakit ol və sair…

Deyəsən, mətləbdən bir az uzaq düşdüm. İndi xəstəlik sözünün özü belə sağalmaz bir dərd, xəstəlikdir. Həkimlərin əksəriyyəti xəstəyə istehsalatın verəcəyi gəlir mənbəyi kimi baxır, onların bəziləri deyir: Biz dəliyik sizi sağaldaq? Bizim əsas işimiz səni ölməyə qoymamaqdır ki, uzun yaşayasan, amma dərddən, virusdan uzaq olmayasan, nəyin var, gətir tök ortalığa.

İstəyirəm bu yerdə olmuş bir hadisəni sizlərə danışım. Mənim Vahid adında Lənkəranlı bir dostum var. Gəmidə aşbaz işləyir. Bunun dayısının həyat yoldaşı onkoloji xəstə idi. O məşhur xəstəxanda müalicə olunurdu. Kimiya terapiya alır və digər tələb olunan tibbi prosedurlar həyata keçirilirdi. Vahidin dayısının da maşallah, özünə qismət olmayan evləri, maşınları, balalarının evi və sair var idi. Qadını həkimlər komada saxladılar, qoymadılar ölsün ki, həm öz canı qurtarsın əzabdan, həm də balalarının, nəvələrinin başının üstündə bir dam örtüyü olsun. Əvvəlcə Gəncə prospektindəki iki ev satıldı, 5-6 aya bu pullar qurtardı, sonra yeni tikililərdəki mənzillər təzə sakinlərini isitdi. Bu evlərin də pulları kimiya terapiyaya qarışdırıldi və klinikaya ötürüldü. Bir də gördük ki, yazıq kişi “Prado” dan düşüb “Opel” sürür, sonra “Jiquli”yə möhtac qaldı. Lap sonda isə həkim deyib ki, daha ümüd yoxdur, xəstəni aparın evə. Bu yazıq da bilmədən qayıdıb ki, ev var ki aparaq?…Evlərimizin hamısı satılıb və pulları da bu klinikaya ödənilib.Qalan Bilgəhdəki bircə bağımızdır, gərək xəstəni ora aparaq. Bağ söhbətini eşidən kimi, xəstəni buraxmaq istəməyiblər, istəyiblər ki, bir- iki ayda saxlasınlar, bəlkə guya dirildi. Razılaşıblar, Amma qadın dünyasını dəyişib, bağ satılmayıb. Daha maraqlısı bilirsiniz nədir? Həmin həkimə klinikanın sahibi töhmət verib ki, niyə o bağ evini də satdırmamısan? Bu, dəhşət və rəzalətdir…

Baxın, əvvəllər həkimə, xəstəxanaya ürəklə müraciət edə bilərdik. İki gün bundan əvvəl qohumumu xəstəxanaya aparıblar, orada əməliyyat olunub, böyrək dəyişikliyi olmuşdu. Xəstəni yaxın qoymayıblar, 3.000 azn depozit istəyiblər.

Mən kəndçi adamam da, başa düşməyə bilərəm. Siz deyin, səhiyyəmizin bu qədər qan üstündə bərqərar olmasının günahını kimdə axtaraq?

Bir xəstəliklə həkimə müraciət edirsən, dərhal səndə 5 xəstəlik tapılır və əlavə olunur xəstəliyin üstünə. Əziz dostlar, indi sizdən SORUŞURAM, BƏS BUNA NƏ AD VERƏK?

 Faiq Balabəyli,

Şair, publisist

Share: