Sona VƏLİYEVA: Təbriz himn oxuyar… Bu səsdən bayraq yağar, Təbriz ayağa qalxar

Sona VƏLİYEVA: Təbriz himn oxuyar… Bu səsdən bayraq yağar, Təbriz ayağa qalxar

TƏBRİZLİ QIZIN HİMN OXUMASI

Məktəbdəki tədbirdə şagirdlərin sırasında 7-8 yaşlı təbrizli bir
qızcığaz əlini köksü üstə qoyaraq yaşıdları ilə Azərbaycan himnini
sanki bütün Təbrizin yerinə daha şövqlə oxuyurdu…

Himn oxuyur təbrizli qız…
Yüz illərin yanğısına su səpilir…
Yüz illərin qəlb yanğısı sərinləyir.
Bir qızcığaz nəfəsiylə,
məğrur vətən nəğməsiylə,
səs üstündən
eldən-elə yol çəkilir.
Təbriz Bakıya gəlir…
Səf-səf düzülən ordu,
şükür, qalib dayanar,
Savalandan əsən yellər
Gilavara qoşular.
Müjdə aparar çapar,
bir körpənin qəlb səsiylə
Təbriz himn oxuyar…
Bu səsdən bayraq yağar,
Təbriz ayağa qalxar,
Təbriz bayraq qarşılar…
“Şeyx Səfi” xalısından
yola çiçək döşənər,
bir səsin işığından
yollara şəfəq düşər…
Bu səs möcüzə olar,
şimşəkdən qılınc alar,
biçər sərhəd çəpərin,
yox edər Araz dərdin…
Bir səsin haqq qüvvəsi
göz önündə görünər,
Güney-Quzey kədəri
nəğmə boyu çiçəklər,
azad bacım, qardaşım,
səs üstündə birləşər…
Ruhun paytaxtı Təbrizin
ümman-ümman arzusun
bu qızcığaz dindirər.
Dədəm Qorqud boy boylayar,
Qazlıq dağı tərpənər.
Laylam, bayatım mənim,
şikəstəm, ağım mənim
düymə-düymə çiçəklər,
kədər sevincə dönər.
Bir səsin min diliylə
Vətən himni səslənər.
Bir qızcığazın səsiylə,

solan bahar qayıdar,
Şuşam qalib dayanar.
Araz üstdən güllər axar,
Səd-sərhəd misra-misra
bu nəğməyə qoşular…
Bir millətin yüzillik
ayrılığı yox olur…
Bu səs Babəkə qollar,
Səttarxana yol olur…
Şah babamın arzuları,
bu himn ilə çin olar…
Bir qızcığazın səsi –
Güneydə dərdi ümman,
azadlığı boğulan,
bütövlüyə tamarzı
türkün üsyan nəğməsi,
haqqın qalib gəlməsi.
Bu qızcığazın səsi
birləşən Vətən səsi…

NÖQTƏ

Milyon-milyon il əvvəl
mən bir nöqtə idim:
əzəlim,
yaddaşım Tanrıya bəlli.
Allah bir nöqtədən
üz, göz,
qaş verdi mənə –
mənaya gəldim.
Ağlım,
duyğum,
hissim,
əlim,
qolum,
nöqtədən aldığım hərəkət ahəngim…
Nöqtədən böyüdüm,
böyüdüm.
Tanrı ruhundan ruh verdi mənə –
sevgiyə döndüm,
möcüzə baş verdi,
insan donunda göründüm,
Yerə endim.
Tanrı geri çağıran gün
Yerdən təzədən uzaqlaşa-uzaqlaşa
nöqtə kimi görünəcəm.
Dumanlı xatirələrdə
nöqtə-nöqtə izim qalacaq.
Tanrı kitabında yenə
nöqtə olmağa qayıdacam…

ƏN AĞIR…

Azdan,
çoxdan fərqli,
daha tutumlu,
həcmli
“Ən”lə ölçülən
çox şeylər var dünyada…
Məsələn,
ən böyük cəza
öz günahımızdan qazanılan,
vicdanın bitməyən
ağrı cəzasıdır.
Taleyini,
günahların ağır yükünü
özüylə sürüyən
adamın cəza müddətini
tövbələrdən,
Tanrıdan başqa
heç kim dəyişə bilməz…
Bir qadının ən böyük yalanı
özünə: “Hamıdan güclüyəm”, – deməsidir…
Hər gecə misqal-misqal əriməsini
tək Allah bilər…
Sabahlar dağılmış
hissələrindən toplanar,
bütöv görünər…
Yalançı qəhqəhələrdən
ətrafına bəxtəvərlik səpər.
Sonra yalnız anlarında
öz yalanına özü hönkürər…
Ağrıların da ölçüsü
“ən”lə böyük görünür.
Məsələn,
ƏN böyük ağrı
doğmaların,
dostların itkisindən
açılan yaranın ağrısıdır…
Unutmağın dərmanı
olmadığı üçün sağalmır,
ölüncə ağrıyır…
Ən böyük qorxu
çörək verdiklərinin,
dost dediklərinin,
doğma bildiklərinin
xəyanət qorxusudur.
Çox qorxduğun üçün
bir gün başına gəlir,
ömrü-günü zəhərləyir…
Hər şey əzab gətirir…
bu naqisliklər içində
yaxşı ki ən gözəl,
ən keçilməz olan eşq var…
Anadan, atadan başlayıb
Allaha ucalan,
sonsuza qədər
işığa,
nura
yol açan,
yasəmən,
qızılgül ətri saçan,
hər şeydən ən ucada duran,
bizi də ORA çağıran
ən böyük,
ƏN BÖYÜK İLAHİ EŞQ VAR!

 

 

 

Share: