YENİ ŞEİRLƏR
TƏRK EDİLƏN EVLƏR
İspaniyanın cənub bölgəsində bomboş qalan evləri görüncə…
Pəncərəsi sınıq, qapısı bağlı
Bu evin sonuncu sakini hanı?
Yağış navalçayla ağı söyləyər,
Ağlayar evlərin tənhalığını.
Dəli-dolu oğlu bu xan ocağın
Qürbətə səpilən ömür hayında.
Göz açıb görər ki, qəlbindəki yol
Tərsinə döndərib qatarları da.
Qapı önündəki köhnə saxsılar,
Sınan pəncərəylə dərdləşib durur,
Bir cüt qumru quşu eşq timsalıtək,
Tərk edilən evdə yuvasın qurub.
Qürbət var-dövləti üşüdər qəlbi,
Toyu-büsatı da kədər nəğməsi,
Çəkilə ömürdən, qəlbdən qaranlıq,
Yola ümid səpə qatarın səsi…

“Gözün aydın” deyə yollar evlərə,
Gedənin qayıdır – çıraq yaxmağa,
İlk eşqə, qismətə, bəxtə qayıdır,
Dönür taleyinə qucaq açmağa.
İtən arzuların qürbət yükünü
Ev-ocaq sevgisi geri səsləyər,
Didərgin gəncliyi, ilk məhəbbəti
Boynubükük durub qapıda gözlər…
Bir ümid yağışı, ümid işığı,
Dərddən təsəlliyə, işığa dönər,
Qatarlar boş gəlməz, sevda daşıyar,
Evlərə, qəlblərə günəş gətirər…
fevral, 2025
HAMIYA YETƏN ƏLLƏRİM
Göyün qapısında dualarım zəng,
Tanrım tanıyacaq səsimdən məni.
Yerdə sevdiklərim məni unutdu,
Mələklər ovudub, əzizlər məni…
Müəllifdən
Hamıya yetən əllərim
özümə çatmaz, yorular.
Ümidi ovcunda gizlər,
sinəmdə çarpaz uyuyar.
Cavablar dönməyən yerdə
Səbrim şükürlə yoğrular.
Tənhalıq qapı bağlayıb,
Min qəmdən məni qoruyar.
Bir damla şehin içində
Yerin-göyün sirri varmış.
Sükut da ruha şeh olub
Qəlbimi səssiz oxşarmış.
Beləcə söhbət başlanar
ruhla ağılın arasında,
Ömür heca-heca keçər
göz yaşımın sırasından.
Yaddan da yad olanları
dost bilib, doğmam demişəm,
Bəlkə, ömür möhlətində
mən də heç mən deyilmişəm.
Bəlkə də, qanadım varmış,
Qəmdən, ayrılıqdan yanıb…
Qəlbimə köz düşən yerdə
sınıq körpülər dayanıb.

Hey Tanrımla dərdləşərəm,
zikrim yoldu, duam dastan.
“Tənhalar Tanrı sirdaşı”,
bir səs duyaram uzaqdan.
UNUT
Xanım İsmayılqızının bəstələdiyi və İlhamə
Quliyevanın ifa etdiyi “Unut” mahnısına…
Bir ömür unutmaq istədim səni,
amma ki, sonraya saxladın hər gün.
Ağlın yazdığına qəlb haray çəkdi,
sildi yaddaşımdan “unut” kəlməsin.
Unutmaq sevənin hicran zülümü,
“ürəyin sevəndə qalması” nəymiş?
Ocağın külündə köz qorunantək
unutmaq sevməkdən daha gərəkmiş.
Qəmin zirvəsindən yıxılmaq ağır,
ağrısı, sınığı ölümdən betər.
İndi bacarmadım, sonrakı ömrə
deyəcəm ki, səni unutsun, yetər…
Ha deyim, ruhumun sevda üsyanı
məni məndən alıb gedər səninlə.
Min ilin yağışı, qarı ələnər,
dağ seli yol keçər mənim gözümlə.
Unutmaq yer-göyün ən ağır işi,
inadla yaddaşa cilalar səni.
Bir dəli aşiqdən, dəli sevdadan
söz açar, təzələr eşq nəğməsini.
Yaranın, yanığın sağalmaz yeri,
sızıldar havaya gəlsə rütubət.
Göyə bülənd olan qürurla birgə
“unut” söylədikcə göynəyər ürək.
Ha “unut” söyləyim, ürək dinləməz,
gələcək keçmişdən dönüb qayıdar.
Ömür heca-heca hicran yüküylə,
hər yaşın fəslində səni qaytarar.
Ha “unut” söylə ki,
“unut” söylə ki…
SONA BÜLBÜLLƏR
Görkəmli xanəndə Qədir Rüstəmov “Sona bülbüllər”
oxuyurdu. Könlümdən bunlar keçdi…
Səsin od salıbdı könül bağına,
Güllər yarpız kimi ovulub gedir.
Kimdi üz döndərən, kimdi günahkar?
Yazan belə yazdı, bu da taledir.
Ayrılıq tufanı göydən, yerdənmi?
Dünyanı bürüdü qəm pərdə-pərdə.
Sona bülbülləri qarğıma belə
İtkindi hicranın duman-çənində.
Titrəyir nakam eşq bu səs zilində,
İçim sədəf-sədəf doğranır, Allah.
Məcnunu çöllərə salan sevdanın
“Sona bülbüllər”də Leylası ağlar.
Ömürdən, hicrandan, qəmdən o yana
Nə vardı, büründü səs işığına,
Zəngulən heyrəti alovlandırıb,
Özü ocaq oldu alışmağına.
Dönüb göy üzündən qayıdır bu səs,
Buludlar qaralıb, ildırım çaxır,
Köndələn evlərdən sona bülbüllər
Nakam sevgilərə qəm cilalayır.
Kədərin, ahın da səsə yaraşan,
Eşqin nisgili də, qəmi də gözəl.
Son ümid sovrulur bu səs içində,
Üzür göz yaşında gül xəzəl-xəzəl.
Oxuma, ay zalım, oxuma belə,
Min yerdən oxlanan nardı ürəyim.
Haqqa sevdalanan Leyla eşqimlə
Bu səslə Tanrıya vardı ürəyim.











_(1).jpg)










