Sona kimi saxlayacam bu ritmi, Başqa bir söz əsəbimi kiritmir-Ayaz Arabaçı

Sona kimi saxlayacam bu ritmi, Başqa bir söz əsəbimi kiritmir-Ayaz Arabaçı

İsti hıçqırıqla yazdığım şeir

Hava buludludur ürəyim kimi,
Yağış damlaları tökülür tək-tək.
Titrəyir yavaşca könlümün simi,
Bu qatar bir azdan yola düşəcək.
.
Saata baxıram şütüyür zaman,
Üstündə yaddaşın küləyi əsir.
Qatar tərpənməyə tələsir yaman,
Həsrətin soyuğu adamı kəsir.
.
Bu qatar bir azdan yola düşəcək,
Bircə söz deyəcəm, yadımda qalan.
Şüşədən iki göz gülümsəyəcək,
Birində həqiqət, birində yalan.
.
Bir qatar dil açır üzü payıza,
Nə dilə çevirim mən bu lisanı?.
Bax indi mən necə susum o qıza,
Uzaqdan daha çox çəkir insanı.
.
Qatar havalanıb gedir irəli,
Küləklər saçımı atır geriyə.
Çıxıb pəncərədən qızın sağ əli,
Sanki ayaq açır, mənə yeriyə.
.
“Əlvidamı” deyir, “gözləmi”, deyir?
Kəsir aramızı bir qara pərdə.
İsti hıçqırıqla yazdığım şeir,
Bir az da susqunluq qatır bu dərdə.
.
Sıyrılıb payızın sərinliyindən,
Həsrət ağ bayraqla barışa qalxır.
Fınxırıb sinəmin dərinliyindən,
Ürəyim yollarla yarışa qalxır…

Necədi

Heç çoxdandı soruşmuram eloğlu,
Arzu qapıb, kam tutanlar necədi..
Başımıza torba salıb hərləyən,
Hər fürsətdə “xam” tutanlar necədi.
.
Yorulmadıq özümüzlə davadan,
Çox çəkirik hər cür ağzı yavadan,
Bir de görüm, bir de görüm, havadan,
İy tutanlar, tam tutanlar necədi..
.
Sona kimi saxlayacam bu ritmi,
İtətöklər, beş yox olub, bir itmir,
Başqa bir söz əsəbimi kiritmir,
Ağzı ilə am tutanlar necədi..
.
Necədilər yastı portal kişilər,
İşdə qarğa, sözdə qartal kişilər,
Yaxşıdımı neandertal kişilər,
O, Oranlar-o, Qutanlar necədi,
.
Boş cavabı əlli bala yüksələn,
Burnu göyə, ağzı yala yüksələn,
Bir təpiyə generala yüksələn,
Yastıqulaq “komutan” lar necədi..
.
Şirinlərdən-acılardan nə xəbər,
Dolma bükən “bacı”lardan nə xəbər,
Şortulardan, “hacılar”dan nə xəbər,
Mey süzənlər- cam tutanlar necədi.
.
Bildirçinlər qayıtdımı biçindən,
Razısanmı” şeyx Əhməd”in bicindən,
Qatqarışıq əhvalatlar içindən,
Evtutanlar, damtutanlar necədi…
.
Sonu gəldi bu yaşanan günün də..
On çarıq var bir eşşəyin gönündə,
Bəy evinin darvazası önündə,
İtdən qabaq “ham” tutanlar necədi…
Çəkilibmi qəzəbinin fişləri,
Ov görürmü tulaların dişləri,
Babatdımı peysərlərin işləri,
Dəmtutanlar, şamtutanlar necədi..

Sağ ol polad iradəm..

Sağ ol bu ləyaqətə, bu şərəfə, çox sağ ol.
Sağa, sola, qabağa, hər tərəfə çox sağ ol.
Başqa nə deyim sənə, milyon dəfə çox sağ ol..
Bu sözü təkrarlaram yorulmadan, dəmadəm,
Sağ ol polad iradəm…
.
Sən bu yurda, bu elə məhəbbətlə dolusan,
Tək özünün deyil ki, milyonların yolusan,
Sən mənim qəlbimdəki azadlıq simvolusan.
Sağlığına içməyə doludu neçə badəm
Sağ ol polad iradəm…
.
Yazılıbsa taleyə çəkiləcək çiləmiz,
Niyə dolsun ki, yaşla, bəbəyimiz-giləmiz.?
Sən bitmədi deyincə bitməz mücadiləmiz,
Desək bir də yaradar bizi təzədən Adəm,
Sağ ol polad iradəm…
.
Namərd arxadan vurar, xain qurşaqdan vurar,
Küləklər soldan vurar, fufanlar sağdan vurar,
Qaraların xisləti bəllidi, ağdan vurar,
Dözüb dayanacaqsan yoxdu kökümdə zədəm..
Sağ ol polad iradəm…
.
Şərə, böhtana heç bir əsasla inanmıram,
Yollar səni yorubmu, yox əsla inanmıram,
Yorulmuşam desən də, yox aslan, inanmıram!.
Çatar mənim də vaxtım, gələr mənim də radəm.
Sağ ol polad iradəm…
.
Bahar nədi, yaz nədi, hər bir fəslin oğlusan,
Yarası yara üstən gələn nəslin oğlusan,
Bir şərəfli tarixin, sən bir əsrin oğlusan,
Daşıyırsan bu yükü, çiyinlərində madəm,
Sağ ol polad iradəm…
.
Haqqa qarşı gələnlər zəkadan ən geridi,
Zindanlar da vətənin bir ayrı səngəridi,
Bu hayqırtı çəkidə Nəsimi ləngəridi,
Sağ ol kədəri məğrur, sağ ol kimliyi sadəm..
Sağ ol polad iradəm…

 Çətin olacaq..

Çətin olacaq, oğlum ,
sənə çətin olacaq..
Sən gözləyən işıqlar hələ çox uzaqdadır,
Təbəssümlər, gülüşlər
başdan-başa saxtadır..
Sənə çətin olacaq..
hələ ki, ümid azdır bahar şəfəqlərinə,
bəzi şeylərə görə
getmək olmur dərinə.
qanad taxmağa dəymir hansısa bir arzuya,
qurd ağızlı oğullar
bir-bir dönüb quzuya.
nə elmin, nə zəhmətin, nə işin dəyəri var,
kişi bildiklərinin çöldə neçə əri var.
şərin yolları heç cür
çən olmur, duman olmur,
bu günnən,
bu ömürnən fatıya tuman olmur.
sənə çətin olacaq,
çətin olacaq oğlum,
elə ona görə də sən də gözlərini yum..
əslində istəmirəm qəlbini qanatmağı,
məncə unut bir sıra şeylərə, can atmağı..
hərənin öz ətrafı, hərənin öz tərəfi..
çoxdan yerə soxublar
bu vətəndə şərəfi.
vəhşi bir ehtirasla əmirlər bu vətəni,
əmilər bu vətəni…
bakirə duyğuların tapdalanıb qızlığı..
görürsənmi, onunçün
seçmişəm yalqızlığı.
qanımızla qalanır bu od, bu ocaq oğlum,
sənə çətin olacaq..
çətin olacaq oğlum..
vardı o hiss, o cürət, o qüvvət, atanda da..
gərək pəncəsi üstə yatasan
yatanda da..
bu söhbəti saxlayaq, gəl toxdayaq bir anlıq,
görək nə vaxt çəkilir bu uğursuz qaranlıq..
Share: