Təqvim 1981-ci ili göstərirdi. Bir il olardı ki, mərhum aktyorumuz Kamil Məhərrəmovun Sumqayıtda rəhbərlik etdiyi dram dərnəyinə gedirdim. Dərnəyimiz 4 saylı Mənzil İstismar Sahəsinin nəzdində olsa da, tamaşaları orada hazırlayıb Sumqayıt Dövlət Dram Teatrının səhnəsində, eləcə də müxtəlif orta məktəblərdə şagirdlərə nümayiş etdirirdik.
Yeni il ərəfəsində isə “İnşaatçılar” klubunda keçirilən şənliklərdə səhnəciklər göstərirdik. Yaxşı yadımdadır, o vaxt biz Yusif Əzimzadənin “Anacan” əsərini səhnələşdirib “Teatr Baharı- 1981” festivalında respublikada üçüncü yeri qazandıq və diplomu Kamil Məhərrəmova şəxsən Leyla Bədirbəyli təqdim etdi. Tamaşa qabağı məşqlərimiz adətən Sumqayıt Dövlət Teatrının səhnəsində olurdu. Elə o vaxtdan da haqqında söhbət açmaq istədiyim Mərahim Fərzəlibəyovu tanıyıram…
Deyir ki:- “Hər bir teatra maraq olmalıdır və bu marağı ilk növbədə teatr özü yaratmalıdır. Teatrımızın elə tamaşaçıları var ki, onlar demək olar hər tamaşamıza gəlib baxırlar. Tamaşanın və əsərin səviyyəsindən asılı olmayaraq, daimi tamaşaçılardır. Həqiqətən teatra gəlmək böyük bir mədəniyyətdir. Hətta ən zəif tamaşadan belə tamaşaçı nəsə götürə bilir. Əlbəttə istəyərdik ki, teatrımızın səhnəsində qoyulan əsərlər daha maraqlı, daha səviyyəli, dramaturji baxımdan standartlara uyğun gələn tamaşalar olsun. Bu o demək deyil ki, belə tamaşalar səhnəyə qoyulmur. Teatrımızda kifayət qədər maraqlı tamaşalar səhnələşdirilir. Peşəkar bir teatr işçisi kimi deyə bilərəm ki, tamaşaçı qıtlığını yalnız maraqlı, səviyyəli repertuarla aradan qaldırmaq mümkündür.”
Mərahim Fərzəli oğlu Fərzəlibəyov 1949-cu ildə Bakıda dünyaya gəlib. Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-laborant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner “Şəfəq” dram dərnəyinin rəhbəri işləyib. 1970-1975-ci illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb, Georgi Tovstonoqovun kursunu keçib. Diplom işi kimi Azərbaycan Musiqili Komediya Teatrında Maykl Stüartın və bəstəkar Cevri Germanın “Hello Doli” müzikl–operettasını tamaşaya hazırlayıb. 1975-1977-ci illərdə təyinatla Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrında rejissor işləyib. Daha sonra dörd il Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, yeddi il isə Akademik Milli Dram Teatrında rejissor kimi fəaliyyət göstərib. Dörd il də Akademik Milli Dram Teatrının baş rejissoru olub. 2018-ci ildən Bakı Bələdiyyə Teatrının rejissorudur. 2000-ci ildən Xalq artistidir. 2019-cu ildə “Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib…
Bəli, 1981-ci ildə onun otuz iki yaşı vardı. Sumqayıtda çalışsa da adı o dövrün nəhəng rejissorları ilə yanaşı çəkilirdi. İstedadı, bacarığı ilə nüfuz qazanmışdı. Səhnələşdirdiyi “Qoy bütün şərq bilsin!” tamaşasının sorağı Moskvadan gəlirdi. Səhv etmirəmsə, “Böyük Teatr”da nümayiş etdirdikləri bu əsərə görə mükafat da almışdılar. Qocalığını görməmişəm, gəncliyində hara gedirdisə hörmətlə qarşılanırdı. İstedadlı olduğu qədər də insan adam idi. Xoş davranışı, mülayim rəftarı, yüksək mədəniyyəti ilə fərqlənirdi. Fəqət, məşq zamanı bu sakit, təmkinli adamın necə sərtləşdiyinin, qətiyyətli, tələbkar rejissora çevrildiyinin çox şahidi olmuşam…
“Mən həmişə çalışmışam ki, baş rejissor kimi aktyorlarıma, rejissorlara müstəqillik verim. Mən onları heç zaman məcbur etməmişəm ki, bu aktyora rol verin, digərinə isə yox. Rejissor rol bölgüsündə azaddır və azad olmalıdır. Rol almayan aktyorlar özləri düşünməlidir ki, niyə yeddi rejissor daima müəyyən aktyorlara rol verir, amma onlara vermir. Deməli, daim rol alanlar çox istedadlı aktyorlardır. Mən rejissorları məcbur edə bilməzdim ki, bu aktyorların rolu yoxdur, onlara rol ver. Özüm baş rejissor kimi çalışırdım ki, müəyyən qədər kənarda qalan aktyorları öz tamaşalarıma cəlb edim. Beş ilə yaxın baş rejissor işlədim və yalnız mənim quruluş verdiyim tamaşalar plandan kənar idi. Mən özüm plandan kənar tamaşalar səhnələşdirirdim ki, digər rejissorlar dövlət sifarişi əsasında olan tamaşaları hazırlasınlar.”- söyləyir.
Ömrünün ahıllıq dövrünə qədəm qoysa da, sinəsində döyünən ürəyi hələ də cavandır. Hələ də insanlığa məhəbbət vücuduna hakim kəsilib. Millətə, xalqa, vətənə olan sevgisi tükənmir ki, tükənmir…
Bəli, 1915-ci ildə Nuxada dünyaya gələn Fərzəli kişinin Bakıda anadan olan- “Azərbaycan Respublikasının xalq artisti” fəxri adını daşıyan, “Şöhrət” ordenli oğlu, rejissor Mərahim Fərzəlibəyov Azərbaycan mədəniyyətinə böyük töhfələr verib. İyunun 26-da Mərahim müəllimin 76 yaşı tamam olur. Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram…
Elman Eldaroğlu
















