Sözü ürəkdən gələn sənətkar

Sözü ürəkdən gələn sənətkar

İnsan ömrü yazılmış bir kitabı xatırladır. Hər səhifəsində zəhmət, sevinc, sınaq, dostluq və yaradıcılıq izləri olur. Elə ömürlər var ki, həmin kitab təkcə bir insanın taleyini deyil, bütöv bir dövrün duyğularını, xalqın ruhunu özündə yaşadır.

Azərbaycan ədəbi-mədəni mühitində belə ömür sahiblərindən biri də şair, dramaturq Ramiz Abdullayevdir. Onun yaradıcılığı sözün nurunu, həyatın rənglərini və insan duyğularının incə qatlarını özündə birləşdirən mənəvi xəzinədir.
Ramiz Abdullayev 1953-cü il iyunun 23-də Bakı şəhərinin qədim, zəngin folklor mühiti ilə seçilən Maştağa kəndində dünyaya göz açıb. Bu torpağın milli ruhu, el-obaya bağlılıq hissi, sazın, sözün, xalq yaddaşının nəfəsi onun yaradıcılığında da aydın şəkildə hiss olunur. Gənclik illərində Bakı Dəmir Yolu Texnikumunda təhsil alması, hərbi xidmət keçməsi, sonrakı əmək fəaliyyəti onun həyat məktəbinin əsas sütunlarını formalaşdırıb. O, uzun illər Azərbaycan Dövlət Dəmir Yolunun “Daşıma Prosesləri İdarəetmə” Birliyində məsul vəzifədə çalışaraq peşəkarlığı, zəhmətsevərliyi və yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilib. Bu xidmətləri nəticəsində “Fəxri dəmiryolçu” və “Əməkdar mühəndis” kimi fəxri adlara layiq görülməsi onun həyat yolunun şərəfli səhifələrindəndir.
Lakin Ramiz Abdullayevin həyatının ən işıqlı və yadda qalan tərəfi, şübhəsiz ki, onun bədii yaradıcılığıdır. O, poeziyanı sadəcə söz sənəti kimi deyil, insan qəlbinin dilə gəlməsi kimi dərk edən sənətkarlardandır. Onun şeirlərində həyatın sevinci də, nisgili də, sevdanın incə çalarları da, Vətənə bağlılıq duyğusu da eyni səmimiyyətlə ifadə olunur.
Ramiz Abdullayevlə ilk tanışlığım bəstəkar Nəriman Məmmədovun evində olmuşdu. Həmin görüş yaddaşımda isti, səmimi bir xatirə kimi yaşayır. O zaman öz-özümə belə düşünmüşdüm: “Nəriman müəllimin yüksək dəyər verdiyi şeir, deməli, yaxşı şeirdir”. Zaman keçdikcə gördüm ki, bu düşüncəmdə yanılmamışam. Sonrakı illərdə görüşlərimiz mütəmadi xarakter aldı, dostluğumuz möhkəmləndi. Ramiz müəllimin təvazökarlığı, səmimiliyi, dostluğa sədaqəti onun yaradıcılığı qədər zəngin mənəvi dünyasından xəbər verirdi.
Onun sənət və dostluq mühitində böyük sənətkarlarla qurduğu münasibətlər xüsusi qeyd olunmalıdır. Xalq artisti Məmmədbağır Bağırzadə ilə dostluğu Ramiz Abdullayevin həyatında mühüm yer tutub. Bu dostluq yalnız sənət yaxınlığı deyildi. Bu, qarşılıqlı etimad, hörmət və mənəvi bağlılıq üzərində qurulmuş münasibət idi. Ramiz Abdullayev dostluqda etibarlı, sözündə möhkəm, çətin günlərdə yanında dayanan insan kimi tanınır. Onu tanıyanlar yaxşı bilirlər ki, Ramiz müəllim üçün dostluq müqəddəs anlayışdır.
Ramiz Abdullayev yaradıcılığının mühüm istiqamətlərindən biri də musiqi ilə bağlıdır. Onun şeirlərinə 250-dən artıq mahnı bəstələnməsi Azərbaycan musiqi mədəniyyəti üçün mühüm hadisədir. 120-dən artıq müğənni onun sözlərinə yazılmış mahnıları ifa edərək dinləyicilərin qəlbinə yol tapmışdır. Bu mahnılar insanların sevincinə, kədərinə, sevgi duyğularına yoldaş olmuş, yaddaşlarda yaşayaraq xalqın mənəvi sərvətinə çevrilmişdir.
Ortaq dostumuz, bəstəkar Qismət Əliyevlə yaradıcı əməkdaşlıq Ramiz Abdullayev poeziyasının musiqidə yeni nəfəs qazanmasına səbəb oldu. Unudulmaz sənətkar, əziz dostum və qardaşım Baloğlan Əşrəfovun Ramiz Abdullayevin sözlərinə, Qismət Əliyevin bəstəsinə ifa etdiyi “Sevda dolu gecələr” mahnısı bu əməkdaşlığın ən uğurlu nümunələrindən biridir. Bu mahnı dinləyicilərin yaddaşında sevginin, romantikanın və səmimiyyətin simvoluna çevrilmişdir. Ümumiyyətlə, Ramiz Abdullayevin şeirlərinə müraciət edən sənətkarların hər biri uğur qazanmışdır. Çünki onun misraları süni deyil, həyatın özündən doğan duyğuların ifadəsidir.
Ramiz Abdullayev dramaturq kimi də Azərbaycan teatr sənətinə dəyərli töhfələr verib. Onun “Olacağa çarə yoxdur!”, “Biznesmen”, “Pasport” adlı iki hissəli musiqili komediyaları ölkənin aparıcı teatr səhnələrində uğurla nümayiş etdirilmiş, televiziya kanalları tərəfindən ekranlaşdırılaraq geniş tamaşaçı auditoriyasına təqdim olunmuşdur. Bu əsərlərdə həyatın sosial problemləri, insan xarakterlərinin ziddiyyətləri, gündəlik həyatın gülüş və düşündürücü məqamları ustalıqla təqdim edilir.
On bir şeir kitabı, beş musiqili komediya müəllifi olan Ramiz Abdullayev “Qızıl qələm”, “Abdulla Şaiq”, “Vətən”, “Qızıl Buta”, “Qızıl ürək”, “Dədə Qorqud” adına “Vətən övladı” qızıl medalı kimi nüfuzlu mükafatlarla təltif olunub. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi o, milli ədəbiyyatımızın və mədəniyyətimizin inkişafına xidmət edən ziyalılarımızdandır.
Bu gün Ramiz Abdullayev ömrünün müdrik çağını yaşayır. Lakin zaman onun qəlbindəki yaradıcılıq alovunu söndürə bilməyib. Əksinə, illərin qazandırdığı həyat təcrübəsi, mənəvi zənginlik onun qələmini daha da qüvvətləndirib. O, yenə yazır, yenə yaradır, yenə sözə həyat verir. Onun üçün yaradıcılıq sadəcə məşğuliyyət deyil, həyat tərzi, nəfəs, daxili ehtiyacdır.
Ramiz Abdullayev kimi sənətkarların varlığı xalqın mənəvi sərvətidir. Onun sözləri zamanın sınağından keçərək yaşayır, insanların qəlbində iz buraxır. Çünki ürəkdən gələn söz gec-tez ürəklərə yol tapır. Ramiz Abdullayev də məhz belə sənətkarlardandır. Sözün məsuliyyətini dərk edən, dostluğun qədrini bilən, sənəti həyat amalına çevirən ziyalı.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: