Qısa təqdimat: Cəlilabad ədəbi mühitinin xanım şairlərindən olan Seylan Abbas (Abdullayeva Seylan Dəmir qızı) 1965-ci ilin oktyabr ayının 27-də Cəlilabad şəhərində anadan olub.
Cəlilabad şəhərində 7 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Orta məktəbdə oxuyarkən ədəbiyyat fənninə böyük həvəs göstərib. Müxtəlif janrlarda şerlər yazsa da uşaq ədəbiyyatına üstünlük verir. Onun ədəbi təxəllüsü “Seylan Abbas”dır. 2025-ci ildə “Bir ovuc günəş” adlı uşaq şerlər kitabı işıq üzü görmüşdür. Ailəlidir, iki övladı və üç nəvəsi var.
CIRCIRAMA
Cırcıramadır adım,
Vardır zərif qanadım.
İş güclə yoxdur aram,
Tənbəlliklə mən varam.
Yay uzunu gəzərəm,
Oxumaqdan bezərəm.
Səsim heç xoşa gəlməz,
Məni heç kimsə sevməz.
Qışı fikirləşmərəm,
İş güç nədir bilmərəm.
Soyuqlar düşən zaman,
Mən ruzisiz qalaram.
Baxaram qarışqaya,
Çox peşiman olaram.
AĞACDƏLƏN
Adım ağacdələndir,
İşim xoşa gələndir.
Ağacların qabığın, dimdiyimlə deşərəm.
Tarak – turuk eyləyib,
Hər tərəfin eşərəm.
Zərərli böcəkləri, dimdiyimlə əzərəm.
Ağacların köksündə
Həkim
Kimi gəzərəm.
Ziyanlı həşəratlar məni görcək qaçarlar,
Qanadları olanlar, Tez tələsik uçarlar.
Təbiətin qeydinə ana kimi qalıram,
Ağacları qoruyub, sağlam hala salıram.
MƏKTƏB
Məktəb elm ocağı,
Məktəb hikmət çırağı.
Məktəbdə öyrənirik
Elmlə yasamağı.
Əldə qələm tutmağı
Biz orda öyrənmişik.
Ana vətən kəlməsin,
İlk məktəbdə demişik.
Məktəb gunəş, müəllim şəfəqidir.
Elmli şagirdlərsə
Nurdan zərrələridir.
KƏPƏNƏK
Kəpənək,
kəpənək,
Gəl qon yaxama.
Gültək görünəcəksən,
Mənə baxsana.
Sanki uçan çiçəksən,
qanad çalırsan.
Al əlvan rənglərinlə könül alırsan.
Qaçıram ardınca mən,
Görəndə səni.
Uç, gəl ovucum üstə
Sevindir məni.
Ömrün az olsa da bil,
Mənalı keçər.
İlk bahar şəbnəmini Kəpənək içər.
QARINCA
Balaca qarıncayam
Həm xırda, həm incəyəm.
Bir yerdə dayanmaram,
Zəhmətdən doyanmaram.
Özumdə olar gözüm,
Gəzər xoş söhbət, sözüm.
MİLÇƏKLƏ BAL ARISININ SÖHBƏTİ
Milçək arıya tənə eylədi,
Guya ağıllı sözlər söylədi.
Dedi bu qədər Çalışma bəsdir,
Gül çiçək üstə qonmaq əbəsdir.
Özunü niyə belə yorursan
Əziyyət ilə şirə sorursan.
Bircə dəqiqə dayanmayırsan,
Sən işləməkdən doyanmayırsan.
Rahat halımdan sən ibrət götür,
Çalış özünü sən mənə yetir.
Arı dinlədi onun sözünü
Sonra söylədi sözün düzünü.
Dedi- sənin tək haram yemərəm,
Özümə çirkli milçək demərəm.
Təamlar üstə gizli qonarsan,
Onunçun rəzil, rüsvay olarsan.
Sənin halalla heç olmaz işin,
Hər gördüyünə bulaşar dişin.
Hər vaxt gözlərin haramda olar,
Fürsət tapanlar canını alar.
Mənsə zəhmətlə ad qazanmışam,
İzzətim ilə başda qalmışam
Çox çalışmaqdan mən zövq alıram,
Güllər köksündən şirə soraram.
Özümə ruzi saf bal yigaram,
qışda yuvama rahat sığaram.
TÜRKƏM
Mənim xalqım türkdür, türk.
Hunərlə əkizdir türk!
Tariximiz uludur,
Zəfərlərlə doludur.
Əsrlər arxasından Gəlir Tomrisin səsi.
Yarar düşmən bağrını
Cavanşirin nəfəsi.
Qoca türklük adına salnamələr yazılmış,
Satqınların zəfəri türk əliylə pozulmuş.
Tarixlərin bəzəyi olmuşdur türkün adı,
Türklər olmuş acizin, köməksizin imdadı.
Türklük hünər quşunun
Uçan qanadı olmuş,
Haqq, ədalət yerini
Hər vaxt türklüklə bulmuş.
ŞAM
Göz yaşı tökür
Şam damcı – damcı
Çünki aldadıb onu inancı.
Geniş yer verdi, sapa qoynunda
Onu əritdi, sap da sonunda.
















