Sevinc YUNUSLU:Alışdığın mənim mixək qoxumsa – Yatağından, yastığından silinsin..

Sevinc YUNUSLU:Alışdığın mənim mixək qoxumsa – Yatağından, yastığından silinsin..

Alınmadı…

Göy üzü əngin idi,
Günəşi rəngin idi.
O bulud sən kimiydi
Gedirdi, alınmadı..
.
Tikanlı bir arıydın.
Xınalıqda qarıydın.
Sonuncu siqarıydın
Bitirdim, alınmadı..
.
Gördüm dar ayağını,
Yıxdım Avey dağını,
Ürəyimin yağını
Gətirdim, alınmadı..
.
Axdı üzümdən dəniz
Soldu gözümdə filiz.
Bu mən, bu sən, bu da biz,
İtirdin, alınmadı..
.
Su sızdıran damıydım,
Nə bitməz xətamıydın.
Lənət bir adamıydım
Bilirdin, alınmadı..
.
Uzağa qaç dəlidən,
Söz aç Şaiq Vəlidən.
Əlini çək əlimdən-
Tuturdun, alınmadı..

Gələrəm!

Və sən buna inan ki, alıb boxçamı gəlləm,
sal indidən səhmana evini- eşiyini
güllü baxçanı, gəlləm..
Nə yollar əngəl olar
nə tikanlar, nə kollar.
Nəyin gücü çatar ki,
məni burda tutmağa?!
Hazıram aramızdan soyuqluğu atmağa.
Fərqi yoxdu mənzilin
gündoğandı, günbatan,
Elə mən deyiləmmi hər şeyi
başdan başa biri -birinə qatan.
Gələrəm deyirəmsə heç şübhəsiz gələrəm,
təhlükələr içindən təhlükəsiz gələrəm!
Bir mətn şəkili ola bilər
Ölüm olsa gələrəm, zülüm olsa gələrəm.
Əllərində tutduğun
cənazəmə qonacaq
gülüm olsa gələrəm.
Yola -izə baxmaram,
oda közə baxmaram
Sən də mən də bir olar!
Tanrının özünə də
bu qaranlıq sirr olar..
Gələrəm deyirəmsə sən inan ki, gələrəm.
Könüllü atar əlin
silahını divana.
Elə həmin andaca
dönər üzün divara.
Yox olar taqətin də,
qolundakı gücdə, bax!
Dizi üstə bu eşqə
eyləyərsən səcdə bax!
Nəfəsim qızdırmalı
halına çevrilər bil.
Yüz illik hakimliyin
könüllü devrilər bil..
Unutmaq istədikcə
atanı yandıraram..
Savab nədi ən böyük
xətanı yanındararam..
Gələrəm deyirəmsə sən inan ki, gələrəm.
Bircə şey olar mənim
yollarımı titrədən
O da ancaq ölümdü..
Səndən sonra heç nə ,heç!-
mənim qara külümdü..
Bir halda ki, mən səni
alın yazıma yazdım..
Səndən sonra bu dünya
mənim nəyimə lazım?!
Sənsiz olan hər şeyin
rəngi qaradı ,bozdu,
Bax , yenə deyəcəklər
Bu dəli qız oturdu, durdu görün nə yazdı?!..
Məncə mənim milyon il
öncə tanıdığımsan,
Bisütun dağındakı
sevib ayrıldığımsan.
Və ya biz kəşf etmişik
elə oxu, kamanı,
Bəlkə biz yaratmışıq
Alyatlarda şamanı.
Bəlkə elə səndin o , Börtenin Çingizxanı,
Bəlkə məndim önündə
sındıran gümüş camı..
Bəlkə səndin Şuşanın
yaralanmış əsgəri,
Zəfər soraqçısıydın..
Bəlkə məndim gülləni çıxardıb sarıqlayan,
yara sarıqçısıydım..
Yoxsa belə doğmalıq
hansı qəbildən gələr?!
Bu milyon il öncədən
bir doğub bir də dəfn olan
qərib qəbirdən gələr..
Bilmirəm e nəyimsən
bir onu bilirəm ki, iyirmikinci əsirdir,
süni intellektləşib məhəbbətlər filanlar..
Doğrudan da seçilmir
ən zəhərli yalanlar.
Mən hələ dəftər üstdən
adının baş hərfini
kəsib zərfə qoyuram..
Mən hələ də adını tutub bir istəkana
qırmızı sap salıram..
Mən hələ də gecələr
Sən bilmədiyin qədər
Xəyalınla yatıram..
Mən hələ də yuxumda
Ayaqyalın, başıaçıq,
Qaraqum səhrasında
sənə doğru qaçıram..
Gələrəm deyirəmsə sən inan ki, gələrəm!

Ay ədəbaz, ay ərköyün

Ay ədəbaz, ay ərköyün, qaraşın,
Əlin necə əllərimə yaraşır.
Qoy başlasın yeni dünya savaşı –
Amma qara gözlərinə ölünsün!
.
Dodaqlarım dodağına çatanda,
Bir savaba, bir günaha batanda.
Kinodakı oğlan qızı atanda
Mavi ekran pərdələrə bürünsün..
.
Dözərmi can, göz yaşların axarsa..
Unudaram, bu can məndən çıxarsa..
Bircə damla ümidini yıxarsa –
Cavan canım məzarlıqda görünsün..
.
Ay şəkərim, ürəktutmam, təzyiqim,
Sığalına yarpaq-yarpaq əsdiyim..
Tapşır , inad keçi kimi tərsliyin –
Bu ömrümü bir azca az çürütsün..
.
Dünya varın dünya bir az yoxunsa..
Bu eşq qərib, bir didərgin yuxunsa.
Alışdığın mənim mixək qoxumsa –
Yatağından, yastığından silinsin..
.
Ay ədəbaz, ay ərköyün, qaraşın,
Bir azca gül, könlümə qəm qarışır..
Bilmirəme heç kim kimə yaraşır?!
Sən mənimsən, bu beləcə bilinsin!..
Share: