Halbuki..
Od istisi, gün alovu kimiydi
Nəfəsinə inanmışdım halbuki..
Baxışının dörd yanımda qurduğu
Qəfəsinə inanmışdım halbuki..
.
Zəhər idi, bal dadırdı, bilirdim..
Ürəyimi oynadırdı, bilirdim..
Aldadırdı..aldadırdı bilirdim..
Həvəsinə inanmışdım halbuki..
.
Öpüşləri xəyalımdan getməyən
Taleyimin boz üzündə itməyən,
Qara moruq kollarında titrəyən
Qu səsinə inanmışdım halbuki..
.
Məndən ötə aşiq gördün de görüm?
Yalan oldu Məcnun, Dante, Yevgenin..
Məhəbbətin , ehtirasın , sevginin
Qısasına inanmışdım halbuki..
.
İndən belə nə üzülər, ağlaram,
Üç-beş şeir, bir bağlama bağlaram..
Quzeylərdə qar ələnmiş dağların
Zirvəsinə inanmışdım halbuki..
.
Od istisi, gün alovu kimiydi
Nəfəsinə inanmışdım halbuki..
Baxışının dörd yanımda qurduğu
Qəfəsinə inanmışdım halbuki..
Deyil…
Neçə saatdır yatırsan nə görmüsən yuxunda?
Gəl sənə toxdaqdlıq verim şeirdir də oxuma..
Gözəl gözlüm, yaram çoxdur əllərinlə toxunma
Bağrımdakı köz izləri, qan ətri sənlik deyil..
.
Eh..nə deyim bu həyata heç könlün aldanmasın,
Götür göz yaşımı göydən..götür xətrin qalmasın.
Mənim tək Tanrı heç kəsi od ilə sınamasın
Od içinə düşən könlüm axı üzərlik deyil..
.
Hər çiynimə dəyən əli əynimə çuxa bildim,
Of!..nələr çıxdı qarşıma dağıdıb, yıxa bildim.
Nə sənə qovuşa bildim..nə səndən çıxa bildim..
Bənövşənin göz yaşına günah çəmənlik deyil.
.
Küləklərdir ağacların saçını yolub gedən
Mənəm bulud yaddaşına yağışlar dolub gedən.
Öz başıma deyiləm ki, hər şeyi alıb gedəm-
İndən belə sənsiz ömrü sürmək ta mənlik deyil..
.
Səndən ötürü alışan bu odda bir ürək var,
Tanrını, məni bir edən SƏN adda bir ürək var.
Əllərini uzat mənə, əllərinə gərək var –
Bu eşqdir, qurban olduğum, bu bir nəfərlik deyil..




















