Sevinc Yunuslu: -Kürəyimdəki ən dərin Yaraları qucaqladın

Sevinc Yunuslu: -Kürəyimdəki ən dərin Yaraları qucaqladın

Sənin xətrinə

Yavaş-yavaş dan sökülür,
Gün çıxır sənin xətrinə.
Min şükür olsun, bu səhər
Bir də büründüm ətrinə.
.
Dözə bilmədi quşların
Sonunda yuxusu gəldi..
Saçından ovcuma qədər
Bənövşə qoxusu gəldi..
.
Keçdi, getdi ağrıları
Baltaların, bıçaqların.
Kürəyimdəki ən dərin
Yaraları qucaqladın..
.
Bilməzdim ki, sakitliyi
Bir az içəndə taparam.
Dönüb ayaq izlərimi
Sənin küçəndə taparam..
.
Min şükür mənim olduğun,
Saçın, gözün, qaşın üçün..
Sağ ol, sonsuz məhəbbətin…
Sağ ol, anlayışın üçün..
.
Yavaş-yavaş dan sökülür
Gün çıxır sənin xətrinə..
Min şükür olsun, bu səhər
Bir də büründüm ətrinə..

Təbriz üçün..

Bağışla, oğlum sənin
zamanından ayırdım,
sevgindən oğurladım.
Kimlərisə sevəndə
sənin qədər sevirdim..
Anam qədər sevirdim
Atam qədər sevirdim..
Bu dünyanı ayaqda
tutan qədər sevirdim..
Nə etdim heç yatmadı
ruhum evə , eşiyə.
Əllərim öyrəşmədi
bir türlü qab – qaşığa
bilirdim e bilirdim..
Bağışla oğlum məni..
Ananın başdan başa
ruhu Saz qoxusudu.
Sənin yatdığın yuxu
ananın yuxusudu.
Sənə yemək əvəzi
hər zaman qafiyəm var
Bütün bunlara rəğmən
bir də şair ananı
elə gözəl ,elə xoş
duru müdafiən var..
Gəl ,tanış olaq , oğlum,
böyümüsən sən də bil,
anan bir az dağınıq
anan bir az dəlidir..
Amma daha bilir ki,
kimsə eşqdən boğulmaz.
Anan dəli olmasa
yaxşı şeir doğulmaz..
Anan yağan yağışdı..
Anan payız yelidi..
Anan hədsiz ağıllı,
anan lap zır dəlidi.
Və sonra anladım ki,
Qurban bütün sevgilər
o taysız başmağına,
söyünc söyən uşaqla
tində dalaşmağına.
əlaçı Mehman ilə
dərsdə yarışmağına..
Olan məğlubiyətlə
sonda barışmağına..
Gülümsəyən gözünə,
Kiçik ayaq izinə..
Doğru düzgün darağa
Yatmayan tellərinə
Süd qoxan əllərinə..

Nevanın diblərindən Sənin dəli ruhuna

Qürbətdə həsrətin də
Çox ağrılı dadı var..
Bu ölkədə şairin,
yazıçının da vallah
sənə bənzər adı var..
.
Burdakı küçələr də
Elə sənlə başlayır..
Məsələn Liqovski
prospekti niyə ki
adın ilə oxşayır?..
.
Bax , bu köhnə binanın
nəyi səni gözləyir?..
Daşlarını oxşadım,
ağacına toxundum,
Min dəfə lənət olsun
əllərinə bənzəyir..
.
Gedib içəcəm bir az-
yaşıl göz, sarı saçla.
Unudacam Quranı
Ucuz bir qara xaçla..
.
Of! Of!!..yalan söylədim..
Nə içdim, nə sevişdim
Sənsən hayana baxsam..
Şəhəri qucaqlayan,
dəli qara bulud da,
İçimdə yaşıllaşan
yosulu bir umud da..
.
Üzündən üsyan yağan
çopur ayda olursan
Metroda unuduram
yolda peyda olursan..
Ya da içəcəm bir az
Bu ölkənin qışında
Yandırılan neftimə..
Elə ona bənzəyən
sənə qismət olmayan
taleyimə, bəxtimə..
.
Eşitmək istəmirəm
Nə şur, nə rast, nə də saz..
Bir barda inləyən caz –
Saksafon, klarnet, brass
Dəli həsrətin olsun..
Gözün tək bulanıqdı,
Nevanın dibləri də..
Qəti narahat olma,
İntiharlıq heç nə yox
Ölümünə kəsilib
O açılan bağlanan
Körpünün ipləri də..
.
Sənsən ən adi çay da,
Sənsən kilsədə duam..
Mən bu qanlı ölkədən,
Bir də sənin eşqindən
Çətin..çətin qurtulam..

Share: