Sevil AZADQLZI Faiq BalabeyliNİN “DÜŞDÜM” şeirini təhlil etdi

Sevil AZADQLZI Faiq BalabeyliNİN “DÜŞDÜM”  şeirini təhlil etdi
DÜŞDÜM
Sənin toy günün İdi, toya gələ bilmədim
“Vağzalı” haray çəkdi, haya gələ bilmədim
Baharda gələcəkdim, yaya gələ bilmədim
Yolumda tufan oldu, borana-qışa düşdüm.
.
Soldu, soluxdu güllər yarpaqlar həşəm oldu,
Elə, o vaxtdan bəri sızlamaq peşəm oldu.
Bu həsrətin odunda qovrulan, bişən oldum
Mən başa düşülmədim, qana, qarğışa düşdüm.
.
Nə dəydim mən xətrinə, nə saxladım xətrini,
Elə xəyallarımda mən qoxladım ətrini.
Qaldır gözünün üstən kipriklərin çətrini
İslandım göz yaşından, yenə yağışa düşdüm.
Şeirinin Bədii Təhlili:
İnsan yarım qalan xatirələrin içində itib batsa da, onların səsi illər boyu qulaqda çalınmağa davam edir. Çünki həsrət insanın içində susmayan bir küləkdir və bu külək bəzən bir toy gününün harayından başlayır. Şeirin ilk misrasında səslənən
“Sənin toy günün idi toya gələ bilmədim,
Vağzalı haray çəkdi haya gələ bilmədim” ifadəsi həm gecikmiş bir sevginin iztirabını, həm də zamanın qəfil dönüb insanı öz yolundan saxlayan sərtliyini göstərir. Burada Vağzalının hayqırtısı yalnız bir musiqi deyil, beləliklə itirilmiş imkanın cingiltisi kimi təsir edir və şeir qəhrəmanının bütün həyatına çəkilən peşmanlıq xəttinin ilk səsini verir.
Baharı yaya çevirə bilməyən zaman kimi insan da içindəki niyyətini amala çevirə bilməyəndə, öz yoluna düşən tufanların əlində sərgərdan qalır. Şairin “Baharda gələcəkdim yaya gələ bilmədim, Yolumda tufan oldu borana qışa düşdüm” misralarında məhz bu sərgərdanlığın yükü hiss olunur. Burada boran yalnız bir hava hadisəsi deyil həm də taleyin qapısını bağlayan bir əl kimi görünür. İnsanın istəyi bir gülə bənzəyirsə, o gül də bəzən tufana dözmür və solur.
Növbəti bənddəki “Soldu soluxdu güllər yarpaqlar həşəm oldu,
Elə o vaxtdan bəri sızlamaq peşəm oldu” misrası həm xarici dünyanın çöküşünü həm də daxili dünyada yaranan boşluğu simvollaşdırır.
Həsrət yandırdığı yerdə insanı bişirir və bişirdikcə də daha dərin düşüncələrə aparır. “Bu həsrətin odunda qovrulan bişən oldum” misrası insanın öz içində neçə dəfə yanıb yenidən külündən qalxdığının göstəricisidir. Burada yanmaq məhv olmaq deyil tam əksinə taleyin insanı sınadığı bir mərhələdir, yanıb təmizlənməkdir. Amma bu təmizlənmənin içində başa düşülməmənin payı böyükdür. “Mən başa düşülmədim, qana qarğışa düşdüm” sözləri isə həm sevginin yanlış anladılmasının ağırlığını, həm də insanın öz sükutunda boğulmasının acısını daşıyır.
Bu şeirdə qəhrəman nə xətrinə dəydiyini bilmir. Çünki heç nə etmədən də bəzən günaha yazılır insan və bu təzadın içində sevginin ən dəriniş tərəfi görünür. “Nə dəydim mən xətrinə nə saxladım xətrini” misrası bunu açır. Çünki insan heç toxunmadığı bir qəlbi belə incidə bilər. Bəzən sadəcə gəlmədiyinə görə bəzən susduğuna görə, bəzən zamanın onu yanlış yerdə yaxaladığı üçün.
Bu sevgi yaşanmamış bir sevgi deyil, əksinə yaşanıb, amma çatmamış bir sevgidir şair “Elə xəyallarımda mən qoxladım ətrini” deyəndə bu münasibətin yalnız xəyal müstəvisində yaşadığını etiraf edir. Sevgi qoxusu belə xatirədə canlanır real həyatda deyil, amma ən ağır misra insanın yenidən eyni yağışın altında qalmasını göstərir. “İslandım göz yaşından yenə yağışa düşdüm” burada göz yaşı yağışa çevrilir, yağış isə taleyin təkrar etdiyi ağrılara bənzəyir.
Şeirin bütün axını insanın ömrü boyu daşıdığı gecikmiş qərarın ağırlığını göstərir. vaxtında gəlməmək bir həyat boyu davam edən bir peşmanlığa çevrilir. İnsanın içindəki yanğı dayanmaq bilmir, çünki burada həsrət təkcə bir ayrı düşmüş ürəyin acısı deyil, həm də öz taleyinə gecikmiş bir adamın özünə yazdığı sükutlu etirafıdır. Bu şeir göstərir ki, hər bir gecikmə bir yüklə qayıdır və hər yük insanı bir az da dəyişdirir.
Bu şeirin nəticəsində görünən budur ki, sevgi bəzən yaşanmadan da insanın ömür boyu izinə çevrilir toyda çalınan bir “Vağzalı” bütöv bir ömrün sızıltısına dönə bilər və insan nə qədər qaçsa da öz yağışına yenə düşər. Çünki həsrət insanın içində həm qışdır, həm borandır, həm də sızlamağı peşəyə çevirən yanğıdır.
✍ Sevil Azadqızı
Share: