Sevil Azadqızıdan Bəxtiyar Nemətliyə “Varmı ədalət” şeri haqda ədəbi məktub

Sevil Azadqızıdan Bəxtiyar Nemətliyə “Varmı ədalət”  şeri haqda ədəbi məktub

Salam olsun. Hər vaxtımız sağlıqlı və bərəkətli olsun.
Qələminizə, barmaqlarınıza, ruhunuza, könlünüzə sağlıq.Günümüzün, zamanımızın real bədii təsviri…İLAHİ, bəlkə, bütün günü beynimizdə əks-səda verən sözlərin linqivistik ifadəsi…

 

Bəli, ay Şair, bəli, “Sənə can deyənlər və sənin can dediklərin sıxar canını”… Çünki yadın vurduğu zərbə sağalar, doğmanın , dostun vurduğu zərbə isə sol yanında yaraya dönər, yüz məlhəm etsən, sağalmaz, unudulmaz, sızıltısı hər gün yaddaşını incidər.Qardaşın vurduğu badalaqdan üzü üstə düşənlərin ayağa durması çətin olar, gec olar. Ayağa qalxanda da qamət həmin olmaz, qədd həmin olmaz. Oğul, qız haqqında dediklərinizdən isə bir nəticə çıxartsın, həya etsin tərbiyəsi zəif olanlar.Sonuncu bəndin sonuncu bədii sualı-ritorikası günümüzün sualıdır: “Ədalətin bumu dünya?” Dünyada ədalətə xəyanəti edən də insandır, insan! Ədaləti axtaran da insandır, insan! İnsanı tanımaq üçünsə, bir ömür yetməz! Amma günümüzün mənzərəsini çizmək üçün bu sözlər yetər! yetər! yetər!
Sizə sağlıqlı, bərəkətli ömür və yaradıcılıq uğurları diləyirik, Bəxtiyar Nemətli !

Hörmətlə: İsayeva Sevil Azadqızı

 

VARMI ƏDALƏT

Sənə can deyənlər sıxar canını
Könlün bu ağrıdan alar xəsarət.
Dostum dediklərin evini yıxar
Heç kimdə yox imiş zərrə dəyanət.

Nə dosta, nə yara, nə də qohuma
Öz ürək sirrini etmə əmanət
Sağalmır yarası dost zərbəsinin
Yaman ağır olur riya, xəyanət.

Niyə bu günlərə qaldıq biz görən
Qardaş qardaşına badalağ gəlir.
Qızlar ana sözü dinləmir artıq
Oğul atasının sözünə gülür.

Nə yaşamaq olur nə də ki, ölmək
Bu bədbəxt milləti yıxıb cəhalət.
Qarnı tox olanın gözləri doymur
Hanı bu dünyada, hanı ədalət?!

 Bəxtiyar Nemətli

07.07.2024

Share: