( Mənsur şeir )
Mən: Yenə gəldin… Heç dəvət olunmadığın bu bədəndə, ruhumun ən dərin küncünə qədər sızmağa çalışırsan. Nədir məndən istədiyin? Niyə mənimlə bu qədər amansız rəftar edirsən?
Xərçəng: Mən sənin bir parçanam. Səndən kənar deyiləm, sənin daxilindəki o qırılmış hüceyrəyəm. Mən kədər deyiləm, mən sadəcə bir gedişatın nəticəsiyəm. Mən gələndə zaman dayandı, elə deyilmi?
Mən: Bəli, zaman dayandı. Amma dünya fırlanmağa davam edir. Sən mənim rənglərimi soldurmağa çalışdıqca, mən göy qurşağının hər rənginə daha bərk sarılıram. Sən məni zəiflətdiyini sanırsan, amma mən hər ağrıda daha da böyüyürəm. Sən mənim cismimə hakim ola bilərsən, bəs ruhum? Ruhumu necə zəncirləyəcəksən?
Xərçəng: Səni yoruram… Gözlərindəki o parıltını söndürmək üçün hər gün yeni bir hücum edirəm. Səni qorxuduram, elə deyil?
Mən: Qorxu? Bəlkə əvvəllər var idi. Amma indi o qorxu mətanətə çevrilib. Sən mənə hər anın nə qədər qiymətli olduğunu öyrətdin. Səhər içdiyim bir qurtum suyun, pəncərədən süzülən günəşin, sevdiklərimin bir təbəssümünün necə bir möcüzə olduğunu sənin sayəndə dərk etdim. Sən məni məhv etməyə gəlmişdin, amma mən səninlə mübarizədə yenidən doğuldum.
Xərçəng: Sən çox inadkarsan…
Mən: İnad deyil bu, yaşamaq eşqidir. Sən mənim bədənimdə bir qonaqsan və bil ki, qonağın hökmü ev sahibinin iradəsi qədərdir. Mənim ruhum səndən daha böyükdür, ümidlərim isə sənin qaranlığından daha işıqlı. Mən bu döyüşdə tək deyiləm; dualarımla, sevgimlə və içimdəki o sönməz işıqla səni addım-addım geriyə çəkəcəyəm. Sən mənim sonum deyil, mənim nə qədər güclü olduğumu sübut edən ən ağır imtahanımsan.
✍ Sevil Azadqızı
25.10.2025





















