Sevil Azadqızı Nuriyyə KÖNÜLÜN ŞEİRİ HAQDA YAZIR

Sevil Azadqızı Nuriyyə KÖNÜLÜN ŞEİRİ HAQDA YAZIR

Ana dilim.

Bəzən ruscamıza veririk ,, dabro”
Bəzən ingilisə deyirik – ,, hello”.
,, Habibi” oluruq, ərəbləşirik,
Dilimiz var ikən dilsizləşirik.

Farsın cübbəsini əlindən aldıq,
Elmi, mərifəfi biz gözdən saldıq.
İndi kəlmələri türkcə deyirik,
Dilimizin haqqın basıb yeyirik.

Min rəng dəyişirik buqələmun tək,
Nədir bizdə olan bu iyrənc istək.
Hər dildə danışdıq, burnu dik gəzdik,
Dilimiz məhv oldu, əzdikcə əzgik.

Utanırıq sanki öz dilimizdən,
Bəlkə dil utanır əməlimizdən?
Bəs niyə özümüz ola bilmirik?
Dilimiz ağlayır, gözün silmirik.

Azərbaycanlıyıq- safdır dilimiz,
Laylanı bu dildə dinləmişik biz.
Dil özü anadır elə qanana,
Naxələf deyirlər, əslin danana

Nuriyə Könül.

03.06.2025

TƏHLİLİ:

Nuriyə Könülün “Ana dilim” adlı şeiri yalnız bir dilin deyil, bir millətin kimliyinin, ruhunun və dəyərlərinin haraya sürükləndiyini gözlər önünə sərir. Şairə bu poetik nümunədə ana dilə laqeydliyin təkcə bir dil itkisi deyil, həm də milli şüurun və mənəvi varlığın zədələnməsi olduğunu vurğulayır.
Şeirin başlanğıcında müxtəlif dillərə edilən təhriflər – “dabro”, “hello”, “habibi” – sadəcə dilin yad sözlərlə dolması deyil, həm də öz dilinə olan güvənin itməsinin simvoludur. Bu cür yanaşma ilə müəllif ana dilə xəyanətin sətiraltı səbəblərini göstərməyə çalışır: qəribə bir utanma hissi, yersiz təqlid və mədəni kimliyin inkarı.
Şeirin ikinci bəndində isə müəllif tarixə nəzər salır:
“Farsın cübbəsini əlindən aldıq, elmi, mərifəti biz gözdən saldıq.” Burada müəllif həm ironiya, həm də gerçək bir sosial tənqid səsləndirir. Əvvəllər elmə, sözə, mərifətə önəm verən bir xalqın bu gün sadəcə zahiri təqlidlər və səthi modernləşmələr arxasında öz dəyərlərini unutduğunu deyir. Əslində bu, bir tarixi yaddaşın tədricən silinməsi prosesinə işarədir.
Ən kəskin və tənqidi hissə isə üçüncü bənddə özünü göstərir. “Min rəng dəyişirik buqələmun tək” misrası şəxsiyyətin itirilməsi və dəyişkən, prinsipsiz bir toplum obrazını yaradır. “Dilimiz məhv oldu, əzdikcə əzgik” deyən şairə burada dilin qorunmaması ilə bağlı acı gerçəyi açıq şəkildə ifadə edir.
Dördüncü bənd isə şeirin emosional kulminasiyasıdır. Ana dildən utanmaqla yanaşı, şairə bir sual verir: “Bəlkə dil utanır əməlimizdən?” Bu sual, sadəcə bir ritorik cümlə deyil, özümüzə ünvanlanan ağır bir ittihamdır. Özümüz ola bilməməyimizin səbəbi, yadlaşmağımızda və dilə sahib çıxmamağımızda gizlidir.
Şeirin son bəndində isə millilik və ana dilin müqəddəsliyi vurğulanır. “Laylanı bu dildə dinləmişik biz” deyən şairə, dilin insan üçün nə qədər doğma və əvəzolunmaz olduğunu xatırladır. Ana dilini danmaq, öz anasını inkar etmək qədər ağır və bağışlanmaz bir davranış kimi təqdim olunur:
“Naxələf deyirlər, əslin danana.”
Nuriyə Könül bu şeirində sadəcə dil haqqında danışmır – o, millətin ruhu, tarixi yaddaşı və mənəvi varlığı haqqında danışır. Dil sadəcə ünsiyyət vasitəsi deyil, bir xalqın mədəniyyətinin, düşüncəsinin, hissinin daşıyıcısıdır. Bu şeirin əsas çağırışı budur: öz dilimizi qorumaq – özümüzü qorumaq deməkdir. Bu, təkcə ədəbi deyil, eyni zamanda ictimai və milli məsuliyyətin poetik təzahürüdür.

✍Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi tənqid və təhlilçi. Şair.
04.08.2025

Share: