ƏN BÖYÜK DƏRS
Səməndər, müəllimi
Düşündü aldatmağı.
Dünən dərsi danışıb
Qiymət almışdı axı.
Bütün günü oynayıb
Dərs öyrənmədi daha.
Amma bu fikri ona
Başa gəldi çox baha.
Çevrildi həqiqətə
Düşündüyünün tərsi.
Müəllimi çağırdı
Danışmaq üçün dərsi.
Səməndərin boğazı
Tamam qurudu qaldı.
Dünən “beş” almışdısa,
Bu gün də “iki” aldı.
Bu da dərs oldu ona,
Bir də belə etmədi.
Dərsi hazırlamamış
O, məktəbə getmədi.
Əhməd Haqsevər
TƏHLİLİ:
Əhməd Haqsevərin “Ən Böyük Dərs” şeiri uşaqlara dürüstlük, məsuliyyət və zəhmətin dəyəri haqqında dərin bir həyat dərsi verir. Şeirin əsas qəhrəmanı Səməndər, müəllimini aldatmaq və hazırlıqsız məktəbə getmək fikrinə düşür.
O, əvvəlki gün dərsi yaxşı danışaraq yüksək qiymət alıb və bu uğur onu məsuliyyətsizliyə sürükləyir. Ancaq bu rahatlıq uzun çəkmir – müəllimi yenidən onu sorğuya çəkəndə Səməndər hazırlıqsız yaxalanır və nəticədə pis qiymət alır.
Bu hadisə Səməndərə ən böyük dərsi verir – məsuliyyətsizlik və yalan bir gün ifşa olunur və nəticəsi acı olur. Şeirdə “boğazı tamam qurudu qaldı” ifadəsi onun həm psixoloji, həm də fiziki narahatlığını gözəl təsvir edir. Bu, uşaqların da həyatlarında tez-tez qarşılaşdığı bir hissdir – hazırlıqsız olduqları zaman yaşadıqları peşmanlıq və utanc.
Şeirin sonunda Səməndər artıq dərsi oxumadan məktəbə getməməyi qərara alır. Bu, onun davranışında baş verən dəyişimin göstəricisidir. Beləliklə, şeir uşaqları məsuliyyətli olmağa, vaxtında hazırlaşmağa və dürüst davranmağa təşviq edir. Əhməd Haqsevər burada sadə, anlaşıqlı dil və uşaq psixologiyasına uyğun təsvirlərlə tərbiyəvi bir mesaj çatdırır. Bu “ən böyük dərs” təkcə Səməndər üçün yox, oxucu üçün də unudulmaz olur.
Sizə sağlıqlı, bərəkətli, uzun ömür və və yaradıcılıq uğurları diləyirəm, Ustad!

✍Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi.Filoloq. Ədəbi tənqid və təhlilçi.
















