Sevənlərdən çox yaşadı Qəhərli, kövrək sevdalar -Tofiq NURƏLİ

Sevənlərdən çox yaşadı Qəhərli, kövrək sevdalar -Tofiq NURƏLİ

Bu gün tanınmış şair, həkim Tofiq NURƏLİnin doğum günüdür. Müstəqil.Az bu münasibətlə şairin oxucusu Səməd Məlikzadənin  yazısını təqdim edir:

Ümid ağaclarım boy atdı getdi,
Arzu ağaclarım onlardan uzun…
Biri gül açmadı bu zalımların..,
Mən belə qisməti hayana yozum?!
Ürəyimə çox yaxın bu misraların müəllifi, “darıxan nəğmələr”ni sevə-sevə oxuduğum şair-həkim, dostum Tofiq Nurəlinindir. Onun hər bir şeiri, mənə görə, ədəbi abidədir. Çünki Tofiq qardaşımız şeir yazarkən, təbiri-caizsə, yonulmamış, ütülənməmiş daşlardan altun saray tikir və sən o saraya ilk addımını atan kimi sevinir, duyğulanırsan. Onun ömürdən uzun sevdalara, nisgilli payızlara, qəm çiləyən yağışlara həsr şeirləri xüsusilə bənzərsizdir:
O təmiz, o pak sevdalar,
O zərif, ipək sevdalar-
Sevənlərdən çox yaşadı
Qəhərli, kövrək sevdalar…
O, söz pərvanəsidi. Sözləri elə seçir və düzür ki, sən oxuduqca bir anda güllü-çiçəkli baharı da, bəhrəli, dumanlı, qırovlu payızı da ürəkdən yaşayırsan. O misraların yaratdığı ovqat istər-istəməz göynədir, üşüdür adamı. Ömrün və illərin payızını yaşayanlar bu şair etirafının “əsir”nə çevrilir…
Bu gün özünün yazdığı kimi, ömrü payızların içində keçən, qələmi bol bəhrəli şair-həkim, gözəl insan Tofiq Nurəlinin doğum günüdür.
Çoxsaylı oxucularından və dostlarından biri kimi Onu ürəkdən təbrik edirəm!
Darıxan nəğmələri, göyərən ümidləri bol olsun!
Sıməd MƏLİKZADƏ
Ağsu, Cəfərli kəndi.
Share: