SƏNƏTƏ HÖRMƏT, SÖZƏ VƏ ÖLÇÜYƏ MƏSULİYYƏT

SƏNƏTƏ HÖRMƏT, SÖZƏ VƏ ÖLÇÜYƏ MƏSULİYYƏT

Bu yazını yazmaqda məqsədim nə qalmaqal yaratmaqdır, nə də kimisə hədəfə almaq. Məqsədim bir mövqeni, bir həqiqəti ortaya qoymaqdır. Çünki bəzi hallarda susmaq yox, danışmaq sənətə və ədəbə borcdur.

Əvvəlcə bunu açıq şəkildə qeyd etməyi özümə borc bilirəm: Niyaməddin Musayevlə şəxsi münasibətimiz həmişə yaxşı olub. Aramızda nə söz-söhbət, nə də hörmətsizlik yaşanıb. Onu illərdir tanıyıram və deyə bilərəm ki, həm sənətdə, həm də insani münasibətlərdə həmişə müəyyən bir xətti qoruyub, saxlayıb. Bundan əlavə, Niyaməddin müəllimin mərhum dostum və qardaşım Baloğlan Əşrəfovla olan səmimi dostluğu da hamıya məlumdur. Baloğlan kimi sənət və şəxsiyyət ölçüsü olan bir insanın dostluğu özü-özlüyündə ciddi bir göstəricidir.
Niyaməddin Musayev bu xalq üçün sadəcə bir müğənni deyil. O, bir tarixdir, bir məktəbdir, Azərbaycan musiqisinin canlı yaddaşıdır. Onilliklərdir bu millətin sevincində də, kədərində də onun səsi eşidilir. Bu, təsadüf deyil. Bu, zəhmətin, sədaqətin və sənətə hörmətin nəticəsidir.
Bu gün isə təəssüf ki, sənəti ilə yox, səs-küyü ilə gündəmdə qalmağa çalışanların Xalqın sənətkarı haqqında danışmağa cəsarət etdiyini görürük. Canlı ifa məsələsi ortaya qoyulanda bunu təhqir kimi qələmə vermək düzgün deyil. Canlı oxumaq tələbi sənətə hörmətsizlik yox, əksinə, sənətə tələbkarlıqdır. Musiqi fonoqramla yox, nəfəs və duyğu ilə yaşamalıdır.


Mən ədəbiyyat adamıyam və sözün məsuliyyətini yaxşı bilirəm. Elə buna görə də deyirəm: “cütləşmiş”lə “cütlənmiş” arasında fərq yerlə göy qədərdir. Bu, xırda dil məsələsi deyil. Bu, məna, estetik zövq və ədəbi səviyyə məsələsidir. Böyük Məmməd Arazın sözlərinə bəstələnmiş bu möhtəşəm əsər adi bir mahnı deyil. Bu əsər ruhu, fəlsəfəsi, ağırlığı olan sənət nümunəsidir. Ulu öndər Heydər Əliyevin də xüsusi rəğbət bəslədiyi bu əsər zamanla Niyaməddin Musayevin sənət vizit kartına çevrilib.
Belə bir əsəri səhnədə oynaya-oynaya, mahiyyətini ucuzlaşdıraraq, sözün və musiqinin fəlsəfəsini tapdalayaraq ifa etmək artıq sadəcə zövq məsələsi deyil, hörmətsizlikdir. Hər mahnı oynaq deyil, hər səhnə davranışı hər əsərə yaraşmır. Sənət məsuliyyət tələb edir, ölçü tələb edir.
Keçmişdə baş vermiş şəxsi hadisələri bu gün gündəmə daşımaq, əsas mövzudan yayınmaq isə yalnız zəif mövqenin göstəricisidir. Çünki bu gün ortaya qoymağa sənətin yoxdursa, keçmiş söz-söhbətlərə sığınmaqdan başqa yolun qalmır.
Xalq isə hər şeyi çox yaxşı görür. Kim səhnəyə sənəti ilə çıxır, kim texnikanın arxasında gizlənir. Bunu zaman özü ayırd edir. Kim sənəti ilə yadda qalır, kim qalmaqalla. Bunu da tarix seçir.
Niyaməddin Musayev bu seçimi çoxdan keçib. Onun adı bu xalqın yaddaşındadır. Onun sənətinə kölgə salmaq cəhdləri isə yalnız cəhd olaraq qalacaq.
Bəzən doğrudan da susmaq qızıldır. Xüsusilə də deyəcək tutarlı sözün, göstərəcək sanballı sənətin yoxdursa. Çünki danışdıqca tam gözdən düşmək də var.
Bu xalq sənətkarını tanıyır, dəyərini bilir və qoruyur. Dünən olduğu kimi, bu gün də, sabah da.
Söz uçar, sənət qalır.
Niyaməddin Musayev isə qalanlardandır.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: