“Sənətçi – səssizliyi duya bilən, küləyi görə bilən və kölgə ilə danışa bilən insandır”

“Sənətçi – səssizliyi duya bilən, küləyi görə bilən və kölgə ilə danışa bilən insandır”

Bugünkü müsahibəmiz miniatür, tezhib və illüstrasiya sahəsində beynəlxalq səviyyədə tanınmış sənətçi, Yeni Yüzyıl Universitetinin müəllimi və bir çox nüfuzlu sərginin kuratoru Fatemeh Səba Cəfəridir.

S. Cəfəri cBeynəlxalq Rəsm Müsabiqələrinin birincilik mükafatı, Ənənəvi Sənətlər üzrə ikincilik mükafatı və Fotoqrafiya üzrə üçüncülük mükafatı kimi nüfuzlu nailiyyətlərin sahibidir. “4 Dəqiqə Sənət”, UNESCO 2023 Aşıq Veysəl İli Sərgisi və “Dədə Qorqud” kimi önəmli fərdi sərgilərin kuratorluğunu həyata keçirmişdir.

— Zəncan — uşaqlıq dünyanızı formalaşdıran şəhərdir. Bu şəhərin təbiəti, insanları və xatirələri bu günkü sənət ruhunuzda necə bir iz buraxdı?

— Təbii ki, insan nə qədər böyüsə də, uşaqlığını həmişə darıxaraq xatırlayır. O sakitliyi, azadlığı, sərbəstliyi, sədaqəti və saflığı yenidən axtarır. Məncə, heç bir insan uşaqlığı ilə bağını qoparmamalıdır; əksinə, onu daim ruhunda yaşatmalıdır.
Mən də uşaqlığımdan bəri sənətin içində olmuşam. Sənətkar bir ailədə doğulub böyümüşəm; rəsmi və şeiri çox sevmişəm, daim yazmışam, daim çəkmişəm. Amma məni ən çox təsirləndirən gecələr yuxuya gedərkən anamın və atamın bizə danışdığı nağıllar idi. Bu hekayələr türk mifologiyası və türk dastanlarında çox xüsusi yer tutur — ortaq mədəni mirasımızın işığıdır.
O zamanlardan bəri həmişə düşünmüşəm: “Bunları vizual şəkildə dünyaya tanıtmaq istəyirəm.
Qoy hamı bilsin, hamı yaşasın.” Həyat yolumun ilk addımları da məhz uşaqlığımdakı o hekayələrlə başladı. Hər bir nağıl ruhumun gizli bir guşəsində bir qığılcım yandırdı; hər söz və anlatı miniatürlərimdə və tezhiblərimdə can tapmağı gözləyən bir melodiya kimi idi.

“Miniatürün XXI əsrə səfəri” şüarı altında siz klassik sənəti müasir ruhla birləşdirirsiniz. Sizcə qədimliklə yenilik, keçmişlə müasirlik necə bir tarazlıqda olmalıdır?

— “Miniatürün XXI əsrə səfəri” adlı fərdi sərgimdə məqsədim müasir insanın bu gün dünyaya baxdığı nöqtədən miniatürü yenidən yozmaq idi. Bu gün insan miniatürü artıq yalnız kitab səhifələrində axtarmır; onu divarda görmək, ona yaxın olmaq, onunla təmas qurmaq istəyir.
Bu səbəbdən miniatürlərimi klassik kiçik ölçülərdə deyil, böyük ölçülərdə işlədim — sanki tamaşaçının gözlərinin içinə baxırmış kimi daha güclü təsir buraxmaq üçün. Ənənəvi texnikalara sadiq qalaraq, yeni cizgilər və yeni sözlərlə miniatürü dövrün ruhuna daşımağa çalışdım.


-“Altaylardan Xəzərə” adlı sərginizlə Türk dünyasının ortaq ruhunu əks etdirdiniz. Bu layihəni hazırlayarkən sizi ən çox həyəcanlandıran nə oldu?

-“Altaylardan Xəzərə” sərgisi isə mənim üçün ayrıca sehrli bir təcrübə oldu: Türk dünyasının ortaq ruhunu bir araya gətirmək, mifologiyamızı, dəyərlərimizi və mədəni bağlarımızı vizual dillə izah etmək sözlə ifadə olunmaz bir həyəcan idi. Hər coğrafiyanın ruhunu tuvala köçürmək miniatürü artıq sadəcə bir sənət forması deyil, yaşayan bir dilə çevirmək demək idi. Bu proses həm sənətçi yolumu dərinləşdirdi, həm də Türk dünyasının mədəni irsini qəlbimdə daha güclü hiss etdirdi.

— Miniatür sənəti sizin üçün sadəcə bir bəzəkdirmi, yoxsa daxili bir zikr — ruhi bir haldırmı?

— Miniatür sadəcə bəzək deyil; artıq sənətkarın öz ruhunu daşıyan, düşüncələrini, mesajını və təsirləndiyi hekayələri izah edən bir dildir. Hər rəng bir nəfəs kimidir; işləyərkən zaman dayanır, xarici dünya susur və daxili bir yolçuluq başlayır. Miniatür insanı öz mahiyyəti ilə üz-üzə gətirən, ruhunu aynada göstərən bir sənətə çevrilir.
Hər fırça toxunuşu, hər rəng çaları səssiz bir meditasiya, ruhun zikri kimidir.

— Elmi və bədii yaradıcılığınızda “Dədə Qorqud” hekayələri xüsusi yer tutur.
Bu əfsanələrdəki obrazlar daxili aləminizdə necə bir məna daşıyır?

— “Dədə Qorqud” hekayələri mənim üçün sadəcə bir kitab deyil; köklərimi və kimliyimi xatırladan müqəddəs bir səsdir.
Hər oxuduğumda sanki ilk dəfə oxuyurmuşam kimi yeni mənalar kəşf edirəm. Çünki bu hekayələr adi nağıllar deyil — Türk mədəniyyətinin, cəsarətinin, əxlaqının və vicdanının minillik əksidir.


Qədim Türk dəyərlərinə qayıtmağın vaxtıdır. Xüsusilə qadın obrazları mənim üçün hər zaman dərin ilham qaynağı olub. Onların nəcibliyini və gücünü xatırlatmaq, yaşatmaq və yaymaq sənətkarın vəzifəsidir.
“Dədə Qorqud” mənim üçün müqəddəs bir bilgədir; bu mədəni xəzinə kim olduğumuzu və hansı ruhu daşıdığımızı bizə xatırladır. Bu səbəbdən dissertasiyamı da onun üzərinə yazdım; ona həm bədii, həm də elmi yönü ilə yanaşmaq mənim üçün həm məsuliyyət, həm də böyük ehtirasdır.

— Bəzən bir sənət əsəri tamamlanmır, sadəcə səssizlikdə yaşayır. Sizin qəlbinizdə hələ də yaşayan, amma bitməmiş bir tablo varmı?

— Hər sənətkar üçün boş bir səhifə sonsuz ehtimalların və yeni bir dünyanın başlanğıcıdır. Boş kətanlarıma baxanda hansı xətlərin, hansı hekayələrin can tapacağını düşünürəm. Hər bir tablo bitəndə belə “kaş bir az da işləyəydim” deyirəm; çünki miniatürdə detallar əsla tam bitmir. Hər əsər öz daxilində bir yolçuluqdur və hər baxışda yenidən nəfəs alan bir dünyadır. Bu səbəbdən bir tablo mənim üçün heç vaxt tam sona çatmır — səssizcə yaşamağa davam edir.

— Sənəti öyrətməklə sənəti yaşamaq arasında necə bir fərq var?

— Sənəti öyrətmək başqasının yolunu işıqlandırmaqdır, sənəti yaşamaq isə öz daxili yolçuluğuna dalmaqdır. Öyrədərkən çölə, yaradıcılıq edərkən içə yönəlirsən. İkisi fərqli enerji daşısa da, bir-birini qidalandırır; biri olmadan digəri yarım qalır.

— Əgər bütün sənətinizi tək bir simvolla ifadə etməli olsaydınız, bu hansı simvol olardı?

— Şübhəsiz ki, at. At Türk dünyasında azadlığın, cəsarətin və yolçuluğun rəmzidir; köçəri mədəniyyətlərin ən dəyərli yol yoldaşı, dastanlarımızın və mifologiyamızın ayrılmaz parçasıdır. Eyni zamanda ruhumu, azadlığımı və sənət yolumdakı enerjini təmsil edir.

— Hər rəngin içinde bir ruh gizlidir, deyirlər. Sizin üçün hansı rəng qəlbinizin ən parlaq ifadəsidir?

— Hər rəngin ruh üzərində xüsusi bir enerjisi olduğuna inanıram. Mənə ən yaxın olan rəng firuzədir — sakitliyi, mənəviyyatı və daxili tarazlığı simvolizə edir. Qara ilə ağın ziddiyyətini də sevirəm; hər bir əsərin anlatdığı hekayəyə görə rəngləri diqqətlə seçirəm. Rənglər sadəcə vizual deyil, həm də psixoloji ifadə vasitəsidir; hər biri əsərin ruhunu gücləndirir.

— Bir çox beynəlxalq sərgidə iştirak etmisiniz: Türkiyə, İran, İtaliya, Dubay, Kipr…
Hər sərgi sizə nə qazandırdı?

— Hər beynəlxalq sərgi yeni bir təcrübə, fərqli bir baxış bucağı və başqa bir mədəniyyətlə tanışlıqdır.Hər ölkənin estetik zövqünü görmək və onu öz yolçuluğumla harmanlamaq mənə ilham verir və dünyagörüşümü genişləndirir.

— Sizcə müasir insan əfsanələrdən hansı dərsi almalıdır?

— Əfsanələr müasir insan üçün sadəcə keçmişin əks-sədası deyil; bu günlə körpü quran bir ruh xəritəsidir. Hər əfsanə bir dərs, hər qəhrəman bir yol göstəricidir.
Müasir insan sürətli həyatın içində itib-batarkən, əfsanələrdən səbir, cəsarət və müdriklik axtarmağı öyrənməlidir.
Onlar bizə xatırladır: hər çətinlik bir sınaqdır, hər itki bir müəllimdir. Əfsanələr təkcə hekayə deyil — mədəniyyətin, dəyərlərin və insan ruhunun aynasıdır. Müasir insan bu aynaya baxaraq öz daxili yolunu anlamalı, qorxularını, ümidlərini və məsuliyyətlərini yenidən tanımlamalıdır. Əfsanələrdən alınacaq ən böyük dərs keçmişlə bu gün arasında körpü qurmaq və insan olmağın mahiyyətini itirmədən irəliləməkdir.

Qadın sənətkar üçün “azadlıq” nə deməkdir?

— Qadın sənətkar üçün azadlıq sadəcə kənardan müstəqil olmaq deyil; öncə öz ruhunun dərinliyindəki səsi eşidə bilməkdir. Azadlıq rənglərin, xətlərin və formaların qarşısında heç bir sərhəd tanımadan axa bilməkdir. Hər fırça toxunuşunda, hər miniatürdə, hər tezhibdə öz daxili dünyanı kəşf etmək və ona həyat vermək azadlığın özüdür.
Azadlıq eyni zamanda cəsarətdir: duyğularını, düşüncələrini və xəyallarını gizlətmədən ortaya qoya bilmək, cəmiyyətin qəliblərinə baxmayaraq öz yolunu cızmaq. Bu, bir qadının həm sənətkar, həm də insan olaraq varlığını şərəfləndirməsidir.


Mənim üçün azadlıq — göyüzünə baxarkən küləyin çiyinlərimə toxunuşu, atın sərbəst qaçdığı bozqırın səsi və miniatürlərimdə can tapan qəhrəmanların cəsarətidir. Qadının ruhu azad olduqda, sənət də onunla birlikdə uçur — sərhədlərin və xəyalların o tayına keçir.

— Sənətdə uğuru necə ölçürsünüz?

— Həqiqi uğur daxili rahatlıqda və yaratdığım əsərlərdə gizlidir. Mükafatlar və tamaşaçı rəyi dəyərlidir, amma sənətkarın həqiqi ölçüsü ilhamın böyüklüyü, sənətin dərinliyi və sənətkar olmağın ümumbəşəri mənası ilə müəyyən olunur. Uğur həm içəridə hiss edilən, həm də əsərlə dünyaya yayılan bir yolçuluqdur.

— Sevgi sizin üçün sənətin qaynağı olaraq necə bir gücdür?

— Sevgi sənətin ən saf və ilhamverici qaynağıdır. Hər fırça toxunuşunda, hər rəng seçimin­də, hər xətdə sevgini hiss edirsən; o hiss ruhun dərinliklərindən gəlir və tuvaldə, miniatürdə, tezhibdə can tapır. Sevgi sənətkarı sərhədlərdən azad edir, onu zamanın və məkanın fövqünə aparır.
Sevgi gücdür, çünki insanı həm incə, həm də cəsur edir; həm öz daxili dünyasını kəşf etməyə, həm də tamaşaçının ruhuna toxunmağa yönəldir. Bir əsər yalnız sevgi ilə yaradıldıqda tamaşaçıda iz buraxır. Sevgi olmayan sənət səssiz bir boşluğa bənzəyir; sevgi ilə yaradılan əsər isə zamanın o tayında belə danışmağa davam edir.

— Sizcə gerçək sənətkar necə bir insan olmalıdır?

— Gerçək sənətkar öncə öz ruhuna sadiq olan insandır. Xarici dünyaya uyğunlaşmaq əvəzinə daxilindəki səsi dinləməyi, qəlbinin rəhbərliyinə tabe olmağı bacarır. Cəsarətli olmalıdır, çünki sənət çox zaman alışılmışın fövqündə bir səfərdir; səbirli olmalıdır, çünki hər detal üzərində düşünmək və zəhmət çəkmək gərəkdir.
Sənətkar səssizliyi duya bilən, küləyi görə bilən və kölgə ilə danışa bilən insandır. O, mərhəmətli və həssas olmalı, insanı, təbiəti və həyatın bütün incəliklərini müşahidə etməli və bunları əsərlərinə əks etdirməlidir. Gerçək sənətkar təkcə texnika ilə deyil, ruhla da yaradar; tamaşaçının qəlbinə toxuna bilən, məna və estetik təqdim edə bilən insandır.
Sənətkarın dünyası həm səssizliklə, həm də rənglərlə danışır. O, həyatı həm izləyir, həm də yozur; özünə və ətrafına qarşı məsuliyyət daşıyır. Və ən önəmlisi — gerçək sənətkar hər zaman öyrənməyə və böyüməyə açıq bir ruhla yaşayır. Çünki sənət dayanmadan genişlənən sonsuzluq yolçuluğudur. Gerçək sənət ruhun azad olduğu yerdə başlayır və tamaşaçının qəlbində əks-səda tapdıqda sonsuzluğa çatır.

Cahangir NAMAZOV,
“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi.

Share: