Bu ilin may ayından avqustun əvvəlinə kimi Almaniyada oldum. Bu ölkəyə tez-tez səfər etsəm də bu qədər uzun müddətə ilk dəfə qalırdım. Bütün yaşayış məntəqələrində küçələri işıqlı, parkları yaşıllıqlıdı. Hər şey gözəl görünsə də içimdə bir boşluq vardı. Etiraf etdim ki darıxırdım.
… Günəş isti yay şəfəqləri ilə parlayır, insanlar qayğısız, mən isə özümü tək bir adada hiss edirdim.
Səhərlər daha da uzun görünürdü. Uşaqlar işə gedirdi, mən isə nəvəmi baxçaya aparandan sonra şəhərə gəzməyə çıxırdım. Amma dil bilməməyim, tanışımın olmaması məni darıxdırırdı. Ona görə də parkda oturub telefonla, internetdən Azərbaycan mahnılarımı dinləməyə üstünlük verirdim. Bir gün təsadüfən Leyla Camalın “Ay qız” mahnısı çıxdı qarşıma. O qədər təsirli ifa idi ki, özümü başqa bir aləmdə hiss etdim. Dinlədikcə elə bil Bakının dar küçələrində addımlayır, Xəzərin sahilində yay günəşinin yumşaqlığı ilə qarışırdım. İfa o qədər ürəkdən idi ki, uzaq ölkənin yad havası bir anlıq yox oldu. içimdə bir rahatlıq duydum.
Bu gözəl nəğmənin müəllifləri kimdi, görəsən? Öyrənəndə sevincim birə yüz artdı. Bəstəsi mənim əziz şair dostum Sevinc Yunusluya aid imiş. (Sevincin özünün də gözəl səsi var). Sevincə zəng edib, duyğularımı anlatdım. Bu gözəl əsərə görə ona təşəkkürümü bildirdim.

Daha sonra Leyla Camalın anası – incə ruhlu şair Cığatel xanıma zəng etdim. Söhbətimiz sanki mahnının notları kimi axdı; hər sözü, hər tərifi qəlbimdə əks-səda doğurdu. Musiqinin insan ruhunu necə ovutduğunu bir daha hiss etdim.
Elə həmin anda bir daha anladım ki, musiqi sadəcə səs deyil. O, qürbətdə darıxan könlü sakitləşdirir, həsrəti sözsüz danışır, uzaqlardan belə doğma nəfəs gətirir.
Etiraf edim ki, Baloğlandan sonra ruhumu oxşayan nə səs olmuşdu, nə mahnı. Özüm əllidən çox mahnının söz müəllifiyəm. Amma bu mahnı sadəcə nəğmə deyil, qürbətdə işıq yandıran, həsrəti yumşaldan, doğmalığı xatırladan bir möcüzədir.
Uzaqda olmaq ağırdır, amma bəzən bir səs, bir avaz insanı dərhal evinə, doğma küçələrə, sevdiyi mənzərələrin içinə qaytara bilir. Leyla Camalın “Ay qız”ı mənim üçün elə o qayıdışın özü oldu.
Bu nəğmənin sözlərinə imza atan Səhər Əhmədə, musiqisini bəstələyən dostum Sevinc Yunusluya və ifası ilə ruhumuzu ovsunlayan Leyla Camala yeni yaradıcılıq uğurları arzulayıram.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü “Rəsul Rza mükafat”ı laureatı.

















