Savadın susduğu, cəhalətin maaş aldığı dünya – Arzu Əyyarqızı yazır

Savadın susduğu, cəhalətin maaş aldığı dünya – Arzu Əyyarqızı yazır

(Esse)
Savad – bir zamanlar işığın, azadlığın, yüksəlişin simvolu idi. Diplom – zəhmətin, gecə-gündüz oxumağın, gələcəyə inamın möhürüdür.

Amma bu gün, küçə kənarında diplomunu çantasına qatlayıb iş axtaran gənc, hərf tanımayan birisinin “müdir” deyə çağırıldığı bir dünyada yaşayırıq. Bu, təkcə sosial ədalətsizlik deyil – bu, savadın susdurulduğu, cəhalətin maaş aldığı bir paradoksdur.

Savadlı insan düşünür, sorğulayır, dəyişmək istəyir. Amma sistem dəyişmək istəmir. Sistem itaətkar, sorğu verməyən, “bəli” deyən adamları sevir.

Diplomlu insanın vicdanı var, savadsızın isə qorxusu. Vicdan işsiz qalır, qorxu maaş alır.
Bu cəmiyyət savadı təhlükə kimi görür. Çünki savadlı insan “niyə?” deyir. Savadsız isə “necə desən, elə olar” deyir.

Və beləliklə, savadsızlar idarə edir, savadlılar gözləyir. Bu gözləmə – təkcə iş gözləməsi deyil, bu, ədalətin, vicdanın, məntiqin gözləməsidir.
Bəlkə də bu dövr savadın yox, səssizliyin dövrüdür.

Bəlkə də diplomlar divarda asılmaq üçün, maaşlar isə susmaq üçün verilir elə.

Amma bir gün, savadlılar susmağı yox, yazmağı seçəndə – bu esse kimi – cəhalətin maaşla aldığı taxt titrəyəcək.

Çünki söz -maaşdan güclüdür. Vicdan – vəzifədən yuxarıdır. Və savad -gec də olsa, öz yerini tələb edəcək!
Və mütləq, mütləq ədalət və haqq nəfs adlı qəfəsdən qurtulacaq!

Arzu Əyyarqızı

Share: