Sakit İLKİN: Burda adam kimi yaşamaq çətin, Burda adam kimi ölmək də olmur

Sakit İLKİN: Burda adam kimi yaşamaq çətin, Burda adam kimi ölmək də olmur

BU MƏNİM DÜNYAMA OXŞAMIR, ALLAH !

Haqqın sinəsinə çəkilən dağı,
Görməmək də olmur, görmək də olmur.
Burda adam kimi yaşamaq çətin,
Burda adam kimi ölmək də olmur.

Mərd namərd əlində qula çevrilir,
Kişisi, qadını dula çevrilir.
Dostlar xırdalanmış pula çevrilir,
Bu mənim dünyama oxşamır, Allah!

Qurunun odunda yaş vəfalıdır,
Gözlər aldanandır, qaş vəfalıdır.
Burda adamlardan daş vəfalıdlr,
Bu mənim dünyama oxşamır, Allah!

Yalan var, hiylə var, məkr var burda,
Hər şeyi pul ilə alırlar burda.
İti it gününə salırlar burda,
Bu mənim dünyama oxşamır, Allah!

Qanmaza çevrilir qan, dediklərin,
Dərdinə oynayır yan dediklərin.
Canını alırlar can, dediklərin,
Bu mənim dünyama oxşamır, Allah !

Sakit İlkin

TƏHLİLİ:

Sakit İlkinin “Bu mənim dünyama oxşamır, Allah!” adlı şeiri insanın mənəvi dəyərlərlə dolu, ədalətli və sevgi dolu bir dünya arzusunun gerçəkliklə toqquşmasının acı nəticəsini ifadə edir. Şair yaşadığı cəmiyyətin mənzərəsini qara rənglərlə təsvir edir və bu reallığın onun arzularındakı dünyaya nə qədər zidd olduğunu fəryadla dilə gətirir.
Şeirin hər bəndində bir faciə var: haqsızlıq, mənəviyyatsızlıq, dostluğun pula çevrilməsi, insanlığın əzilməsi…
Şair, sanki içində yaşadığı bu dünyanın üzərinə ağrı ilə baxır və ilahi bir nida ilə – “Allah!” – bu dünyaya olan etirazını bildirir. “Burda adam kimi yaşamaq çətin, burda adam kimi ölmək də olmur” misrası ilə insanın dəyərsizləşdirildiyi bir cəmiyyətin dərin faciəsini ortaya qoyur.
Şeirdə duyulan ümidsizlik, yalnızlıq və yadlaşma hissi, təkcə müəllifin deyil, bu dövrdə yaşayıb vicdanı olan hər bir insanın iç səsini əks etdirir. Doğrunun yalanla, mərdin namərdlə yer dəyişdiyi, daşın insandan daha vəfalı olduğu bir mühitdə yaşamaq, insan ruhunu sıxır, daraldır. Bu dünyada “qan dediklərin” canını alırsa, demək ki, insanlıq dəyərini itirib.
Bu şeir, bir çağırışdır – dəyişməyə, oyqanmağa, insanlığı xatırlamağa bir çağırış. Və bu çağırışın sonunda şairin yalvarışı kimi səslənən “Bu mənim dünyama oxşamır, Allah!” nidası, həm bir şikayət, həm də bir dua kimi yüksəlir.
Sizə sağlıqlı, bərəkətli, uzun ömür və yaradıcılıq uğurları diləyirəm, əziz qardaş Sakit müəllim!

✍🏻 Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil və tənqidçi. Şair.
07.08.2025

Share: