və yaxud
Əlisəmid Kürün ad günündə Məmməd Arazın ruhundan utanmaqlığım
Bu gün Əlisəmid Kürün ad günüdür. O Əlisəmidin ki… ona (daha doğrusu, onun bir şeirinə) görə:
Məmməd Arazın həm doğum (14 oktyabr), həm anım (1 dekabr), üstəlik də İradə Tuncayın ad günündə (9 noyabr)… bircə cümlə belə xoş söz yaza bilmədim, halbuki uyğun olan istənilən fürsətdə-məqamda sevgimi bəyan etməkdən zövq alıram!
Bir o sadə səbəbdən ki, “vicdan min şahidə bərabərdir” (Stefan Sveyq) və mən də yol verdiyim (bilməyərəkdən olsa da) yanlışıma görə, vicdanımın yaşatdığı xəcalət hissinin ayıbına kor olaraq, “buz heykəl”ə dönüb qalmışam: özünü Söz Sahibi sayan istənilən kimsənin elə yanlışa haqqı yoxdur – ən azından, həm Söz Sahibliyi əyardan-sanbaldan-kəsərdən düşər, həm də Söz Sehrini itirər! Ondan sonra ha Petrarkanın sonetlərini, ha difiramb oxu, ha serenada ifa elə – keçməz!
Gərəkdir ki, hər zaman və hər kəs, illah da ki, Söz adamı… ünvanı, mənbəni dəqiq göstərə: Üzeyir Hacıbəyli və Əhməd Cavad “Azərbaycan Respublikasının himni”ni təqdim edəndə “bəstəkar: Üzeyir Hacıbəyli, şair: Əhməd Cavad” yazmalıydılar – onlar yazmamışdılarsa belə, həmin o Azərbaycan Respublikasının səlahiyyətli nümayəndələri öz mükəlləfiyyətlərini layiqincə yerinə yetirməliydilər, reyestrə salmalıydılar fərman-sərəncam verəndə, müəlliflik hüququnu qorumalıydılar! Ki… 70 il sonra İlham Abbasov durub Cəmo Cəbrayılbəylinin müəllifliyi uğrunda savaş aça bilməyəydi!
Diapazon və masştab-miqyas fərqi düyünün müşküllüyünü müəyyənləşdirir həm də – adidən aliyə qədər!
Bu gün Əlisəmid Kürün ad günüdür – haqqında ən yaxşı yazını yazdığımı mənə etiraf edən və dostlara da söyləyən, həyatı və yaradıcılığı kimi taleyi nahamvar, qeyri-standart olan dostumuzun! Bu gün “təzə “kruq”uyla” 72-ci baharını qarşılayan oğlanın – türmədən qızıyla telefonda danışanda 2 min kilometr uzaqdan nəinki onu eşidən, hətta görən Atanın!
Bizim dostumuzun! Bizim dostlarımızın xarakterik xüsusiyyətidir bizi çıxılmaz vəziyyətə salmaq, naqolay duruma yuvarlamaq, başımıza oyun açmaq, hətta bəzən də bizi “bihürmət” eləmək!
Əlisəmid Kür onlardan və elələrindən biri və birincisi idi! Bəxti bir məqamda gətirmişdi: dostlarının, yəni, bizim, sevgimizin hər zaman “yaxşılıqdan artmayan, pislikdən azalmayan” sevgi olması!
Və Əlisəmid bütün eksseslərə, kaprizlərə imza ata-ata sevilərək yaşadı, sevilərək ayrıldı!
Fəqət… mənim son sualım cavabsız qaldı! Yəqin ki… Bərzəxdə o suala cavabı verib!
Bərzəx lövhələri
Əlisəmid Kür həyatı boyu gedəcəyi yerləri əvvəlcədən dəqiq bilib və hazır olub: şairliyə gəlişini, instituta girməyini, AYB və Tərcümə Mərkəzinə işə düzəlməyini, türməyə, dəlixanaya, hətta qəbrə getməyini də! Yer üzündə bəlkə də yeganə şairdir ki, Əzrayıl hamını anında aparsa da, ancaq onu yola gətirmək üçün azı bir həftə tər tökdü! Hətta mən deyərdim ki, həyata, dünyaya əlinin dalını dəfələrlə çevirən, həzrəti-Əli kimi dünyanı dəfələrlə boşayan Əlisəmid Əzrayılla ona görə dirəşirdi, ona görə dilə tuturdu, ona görə başını qatırdı-aldadırdı ki, bilirdi rastlaşacağı ilk səhnə belə olacaq:
“Şairlər ordusu səf-səf düzülsün,
Böyük Məmməd Araz komandan olsun!” (Səməd Vurğundan iqtibası “oranjeman” eləmişəm: “yoldaş Mayakovski”ni əvəzləməklə)
İş, məqam, düyün buydu, problem bundaydı!
Halallaşmaq birinci Məmməd Arazdan başlayacaqdı, Məmməd Arazla başlayacaqdı! Gərək “təqdimatı, xasiyyətnaməni” yazan Məmməd Arazın xeyir-duası, şəfaəti, qəyyumluğu qazanılaydı! Ki… “ordan” da “o yana” keçəsən!
Mənim qəribə yuxularım olur, qəribə illüziyalar məni yuxuda və reallıqda qarabasma kimi izləyir – adına hallyüsinasiya deyirik öz aramızda, əslində, illüziyadır!
Bax, o yuxulardan, illüziyalardan, qarabasmalardandır Əlisəmid Kürün Məmməd Arazla üz-üzə durmağı… o dünyada!
Bütün şairlərin səf-səf durduğu və komandanın Məmməd Araz olduğu şölən.
Məmməd Araz oxuyur:
Nişançı özümüz, hədəf özümüz
Dayanaq! Sonrası… nə ola, ola!
Hələlik pis yanmır
köhnə odunda
bu ocaq.
Sonrası… nə ola, ola!
Ömrümüz qüruba əyilənəcən
Yorulub bezməyək bu əyləncədən!
Dedi-qodu adlı bu əyricədən
Atılaq! Sonrası… nə ola, ola!
Bir az qəlbimizin səsindən qaçaq,
Bir az ağlımızın dərsindən qaçaq,
İnad ikiləşsə, tərsindən qaçaq,
Yad olaq! Sonrası… nə ola, ola!
Özünü haqq bilsən, məni də haqq say!
Çətin ki bu uşaq su olub, axsa.
Bir odda külümüz qovuşacaqsa,
Od olaq! Sonrası… nə ola, ola!
Sonrası… nə ola, ola!
Və… Əlisəmid Kür, nə bıçağa əl ata biləsidi, nə də dişlərini işə sala biləsi! Ən başlıcası da:
Çölün dumanında azıb qalasan,
Bir qoyun sürüsü otlayan yerdə.
Əlini dizinə çırpıb qalasan
Ürəyin buz kimi çatlayan yerdə.
Sonrası… sonrası nə ola-ola.
Ocağın da sönə, düşəsən dərdə,
Yanasan, öz tüstün başından çıxa.
Bıçağın sümüyə dirənən yerdə
Cibindən pas atmış bıçağın çıxa.
Sonrası… sonrası nə ola-ola.
Əynində quruya nimdaş köynəyin,
Tənhalıq içində canın sıxıla.
Görəsən sinəndə bir daş göynəyir,
Qəfildən bir quzu sənə qısıla…
Sonrası… sonrası nə ola-ola.
Quru çörəyini böləsən yarı…
İllah da bir yandan duman, çən ola.
Qurbanlıq quzusan, quzu qardaşım!
Bıçağımdan qorxma! Sonrası… sonrası nə ola-ola, – deyə biləsi!
Bax, bu idi mənim yanlışlığım: Əlisəmid Kürü “sonrası… nə ola, ola” ruhuna görə vəsf edəndə – özümü Məmməd Arazdan xəbərsiz və “xəbərsiz” KİMİ aparanda!
Bəlkə də başqaları bu ştrixə-incəliyə və həm də KODa diqqətsiz ola bilər, amma axı mən Məmməd Arazı hamıdan yaxşı sevdiyimi bəyan edirəm Hürrün peyğəmbərin hüzurunda gəşt eləyib təkəbbür nümayiş etdirdiyi sayaq!
Bu dünyada hamının qabağında dəmbə-dəmbə gəzib, daqqa-daqqa danışmaq olar, amma axı “orada”… keçmir!
Mən inanıram ki, Əlisəmid Kür telefonda danışanda qızını eşitdiyi və həm də gördüyü kimi, o dünyadan da həm yazdığımı oxuya bilir, həm də məni görür!
Görür ki, mən necə pis oluram!
Görür ki, necə ona anladıram: zalım, axı sən bircə cümlə əlavə ilə yaza bilərdin ki, bunu Məmməd Arazdan əxz eləmişəm, onun yazdığından bəhrələnmişəm, onun şeirinə nəzirə yazmışam! Axı, sən bunu etsəydin, Məmməd Araz başqa şeirlərini deyərdi, sən də, lap elə tutaq ki, “dəlixana”dan Əbülfəz Elçibəyə yazdığını, yaxud da “ağlımı alma, İlahi” şeirini!?
Görürsənmi, bir “haram iş” nə qədər halalı kölgədə saxladı, nə qədər adamı olmasa da, ən azından, məni xəcalətli elədi!?
Amma təsəllim bircə odur ki… Məmməd Araz Tanrı sınağında səni darda saxlamaz, bəlkə də öz şeirini oxuyandan sonra, sözünə söykək kimi, şəfaət niyyətiylə deyər, Əlisəmid, ay oğul, sən də mənim şeirimdən ilhamlanıb yazdığın şeiri oxu, – deyər!
Ən yaxşı sərkərdə əsgərini bada verməyən sərkərdədir – şairlərin səf-səf düzüldüyü, komandanın Məmməd Araz olduğu dünyada ad günün mübarək, heç vaxt qurban verilməyəcək əsgər Əlisəmid Kür!
Məmməd Araz amanatı, əziz və şərbəşərən, xatakar, bandit, xuliqan və həm də sənə yaxşılığından artmayan, pisliyindən azalmayan sevgimiz olan dostum…uz Əlisəmid Kür!

Aydın CAN





















