SÖZÜN İŞIĞINA BƏLƏNƏN ÖMÜR
Bu gün sözün incəliyini ruhun dərinliyi ilə birləşdirən, poeziyanı hiss kimi yaşadan, qələmi ilə ürəklərə yol tapan əziz dostum, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, AMK-nın nəzdində İncəsənət Gimnaziyasının müəllimi, şair-publisist Aysel Fikrətin yubileyidir.
Aysel Fikrət elə bir qələm sahibidir ki, onun yazdıqları insanın içində səssiz bir səsə çevrilir. Onun poeziyası sakit axan bir çay kimidir. Hər misrasında həyatın özündən gələn bir həqiqət, hər bəndində insan ruhunun bir parçası yaşayır. O, adi mövzulara qeyri-adi yanaşma gətirən, sadə sözlərlə böyük mənalar yaradan nadir şairlərdəndir.
Tanıtım:
Aysel Fikrət (tam adı: Aysel Fikrət Əhmədova) 28 mart 1976-cı ildə anadan olub. Orta təhsilini Binəqədi rayonu Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə alıb. 1992–1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
Aysel Fikrət 1997-ci ildən Respublika İncəsənət Gimnaziyasında (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyası) teatr şöbəsinin teatr dramaturgiyası ixtisası üzrə fənn müəllimi kimi fəaliyyət göstərir. Gimnaziyada “kino və teatr dramaturgiyası” adı altında tədris olunan ixtisas fənninin ilk müəllimi məhz Aysel Fikrət olmuşdur. O, artıq 29 ildir pedaqoji fəaliyyətlə məşğuldur.
Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasında şagirdlərdən ibarət “Balaca Yazarlar Birliyi”nin və Balaca Yazarlar Birliyi studiyasının yaradıcısı və rəhbəridir.
2023-cü ildən Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi vəzifəsinə təyin olunmuşdur. Hazırda həm bu inzibati vəzifəni, həm də İncəsənət Gimnaziyasında müəllimlik fəaliyyətini davam etdirir.
Aysel Fikrət 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2014-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 2018-ci ildən Qırğızıstan Beynəlxalq Yazarlar Birliyinin üzvüdür. O, həmçinin Almaniyada fəaliyyət göstərən 43 yazar-yazıçılar qrupunun üzvüdür.
2016–2017-ci illərdə Prezident təqaüdçüsü olmuşdur. Çingiz Aytmatov mükafatına layiq görülmüşdür.
2021–2024-cü illərdə “Elay” ədəbi jurnalının yaradıcısı və ilk baş redaktoru olmuşdur. 2023-cü ildən “Türk Dünyası” beynəlxalq dərgisinin redaktorudur.
AZTV Beynəlxalq Radiosunda yayımlanan “Ədəbiyyat almanaxı – Şənbə söhbətləri” adlı ədəbi verilişin yaradıcı müəllifi və aparıcısıdır.
Aysel Fikrət 1992-ci ildən dövrü mətbuatda nəsr əsərləri ilə ədəbi mühitə qədəm qoymuşdur. Onun esse və hekayələri müxtəlif qəzet və jurnallarda çap olunmuşdur. 2009-cu ildə ilk kitabı nəşr olunmuşdur.
Müəllifin kitabları arasında “Bir buludam”, “Ən doğma yad”, “İtirilmiş gülüş”, “Özgə evi”, “İz”, “Kaktus çiçəyi”, “Göylərin adamı”, “Qəmin tərifi”, “Zəvvar”, “İspan kafesi” və ingilis dilində nəşr olunmuş “The Spanish Cafe” yer alır.
O, həmçinin bir sıra kitab və antologiyaların tərtibçisi və həmmüəllifidir. Bunlara “Teatr dramaturgiyası” metodiki dərs vəsaiti (Ülviyyə Vəlizadə ilə həmmüəllif), “Balaca Yazarlar Birliyi – Hekayələr toplusu”, “Şuşa” hekayələr toplusu, “BYB antologiya”, “Bizim hekayələr”, “Günəşi rəngləyərkən”, eləcə də Fikrət Sadığın “Mən ot basmış bir çığıram” və Pərviz Yusifin “Bir sevginin tarixçəsi” kitabları daxildir.
Aysel Fikrətin əsərləri Azərbaycan və Türkiyə şair və nasirlərinin yer aldığı müxtəlif antologiyalarda çap olunmuşdur. Onun yaradıcılığı “Kardeş Kalemler” (Ankara), “Krımın səsi”, “Ədəbiyyat və İncəsənət” saytı və “Osmaniyyə Bakış” qəzetində dərc edilmişdir. Müəllifin ayrıca müəllif səhifəsi mövcuddur.
Yazıçının əsərləri müxtəlif dillərə tərcümə olunmuş, əsərləri əsasında tamaşalar, film və radiotamaşalar hazırlanmışdır.
Aysel Fikrət görkəmli Azərbaycan şairi Fikrət Sadığın qızı, yazıçı və kinorejissor Orxan Fikrətoğlunun bacısıdır.
2000-ci ildən ailəlidir, iki oğlan övladı var.
Böyük oğlu Kamran Əhməd Prezident təqaüdçüsüdür və hazırda Şanxay Tonci Universitetində hüquq ixtisası üzrə doktorantura təhsili alır.
Kiçik oğlu Ərtoğrul Əhməd Atatürk liseyinin məzunudur və hazırda İstanbul Texnik Universitetində (İTÜ) mühəndis ixtisası üzrə 2-ci kurs tələbəsidir.
Dəyərli oxucular, indi isə gəlin Aysel Fikrətin şeirlərinə birlikdə nəzər yetirək…
“Kitab rəfi”
“Kitab rəfi” şeiri Aysel Fikrətin yaradıcılığında xüsusi bir poetik zirvə kimi dəyərləndirilə bilər. Bu əsər oxucunu ilk misradan öz sehrinə salır və onu xatirələrin, duyğuların, keçmişin işığında uzun bir yolçuluğa aparır. Şeirdəki səmimiyyət o qədər təbii və içdən gəlir ki, oxucu burada yalnız müəllifin deyil, öz həyatının izlərini də görür. Müəllifin yaddaşa, ailəyə, mənəvi dəyərlərə bu qədər həssas yanaşması onun poetik dünyasının zənginliyini açıq şəkildə göstərir. Hər misrada bir sevgi, bir ehtiram, bir nisgil gizlənir və bu hisslər oxucuya çox təsirli şəkildə ötürülür. Şeirin dili axıcı, obrazları canlı və təsvirləri son dərəcə təsirlidir. Oxucu bu şeiri oxuyarkən sanki bir kitab rəfinin qarşısında dayanır və illərin səsini eşidir. Bu əsər həm də insanın köklərinə bağlılığını xatırladan, onu öz keçmişi ilə üz-üzə qoyan güclü bir poetik nümunədir.
Ta uşaq çağından möcüzəm idi
Dədəmin sehrli kitab rəfləri.
Şəklinə baxırdım gizlincə hər gün
Hələ bilməyəndə mən hərfləri.
Səhərlər açarla qapı bağlansa,
Gedib pəncərədən seyr eləyərdim.
Sanki kitabların əlləri vardı,
Mənimlə birlikdə rəqs eləyirdi.
Rəngbərəng kitablar onda yaşardı
Xoşbəxt çağlarını, xoş çağlarını.
Bizə bilik verdi, bizi böyütdü,
Gördü dərd çağımı, kədər çağımı.
Əsgər də göndərdi qardaşlarımı,
Qonaqlı-qaralı toy da eşitdi.
Gəlin də köçürdü, nəvə də gördü,
Pis günə, xoş günə bizlə eşitdi.
Özün fəda edib oğula, qıza,
Sonra da şam kimi əridi dədəm.
Onda da kitablar çatdı dadına,
Başının ucunda gözlədi hər dəm.
Dədəm bu dünyadan köçüb gedəndə,
Kitablar bir küncdə soldu, saraldı,
Mənimlə bərabər boynunu büküb,
Kitab rəfləri də kimsəsiz qaldı.
İndi bir balaca komaya köçüb
Dədəmin vüqarlı kitab rəfləri.
İndi nadan olub onun ətrafı,
Axmağın başqadır küt hədəfləri.
Kitabdan anlamaz əllər toxunur,
Solur barmaqları yad əllərində.
Kitab dolabının həzin dərdindən
Bu hay-küy, taqqıltı insanlara nə?
Alıb kitabları yorğun çiynimə,
Səmum səhrasında yola düşmüşəm.
Bir ev yoxa çıxıb, doğmalar dolu,
Kitab bəhanədir, dərddən bişmişəm.
Dədəmin sevgili kitab rəfləri,
Əziz əlləriylə düzdüyü rəflər,
İndi onun kimi öpür alnımdan,
Bir zaman əlimi üzdüyüm rəflər
Yuxuda qapının zili çalındı,
Oyandım, hövlnak qapıya baxdım,
Qapını taybatay açdım gunəşə,
Dədəli günlərə nə çox darıxdım.
“Kitab rəfi” şeiri çoxqatlı məna daşıyan bir əsərdir və burada hər detal xüsusi simvolik yükə malikdir. Əsərin mərkəzində duran “kitab rəfi” obrazı sadəcə bir əşya deyil. O, yaddaşın, ailə tarixinin, mənəvi irsin daşıyıcısıdır. Şair bu obraz vasitəsilə keçmişin canlılığını və onun insan həyatındakı əvəzsiz rolunu göstərir. Dədə obrazı isə bu yaddaşın qoruyucusu kimi təqdim olunur və onun timsalında bir nəslin bütövlüyü, zəhməti və sevgisi ifadə edilir.
Şeirdə zamanın axını çox ustalıqla verilib. Uşaqlıqdan başlayan xatirələr tədricən itki və ayrılıq hissinə doğru inkişaf edir. Bu keçidlər çox təbii və sarsıdıcıdır. Şairin dili sadə olsa da, yaratdığı emosional yük çox güclüdür. “Kitabların rəqs etməsi”, “boynunu bükməsi” kimi obrazlı ifadələr cansız əşyaya ruh verərək onu canlı bir varlığa çevirir.
Əsərin sonrakı hissələrində dəyərlərin aşınması, cəmiyyətin dəyişməsi və mənəvi boşluq hissi də qabardılır. “Nadan əllər” və “küt hədəflər” kimi ifadələr bu dəyişimin tənqidi yanaşma ilə təqdimidir. Şair sanki keçmişlə bu gün arasında müqayisə aparır və oxucunu düşünməyə vadar edir.
Şeirin kulminasiya nöqtəsi isə dədənin yoxluğunun yaratdığı boşluqdur. Bu məqamda kitab rəfi yalnız xatirə deyil, həm də bir ağrıya çevrilir. Sonda isə nostalji hisslər zirvəyə çatır və oxucu dərin bir duyğu ilə baş-başa qalır.
“Qəmin şəkli”
“Qəmin şəkli” şeiri insan ruhunun ən həssas nöqtələrinə toxunan, sakit amma dərin təsir gücünə malik bir əsərdir. Bu şeir oxucunu düşündürür, onu öz daxili aləminə qaytarır və unudulmuş hissləri yenidən oyadır. Müəllif burada gözləmək hissini elə bir incəliklə təqdim edir ki, bu duyğu sanki oxucunun içində canlanır. Şeirin hər bəndində səbir, həsrət və ümid bir-birinə qarışaraq poetik bir bütövlük yaradır. Dilin sadəliyi və fikrin dərinliyi bu əsəri daha da təsirli edir. Oxucu bu şeiri oxuyarkən yalnız bir hekayə yox, bir ömür yaşayır. Müəllifin emosional yükü çox incə şəkildə ötürməsi onun ustalığının göstəricisidir. Bu şeir insanın gözləməklə necə dəyişdiyini, necə yetkinləşdiyini poetik dillə izah edir.
Adamın gedəni ola,
Gəldiyi günü gözləyə.
Məktublar gələ uzaqdan,
Gördüyü günü gözləyə.
Gözləyə gözlərindəki,
Qəmdən şəkil çəkə-çəkə.
Gözləyə dərdi cücərdib
Ürəyində əkə-əkə.
Uzaqlar ola uzaqlar,
Uzaqdan baxan, gəlməyən.
Bir dəfə üzünə həsrət,
Bir daha elə gülməyən.
Adamın gedəni ola,
Gəldiyi günü gözləyə.
Bağ-bağat sala dünyada,
Dərdiyi gülu gözləyə.
Gözləyə gözünü tutan
Tor aləmi bürüyüncə.
Gözləyə gözləyə onu,
Yaşayınca, həm ölüncə.
Adamın gedəni ola,
Çıxa qatarın yoluna.
Təyyarənin zolağına,
Sakitcə onu gözləyə.
Bu şeir gözləmə fenomeninin poetik təhlilidir. Burada gözləmək yalnız fiziki bir hal deyil, mənəvi bir vəziyyət kimi təqdim olunur. Şair gözləməyi həyatın ayrılmaz hissəsi kimi göstərir və bu hissin insan ruhuna necə təsir etdiyini açır.
Təkrar olunan misralar gözləməyin sonsuzluğunu və bitməzliyini simvolizə edir. “Qəmdən şəkil çəkmək” ifadəsi isə şeirin ən güclü metaforalarından biridir. Bu, insanın ağrını sənətə çevirməsinin göstəricisidir.
Şeirdə zaman anlayışı da maraqlı şəkildə təqdim olunur. Gözləmək zamanın ölçüsünü dəyişir. Saniyələr uzanır, illər isə bir an kimi keçir. Bu psixoloji vəziyyət çox real təsvir edilib.
Şair həm də ümidlə ümidsizlik arasında incə bir balans yaradır. Gözləyən insan nə tam ümidlidir, nə də tam ümidsiz. O, sadəcə gözləyir. Bu isə şeirin fəlsəfi dərinliyini artırır.
“Kamrana”
“Kamrana” şeiri ana sevgisinin ən saf, ən səmimi və ən təsirli ifadələrindən biridir. Bu əsər oxucunun qəlbinə birbaşa yol tapır və onu duyğuların ən dərin qatına aparır. Şeirdəki sevgi o qədər təmiz və doğmadır ki, insan onu oxuyarkən sanki bir ürəyin döyüntüsünü hiss edir. Müəllif ana hisslərini çox incə və təsirli şəkildə ifadə edir. Hər misrada bir nisgil, bir ümid, bir dua var. Şeirin dili sadə olsa da, emosional gücü çox böyükdür. Oxucu bu şeirdə yalnız bir ananın yox, bütün anaların hisslərini görür. Bu əsər sevginin və həsrətin poetik zirvələrindən biridir.
Qürbət gözlərində yuxu kimidir,
Diqqətlə üzünə baxa bilmirəm.
Telefon da küsür zəng etməyəndə,
Sənsiz ayı, günü yata bilmirəm.
Dünyada nə qədər sevgi var, oğlum,
Deyə bilmərəm ki, hamısın bildim.
Mən səni özümə ilk itən eşqim,
Həm oğlum, həm sevgim, həm ata bildim.
İtirdiyim hər kəs səndə gizlidir,
Gəlsən, bəlkə həsrət tez bitə, balam.
Küçələr sən boyda, sənin biçimdə,
Hər yan sən qoxuyur, bir yada salam.
Allah, bu həsrətin qanadını kəs,
Ya mən gedə bilim, ya onu gətir.
Bir ildə bir dəfə çıxarmadım səs,
Bir dəfə yazmadım şeir bir sətir.
Bu şeir ana-övlad münasibətinin psixoloji və emosional təhlilidir. Burada ana sevgisi yalnız sevgi kimi yox, həm də həsrət, qorxu və ümid kimi təqdim olunur.
“İlk itən eşqim” ifadəsi şeirin əsas ideyasını daşıyır. Bu, övladın ana üçün nə qədər böyük bir dəyər olduğunu göstərir. Şair övladını yalnız bir insan kimi deyil, bütün itkilərinin əvəzi kimi görür.
Şeirdə qürbət mövzusu da ön plandadır. Uzaqlıq fiziki məsafədən daha çox mənəvi boşluq kimi təqdim olunur. Telefonun “küsmesi” kimi obrazlar müasir həyatın da poetik təsviridir.
Son bənd isə şeirin emosional kulminasiyasıdır. Burada dua, ümidsizlik və sevgi birləşərək çox güclü təsir yaradır.
“Şəkil”
“Şəkil” şeiri zamanın keçiciliyini və insan ömrünün faniliyini çox təsirli şəkildə əks etdirən poetik nümunədir. Bu əsər oxucunu düşündürən, onu həyatın mahiyyəti haqqında suallar qarşısında qoyan dərin məzmunlu bir şeirdir. Müəllif burada şəkil vasitəsilə böyük fəlsəfi məna yaradır. Şeirin dili sadə və axıcıdır, amma verdiyi mesaj çox ağır və düşündürücüdür. Hər bənddə zamanın izləri, insan talelərinin kövrəkliyi hiss olunur. Oxucu bu şeirdə həyatın keçici olduğunu bir daha dərk edir. Müəllifin yaratdığı obrazlar çox canlı və təsirlidir. Bu şeir yaddaş və zaman mövzusunda yazılmış ən uğurlu poetik nümunələrdən biridir.
Gəlin şəkil çəkdirək,
Gözəl düşək şəkildə.
Qəm yağan gözlərimiz,
gülümsəsin şəkildən.
İllər ötüb gedəndə,
şəkillər yola düşür.
hər il ömür payımız,
bir şəkil ola, düşür.
Soluxan ömrümüzün,
Şəkillərmiş bəzəyi.
Evin dörd bir tərəfi,
şəkillərlə bəzənib.
Adam-Adam itirlər,
yanımızda duranlar.
Tələsirlər, gedirlər,
başqa şəkil olmağa.
Kim şəkildə qalır ki,
hamı qocalır gedir.
gedir bir soyuq daşda,
baxan şəkil olmağa.
“Şəkil” şeiri zaman və yaddaş anlayışlarının poetik təhlilidir. Burada şəkil yalnız görüntü deyil. O, keçmişin donmuş anıdır.
Şair insan həyatını şəkillərlə müqayisə edərək onun faniliyini göstərir. “Adam-Adam itirlər” ifadəsi həyatın acı reallığını çox sadə, amma təsirli şəkildə çatdırır.
Şeirdə zamanın axını sakit, amma qaçılmaz bir proses kimi təqdim olunur. İnsanlar dəyişir, qocalır və sonda bir şəkilə çevrilir.
Bu əsər oxucunu düşündürür və ona həyatın dəyərini xatırladır. Sadə dil, dərin məna, şairin ustalığının göstəricisidir.
Əzizim Aysel Fikrət!
Sən sözünlə qəlbləri isidən, duyğulara can verən, insanı öz iç dünyası ilə üz-üzə qoyan nadir qələm sahiblərindənsən. Bu əlamətdar yubiley günündə sənə möhkəm can sağlığı, uzun ömür, tükənməz ilham arzulayıram. Qələmin daim yazsın, sözün daim yaşasın!
Sənin yaradıcılığın daha böyük zirvələr fəth etsin, yeni kitabların işıq üzü görsün və hər biri oxucuların ruhuna işıq saçsın!
Ad günün, yubileyin mübarək, dəyərli dostum!
Hörmətlə: Vüsal Ağa
28 Mart 2026 / Sumqayıt






















