Şairə Kamalə ABIYEVA səmimiyyəti… “LİTERA”da görüş

Şairə Kamalə ABIYEVA səmimiyyəti… “LİTERA”da  görüş

Müəlliflər oxucularla hər görüşü səbrsizliklə gözləyirlər. Təkcə ona görə yox ki, görüşdə istidəyin qədər adam iştirak etsin.

Əsas məsələ ondan ibarətdir ki, şairi, kitab müəllifini tanıyırlar, əsərlərini oxuyurlar, onu dəyərləndirirlər, öz fikirlərini auditoriya qarşısında ifadə edirər. 14.03.2026-cı il tarixində “Litera” –book and coffee”də keçirilən ədəbi yığıncaqda bir daha bunun şahidi olduq.
Pedaqoji fəaliyyətlə yanaşı, nəğməkar şairə, publisist və ictimai fəal kimi tanınan Kamalə Abıyeva ilə görüşdə bu qənaətə gəldik.
Yaşının ahıl çağlarına qədəm qoymasına baxmayaraq, Kəmalə xanım Abıyevada olan tükənməz enerjiyə, həyata baxışına və sabaha inamına heyran qalmamaq mümkün deyil. Yaradıcı insanlarda Allahın ona bəxş etdiyi ilham, ilahi ruh olur. Əgər bu ruh yoxdursa, ələ qələm almaq mənasızdır.
“Litera”da keçirilən görüşdə şairənin təkcə bir kitabı haqqında yox, ümumi yaradıcılığı haqqında söhbət açıldı. Ədəbi yığıncağı təşkil edən “Zərif kölgələr” yaradıcı klubunun rəhbəri və yaradıcısı Aysel Nəsirzadə və klubun fəallarından Həmidə xanım, nəğməkar şairə Kəmalə Abıyevanı oxucuları ilə görüşdürməklə, ona böyük bir sevinc yaşatdılar.
Görüşün aparıcısı şairə Aysel xanım Fikrət tədbiri xoş sözlərlə açaraq, bütün iştirakçıları səmimiyyətlə salamladı, şairə K.Abıyeva haqqında ürək sözlərini məclis iştirakçılarına çatdırdı. Ümumən görüş iştirakçıları şairə K.Abıyeva haqqında xoş sözlər söylədilər və xüsusilə vurğuladılar ki, şairənin əsərlərinin mayası halal zəhmətdən yoğrulub, oxucunun qəlbinə yol tapır, müasir dövrün problemlərini önə çəkir, yüksək vətəndaşlıq ruhu aşılayır, insanları mənəvi paklığa və təmizliyə dəvət edir. Onun əsərlərində xeyrin şər üzərində qələbəsi görünür.
Görüşdə çıxış edənlər arasında şairə-publisist Aysel Əlizadə, şairə Aysel Xanlarqızı Nəsirli, yazıçı-publisist Bahəddin Həzi, qiraətçi Bəhiyyə Nağıyeva, yazıçı publisist Səadət Sultan, şairə Zeynəb Cəmaləddin qızı, oxucu Çiçək xanım, yazıçı Şahsənəm xanım və bir neçə oxucular iştirak edirdilər. Şairənin şeirlərindən parçalar xüsusi bir istəklə səsləndirildi. İştirakçılar Kamalə xanımın yazdığı şeirlərə bəstələnən mahnılar haqqında ağızdolusu söhbət açdılar.
Nəğməkar şairə onunla görüşə gələnlərə minnətdarlıq ifadə etdi və gələcək yaradıcılıq işlərindən danışdı. Müəllifi olduğu bir neçə kitabını imzalayıb, oxuculara təqdim etdi.
Sonda “Zərif kölgələr” yaradıcılıq klubunun rəhbəri Aysel Nəsirzadə qeyd etdi ki, “Litera” kitab məkanında keçirilən bu səpkidən olan ədəbi görüşlər ilk və son olmayacaq – belə silsilə görüşlər ədəbi yaradıcılıqla məşğul olan digər şair və yazıçılarla da keçiriləcək.
Görüş iştirakçıları ilə xatirə şəkli çəkildi.
Səadət Sultan
Yazıçı-publisist
Share: