Sahə həkimləri ixtisaslı həkim kimi tanınmalıdır!

Sahə həkimləri ixtisaslı həkim kimi tanınmalıdır!

Tanınmış qələm adamı, yazıçı, həkim Məlahət Hümmətqızı aktual bir məsələyə toxunub.
Müstəqil.Az haqqında bəh edilən yazını təqdim edir:

İcbari tibbi sığorta sisteminə keçiddən sonra səhiyyə müəssisələrində çalışan həkimlər arasında ciddi və izah olunmayan bir ayrı-seçkilik yaranıb.

İnternaturanı bitirmiş dar ixtisaslı həkimlər, xəstəxanalarda çalışan terapevtlər ixtisaslı həkim kimi tanındı və onlara bonus ödənişləri verilməyə başlandı. Halbuki eyni internaturanı bitirmiş, eyni diplomu olan, eyni hüquqi statusa malik olan poliklinikalarda çalışan sahə həkimləri, yəni indiki adla desək- ailə həkimləri bu sistemdən kənarda saxlanıldı.
Sual çox sadədir. Eyni ildə internaturanı bitirən həkimlərdən biri ixtisaslı sayılır, digəri niyə sayılmır? Sahə həkimi niyə ixtisaslı terapevt hesab olunmur? Bu fərqin elmi, hüquqi və ya peşəkar əsaslandırması varmı?
Hazırda sahə həkimləri nə yazdıqları talonlara görə, nə də yazdıqları analizlərə görə bonus almırlar.İxtisaslı həkim olmadıqlarına görə xəstəni xəstəxanaya öz adı ilə göndərə bilmir, şöbə müdirinin adından göndərirlər. Maaşları ixtisaslı terapevtlərlə müqayisədə daha aşağıdır. Bu isə sahə həkimlərinin həm maddi, həm də mənəvi baxımdan aşağılanmasına gətirib çıxarır. Halbuki sahə həkimi ərazini tanıyan, əhalini tanıyan, uzunmüddətli müşahidə aparan, xüsusilə də qeyri-qeydiyyatda olan, köçkün, qaçqın, Bakıya işləmək üçün gəlmiş qeydiyyatsız insanların ilk müraciət etdiyi həkimdir.
İcbari tibbi sığortanın ilkin mərhələsində bütün xəstələr əvvəlcə sahə həkiminə yönləndirilirdi. Sahə həkimi xəstəni qəbul edir, məsləhət olarsa dar ixtisaslı həkimə yönləndirirdi. Bu sistem sahə həkimlərinin üzərinə böyük yük saldı, uzun növbələr yarandı, xəstələr süründürməçilikdən narazı qaldılar. Nəticədə vətəndaşların bir hissəsi poliklinikalara müraciətdən imtina etdi. Daha sonra bu sistem dəyişdirildi və xəstələr birbaşa dar ixtisaslı həkimlərə müraciət etməyə başladılar. Bu, xəstələrin narazılığını azaltdı, amma sahə həkimlərini faktiki olaraq prosesdən kənarlaşdırdı.
Bu gün yaranmış vəziyyət daha ağırdır. Sahə həkimlərinə bonus verilmədiyi üçün onların gördüyü işlər faktiki olaraq şöbə müdirlərinin üzərinə düşür.Ərazidə qeydiyyatsız yaşayan, qonaq gələn xəstələrə analizləri şöbə müdirləri yazır, talonlar şöbə müdirlərinin adına açılır və bonusları da onlar alır. Sahə həkimlərinin otaqları boş qalır. Ərazi üzrə qeyri-qeydiyyatda yaşayan xəstələr sahə həkimlərinin nəzarətindən çıxır, təhkim olunmaya düşmür. Sahə həkimi öz ərazisində yaşayan real əhali haqqında məlumatlı olmur.
Eyni zamanda poliklinikalarda ciddi kadr axını baş verir. Sahə həkimləri poliklinikalarda qalmaq istəmirlər. Çünki dəyər verilmir, əməyə görə qarşılıq yoxdur, peşəkar status tanınmır. Həkimlər məcbur qalaraq xəstəxanalara üz tuturlar. Bu gün artıq bir çox poliklinikalarda terapiya şöbələrində sahə həkimi yerləri boşdur. Bu isə ilkin səhiyyə xidmətinin zəifləməsi deməkdir.
Halbuki problemin həlli mümkündür. Sahə həkimləri ixtisaslı terapevt kimi tanınmalıdır. Onların yazdığı talonlara və analizlərə görə bonus ödənişi tətbiq edilməlidir. Sahə həkiminin statusu və maaşı ixtisaslı həkimlərlə bərabərləşdirilməlidir. Əks halda poliklinika sistemi daha da boşalacaq, ilkin səhiyyə faktiki olaraq sıradan çıxacaq.
Bu yazım kimisə ittiham etmək üçün deyil. Bu, sistemin içində olan bir həkimin gördüyü reallığın ifadəsidir. Sahə həkiminə bu gün dəyər verilmirsə, sabah bunun bədəlini bütün cəmiyyət ödəyəcək.
Share: