“Sahilə düşəndə ürəyinin yarısını gəmidə unutmayanlara dənizçi demirlər”

“Sahilə düşəndə ürəyinin yarısını gəmidə unutmayanlara dənizçi demirlər”

Bu gün fırtınalara, dalğalara sinə gərənlərin, dünya boyda okeanlarla savaş meydanında sükanını möhkəm saxlayanların, dəniz qəhrəmanlarının günüdür. Hər səhər günəşin doğuşunu fərqli üfüqlərdə qarşılayan bu dənizçilərin həyatı təqvimlə deyil, fəsillərlə, səfərlərlə, gəmilərdə atan nəbzlə ölçülür.

Hər səfərə yola salınarkən arxalarıyca su atıb “Allaha əmanət ol” deyirlər əzizləri bir sonrakı görüşlərinə səbirsizlənərək. Aylarla ailəsindən uzaqda, dənizlərin, okeanların ortasında çalışan bu qəhrəmanlar isə yalnız peşəkar bacarıqları ilə deyil, həm də səbir, dözüm və cəsarətləri ilə seçilirlər. Onların həyatı küləklə, fırtına ilə, şahə qalxan dalğalarla, bəzən isə ümidsizliklə mübarizə içində keçir. Amma sonda mütləq cəsarətli dənizçilərin qalibiyyəti ilə sonlanır…

Ömrünün 40 ildən çoxunu istər ölkəmizdə,  istərsə də  onun hüdudlarından çox-çox uzaqlarda keçirən uzaq səfərlər kapitanı Nazim Həbibov da belə qəhrəman dənizçilərdəndir.

 

“İlk yol göstərənim, ilk sınaq yerim, ilk müəllimim Xəzər olub”

 

Bəzən uşaqlıqdan mavi dənizi, dalğaları təsəvvür edib bu peşəni seçirsən, bəzən də həyatın kompası özü səni ona aparır, dənizlər səni seçir… 1963-cü ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində doğulan Nazim Həbibov orta məktəbi doğma kəndində bitirib İdman Akademiyasına qəbul olunmaq üçün Bakıya üz tutur. O, dostu ilə birlikdə Dənizkənarı parkda gəzərkən uzaqdan əyinlərində dənizçi forması olan iki gəncin gəldiyini görür. Dənizçi forması gənc Nazimin  o qədər xoşuna gəlir ki, özünü saxlaya bilməyib onlara yaxınlaşır. Harada təhsil aldıqlarını, bu formanın hansı peşəyə aid olduğunu soruşur. Onlar isə bir qədər aralıda olan binanı göstərib “Dənizçilik məktəbində oxuyuruq. Çox yaxşı vaxtda rastlaşmışıq, bu məktəbə qəbul ayın 15-nə qədərdir” deyirlər. Bunu eşidən Nazim Həbibov anidən peşə qərarını dəyişir və tez sənədlərini götürüb Qafur Məmmədov  adına Bakı Dənizçilik  Məktəbinə təqdim edir və bura qəbul olur.

“Kəndə qayıtdım. Valideynlərim sorusdu ki, hara qəbul olmusan? Dənizçi olacağam deməyə çəkindim. Çünki, bizdə nə dəniz var idi, nə də dənizçi. Birtəhər cəsarətimi toplayıb düzünü dedim. Əvvəl tərəddüdlə qarşıladılar, çox təəccübləndilər. Sonra xeyir-dua verdilər. Tələbəlik illərində müəyyən çətinliklərlə üzləşdim. Kənddən gəlmişdim, dərslər rus dilində keçirilirdi. Amma tələbə yoldaşlarımızla bir-birimizə dəstək olduq, birimiz büdrəyəndə digərimiz kömək etdik, oxuduq, təyinat alıb işlədik”, – deyir Nazim kişi.

Nazim Həbibov dənizçilik məktəbini bitirdikdən sonra 1984-cü ilin fevralından 2006-cı ilədək Xəzər Dəniz Neft Donanması İdarəsində matros, 3-cü köməkçi, 2-ci köməkçi, 1-ci köməkçi və kapitan vəzifələrində işləyib. 2001-ci ildə Dəniz Akademiyasına qəbul olub. Bir müddət sonra təcrübələrini genişləndirmək üçün ölkə xaricinə çıxıb. “Yalnız Xəzərdə deyil, dünya sularında da özümü sınamaq istədim. Təhsil aldığım müddətdə bir müəllimimiz vardı. O deyirdi ki, kim ki, Bosfor, Cəbəllütariq boğazını keçmədi, ondan yaxşı kapitan olmaz. Bax, bu fikir həmişə məni təqib edirdi, əlbəttə ki, yaxşı mənada. Deyirlər ki, səmada uçan qartal heç vaxt öz yolundan dönmür, yalnız irəliyə, yüksəkliyə can atır. Bu mənada mən də gücümü sınamaq istədim. İlk səfərim üçün Türkiyəni seçdim. Qardaş ölkə möhtəşəmliyi, əsrarəngizliyi ilə məni məftun etdi. Orada doğmalıq, istilik hissini keçirdim. Sanki Vətəndə idim. Bir müddət sonra digər xarici ölkələrə üz tutdum. Bütün körfəz ölkələrində, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, İran, BƏƏ, Oman, Yəmən, Türkiyə, Bolqarıstan və Rumıniyada oldum. Amma hara getsəm də, Xəzər mənim üçün müqayisəolunmazdır. Ən azı ona görə ki, Xəzər vətəninin ərazisindədir. Vətən isə harada yaşayıb fəaliyyət göstərməyindən asılı olmayaraq, heç nə ilə müqayisə olunmaz. Sularda üzməyin ilk təcrübəsini Xəzərdə qazanmışam. O, ilk yol göstərənim, ilk sınaq yerim, ilk müəllimim olub” – deyir müsahibimiz.

“Ürəyimiz Vətənlə döyünürdü”

Nazim Həbibov 20 ilə yaxındır ki, BƏƏ-nin ADNOC şirkətində çalışır. Gəmi kapitanı deyir ki, dənizdə, xüsusən ölkə hüdudlarından kənarda işləməyin çətin tərəfləri çoxdur: “Gəmidə multikultural mühit var. Heyətimizdə Pakistan, Əfqanıstan, Filippin, Rusiya, Banqladeş və digər ölkələrdən olan dənizçilər çalışırlar. Müxtəlif dil, din, irqdən olan insanlarla uzun müddət bir yerdə çalışmaq, yaşamaq, necə deyərlər dil tapmaq olduqca çətindir. Müqavilə əsasında 60 gün işdə, bir ay evdə olmalı olsam da, çox zaman 3 ay gəmidə, 45 gün Vətəndə oluram. 12 saatlıq iş günündə 6 saatdan bir dincəlirik. Boş vaxtlarımızda şahmat, kompüter oyunları oynayır, kitab oxuyur, idman zalında məşq edirik. Uzun illərdir dünya mətbəxi ilə tanışam, müxtəlif xalqların təamlarını dadmışam. Əminliklə deyə bilərəm ki, heç bir ölkənin mətbəxi Azərbaycan mətbəxi ilə müqayisəyə belə gəlməz. Düzdür, gəmidə istəyimizə uyğun xörəklər hazırlanır. Amma ki, nə dad o dad deyil, nə də ki, qoxu o qoxu”.

Elə bir dənizçi yoxdur ki, onun həyatında maraqlı, kədərli, gözlənilməz hadisələr baş verməsin. Gəmi kapitanının sözlərinə görə isə koronavirus pandemiyası onlar üçün də çox gözlənilməz olub. Belə ki, gəmi heyəti düz bir il torpağa ayaq basmayıb, yalnız xəstələnənlər quruya çıxıb müalicə alaraq geriyə qayıdıblar.

“Təxminən 40 illik dənizçilik həyatımda unutmadığım, hər dəfə xatırlayanda ürəyimin riqqətə gəldiyi, sinəmin qabardığı anlar 44 günlük müharibədə Zəfər zamanı olub. Həmin vaxt BƏƏ-dəki gəmilərin birində idim. Eşidəndə haqq savaşımız başlayıb gəmidə elə bir azərbaycanlı yox idi ki, sevinməsin, həyəcanlanmasın, ürəyi Vətənlə döyünməsin. Hər şəhərimizin, kəndimizin azadlığa qovuşması xəbəri ilə sanki göylərə uçurduq. Nə qədər sevinirdiksə, bir o qədər də şəhidlərimizə üzülürdük. Bu şərəfli zəfəri bizə bəxş etdiklərinə görə onlara rəhmət diləyirik. O dövrdə Vətəndən cismən uzaqda olsaq da, qəlbimiz, ruhumuz burada idi. Şirkətdəki həmvətənlərimizlə birlikdə əlimizdən gələn dəstəyi göstərdik, dənizçilik qurumumuzdan da bizə dəstək oldular. Qələbə sevincimiz, birliyimiz başqa xalqlardan olan dənizçilərdə heyrətə səbəb olurdu. Bu, onlara qeyri-adi gəlirdi. Yeri gəlmişkən onu da deyim ki, hazırda gəmi heyətində yeganə azərbaycanlı mən olsam da, qürurla deyə bilərəm ki, həm bizim şirkətdə, həm də digər şirkətlərdə çox savadlı, təcrübəli həmvətənlərimiz çalışır. Onlar haqqında xoş sözlər eşitdikcə insanın ürəyi qürurlanır”, – deyir Nazim Həbibov.

 

Yer üzündə özümü ən rahat hiss etdiyim yer dənizdir, gəmidir”

Hər bir peşənin çətinlikləri olur. Amma dənizçilikdə bu sanki daha çoxdur. “Vətənindən, ailəndən, əzizlərindən, xeyir-şərdən uzaq olursan. Qayıdıb gələndə görürsən ki, nəvələrin, uşaqların böyüyüb. Onların necə böyüdüklərini görmürsən, ilk addımlarının, ilk sözlərinin şahidi olmursan. Dənizçilik nə qədər çətindirsə, dənizçinin xanımı olmaq, məncə, ondan da çətindir. Dənizçi övladlarını, yeri gələndə valideynlərini, bacı-qardaşını belə xanımına əmanət edib gedir dənizə. Mən o şanslı insanlardanam ki, heç vaxt gözüm arxada qalmayıb. Yoldaşım Şəfiqə xanımla yeddinci sinifdən bir partada oturmuşuq. Uzun illər evlənmək üçün onun ürəyini tovlamağa çalışdım, nəhayət ki, yola gətirdim (gülür). Seçimimin doğru olduğundan hər zaman əmin olmuşam. Buna görə xanımıma minnətdaram. O, mənim Vətəndəki gözüm, qulağımdır”, – deyir Həbib bəy.

Üç övladı, dörd nəvəsi olan gəmi kapitanının sözlərinə görə, bir tərəfdən övladlarının, nəvələrinin yolunu davam etdirməklərini istəsə də, digər tərəfdən bu peşənin çətinliklərinə görə buna ürəyi razı olmayıb: “Amma özləri istəsələr, mane olmayacağam, yol göstərəcəyəm. Dənizçilik insandan həm də psixoloji güc tələb edir. Karyeram boyunca iki dəfə çıxılmaz vəziyyətə düşmüşəm. İllər öncə qardaşım Gəncədən gələndə mikroavtobusda yol qəzasına düşmüşdü. Mən o zaman dənizdə idim. Bu xəbəri eşidəndə çox sarsıldım, ancaq işimlə bağlı vəziyyət elə idi ki, gəlib ağır yaralı qardaşıma baş çəkə bilməmişdim. Koronavirus zamanı isə atam rəhmətə getdi. Həmin vaxt da yalnız 40 mərasimindən sonra ölkəyə gələ bildim.

Tam mübaliğəsiz deyirəm ki, bütün çətinliklərinə baxmayaraq, mən bir də peşə seçimi qarşısında qalsaydım, tərəddüd etmədən yenə dənizçiliyi seçərdim. Yer üzündə özümü ən rahat hiss etdiyim yer dənizdir, gəmidir. Hara getsəm də, sanki bir parçam həmişə burada qalır. Elə ona görə də sahilə düşəndə ürəyinin yarısını gəmidə unutmayana dənizçi demirlər”, – deyir uzun illərini bu peşəyə həsr etmiş kapitan.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

 

Share: