Sağlam gülüşlərin sehri… – Şərafəddin İlkin yazır

Sağlam gülüşlərin sehri… – Şərafəddin İlkin yazır

İnsanın üzündəki ən gözəl bəzək nə zinət əşyası, nə də bahalı geyimdir. Əsl bəzək — təbii, işıqlı gülüşdür. Bu gülüş isə təkcə sevincin deyil, həm də sağlamlığın göstəricisidir. Bəzən onu qorumaq, bəzən də yenidən bəxş etmək üçün böyük zəhmət, bilik və sevgi gərəkdir.

Məhz belə bir missiyanı öz həyat yoluna çevirmiş həkimlərdən biri də Bakı şəhəri 6 saylı poliklinikanın təcrübəli stomatoloqu, sevilən həkim İlham Nəbiyevdir.
Onun kabinetinə daxil olan hər kəs ilk andan sanki bir başqa aləmə düşür: burda qorxu yox, güvən var; ağrı yox, rahatlıq var. Pasiyentlərinin dilindən eşidilən ən böyük minnətdarlıq isə elə budur: “Həkimin yanında biz ağrını deyil, rahatlığı hiss edirik.”
İlham həkim üçün dişlər sadəcə tibbi baxımdan müalicə obyekti deyil. O, hər bir pasiyentinə gülüşünü, özünə inamını, hətta həyat eşqini geri qaytarır. Onun iş masasında yalnız tibbi alətlər deyil, həm də insan sevgisi var. Müalicə prosesində göstərdiyi qayğı pasiyentlərin yaddaşında silinməz iz buraxır.
İ. Nəbiyevinn qiymətli xüsusiyyətlərindən biri isə maarifləndirici yanaşmasıdır. O müalicəni bitirməklə öz işini tamamlamış hesab etmir. Hər bir xəstəsinə gündəlik qaydalardan danışır, dişlərin sağlam qalması üçün sadə, amma mühüm məsləhətlər verir.
Bu gün yüzlərlə insan sağlam gülüşünü məhz İlham Nəbiyevin əllərinin sehri, ürəyinin istiliyi və peşəsinə olan sevgisi sayəsində qoruyub saxlayır. Onun müalicə kreslosundan qalxan hər kəs yalnız sağlam dişlərlə deyil, həm də yeni bir inamla evinə dönür.
Belə həkimlər cəmiyyətimizin qürurudur. Onların əməyini tanımaq, dəyərləndirmək hər birimizin borcudur. Çünki sağlam gülüşlər bəxş edən həkimlər həyatımıza işıq qatır, insan ömrünə ümid, sevinc və gözəllik əlavə edir.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Rəsul Rza mükafatı” laureatı.

Share: